19 İyul 2017 21:12
3 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun "Bir mahnının tarixçəsi" verilişinin hər bölümü bir elmi işdir... Sabah düşmən ağzını yumacaq faktları, tarixi üzə çıxarıb... Amma ki…

Bəstəkar və prodüser, əslində isə qanunlara tabe olmağa çətinlik çəkən azad rəssamdır, deyirlər. Amma şoubiznesdə işləmək üçünsə bəzi yazılmamış qanunlara tabe olmaq mütləqdir. Variant yoxdur. Teleqraf.com-un qonağı bəstəkar, prodüser, teleaparıcı və ifaçı Murad Arifdir.

Həmişə o, insanları təqdim edir. Həmişə o, insanlara suallar verir. Bu dəfə isə biz onu tam fərqli rakursdan sizə təqdim edirik. Bu dəfə o bizim suallarımızı cavablandırır.

- Teleaparıcı, şoumen, bəstəkar, müğənni, prodüser... Bunlardan ən həvəslə işlədiyiniz və ən gəlirlisi hansıdır?
- Bu gün bütün enerji, güc, həvəs, maraq və maliyyəm ifaçılığa yönəlib. Könlünü, canını qoysan, hər sahə gəlirlidir. Bu mənada məşğul olduğum hər üç sahədə uğurlu sayılıram.

- Əsas peşələrinizdən əlavə məşğul olduğunuz hobbilər varmı?
- İxtisasca beynəlxalq iqtisadçıyam. Hobbim isə musiqi idi... Ömrüm boyu yalnız musiqi ilə məşğul oldum. Başqa hobbiyə ehtiyac duymadım.

- İdeya və notlar harda və necə gəlir?
- Bilmirəm... bunu tənzimləmək olmur… Hazırlaşmaq olmur buna...

- Reallaşdıra bilmədiyiniz idealarınız var?
- Solo konsert.

- Hansı dünyaşöhrətli müğənni ilə işbirliyi arzusundasınız?
- Müasirlərdən Daft Pank, Kelvin Harris, Mark Ronson, Major Lazer, Bruno Mars çox maraqlıdır.

- Eşitdiyimizə görə, bu yaxında Peterburqa uçarkən, ora 12 saata çata bilmisiz və bunu it nəfsinə gəlməyinizlə əlaqələndirmisiz. İt nəfsinə tez-tez gəlirsiz?
- İt nəfsinə də gəlirəm, işimin üstündə pişik də asqırır... Çətinlik olanda dualar oxumaq lazımdır...

- Uğur qazanmaq üçün şans vacibdir, yoxsa bacarıq?
- Mən şansa inanmıram. Uğurun 80%-i zəhmət, 20%-i bacarıqdır.

- İstedad əsasdır, yoxsa ali təhsil?
- İstedad!

- Necə insanlardan xoşunuz gəlmir?
- Küt, cahil, xain, paxıl, qeyri-dəqiq, göylərdə uçan, məsuliyyətsiz, torbatikən, qurdlu, tənbəl, naşükür, qəddar, mərhəmətsiz, şəfqətsiz... Daha kim qaldı? (gülür)
Mən, ümumiyyətlə, insanlığa böyük sevgi bəsləmirəm. Məsələn, flora və fauna aləminə simpatiyam daha çoxdur.

- Xasiyyətinizin 5 əsas faktorunu sayın.
- Tünd xasiyyətli, qaraqabaq deyiləm, sadəcə, səhnədəki deyib-gülən oğlan həyatda daha ciddi adamdır. Özümdə bəyənmədiyim cəhət səbirsizlikdir... Qısa desək, tək qalmağı sevən, hər anına şükür edən, minnətdar olmağı bacaran, ailəsinə bağlı və işində məsuliyyətli... Az qala idealam… (gülür)

- Bizim tanımadığımız Murad Arif hansı hərəkətilə bizi təəccübləndirə bilər?
- 30 kilo arıqladım. Daha fit ola bilərəm... Düşüncələrimlə, açıqlamalarımla, paylaşımlarımla az təəccübləndirmədim... Məşhur aparıcı olaraq yazmağa, oxumağa başlamağım, oxuyan olaraq tələbat qazanmağım da təəccüb doğurdu... Mən buna məqsəd kimi baxmadım. Vaxt gələr, yenə təəccübləndirərik.

- Şoubiznes əhli arasında səmimi dostunuz var?
- Yox. Mənim həyatda da yaxın olduğum dostum yox kimidir...

- Bəs saxta gülüşlərlə yola verdiyiniz dırnaqarası dostlar varmı ətrafınızda?
- Çoxdur.

- Sizi inandırmaq asandır?
-Yox.

- Gündəmi bürüyən əsas mövzuları müzakirə etməkdən çəkinmirsiz?
- Qətiyyən! Bu, təbii haldır. Bu cəmiyyətdə uşaq böyüdürəmsə, gündəmə etinasız qala bilmərəm.

- Xeyirxahsız?
- Bilmirəm.

- Tez-tez müsahibələr verirsiz. Ən çox sevmədiyiniz sual hansıdır?
- Bu sual: "Həm aparıcı, həm bəstəkar, həm də müğənnisiniz. Hansı sizə daha yaxındır?"

- 10 il əvvəlki Murad Ariflə indiki Murad Arif arasında hansı fərqlər var?
- Evləndim, ata oldum, bəstəkar oldum, müğənni oldum, 30 kq arıqladım... Fərqlər az deyil məncə… (gülür)

- Siyasətlə maraqlanırsız?
- Feysbuk statuslarından...

- Özünüzü gənc hesab edirsiz?
- Təbii ki, gəncəm.

- Gənclik cismani anlamdır, ya ruhi?
- Gənclik həm ruhla, həm də fiziki potensialla əlaqədar şeydir.

- Azərbaycan gəncliyinin gələcəyini necə görürsüz?
- Gəncliyimizin gələcəyi uzun mövzudur. Qısaca onu deyim ki, kitablardan, təhsildən uzaqlaşdıqca gələcəyimizə ümid də azalır...

- Hansı tanıdığınız jurnalistə ev verilsə, sevinərsiz?
- Könül Arifqızı... 10 ildir Azərbaycan mahnılarını əsl jurnalist olaraq araşdırır, tarixini, yaranmasını sənədli şəkildə tarixə həkk edir... Onun "Bir mahnının tarixçəsi" verilişinin hər bölümü bir elmi işdir... Sabah düşmən ağzını yumacaq faktları, tarixi üzə çıxarıb... Amma ki…


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər