Teleqraf.com “Məşhur məktublar” layihəsində dünyaşöhrətli alman bəstəkarı və piano ustası Lüdviq Van Bethovenin sevgilisinə yazdığı məktubu təqdim edir:
Hətta yataqda da fikrim-zikrim ancaq sənsən. Mənim ölməz sevgim! Fikirləşəndə ki, taleh bizə nə oyunlar hazırlayır, mən gah sevinir, gah kədərlənirəm. Mən ya ancaq səninlə yaşaya bilərəm... Ya da yaşamaram!
Hə... Mən qərar verdim ki, sənin qucağına atılıb səni tamamilə özümünkü hiss etməyi və bundan həzz almağı bacarana qədər səndən uzaq qaçacağam. Belə də olmalıdır. Sən buna razı olacaqsan. Mənim sədaqətimə şübhən yoxdur, elə deyilmi? Heç vaxt başqa biri mənim qəlbimə hakim ola bilməyəcək. Heç vaxt! Heç vaxt... Aman Allah, sevdiyin birindən ayrılmaq nəyə gərək?
Mənim indi yaşadığım həyat çox ağırdır. Sənin sevgin məni eyni vaxtda həm xoşbəxt, həm də bədbəxt edir. Artıq elə bir yaşdayam ki, indi mənim həyatım stabil və bir ahəngdə getməlidir. Bizim münasibətlərimizin bu cür vəziyyətində bu mümkündürmü? Mələyim mənim...
Bu dəqiqə öyrəndim ki, poçtalyon getməlidir. Mən sözümü bitirməliyəm ki, sən tezliklə bu məktubu alasan. Sakit ol... Məni həmişə sev!
Səni görmək həvəsim necə də ehtiras doludur. Sən mənim həyatım, mənim hər şeyimsən. Əlvida... Məni əvvəlki kimi sev! Səni bu qədər sevənin sədaqətindən heç vaxt şübhən olmasın!
Ömürlük sənin Bethovenin.