29 İyul 2017 20:14
7 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının "Söz bağlayıcı" layihəsinin növbəti qonağı gənc şair Emin Piridir. Onunla müsahibəni təqdim edirik:

- Yadplanetlilərə inanırsanmı?

- İnanıram. Amma NASA-nın söylədiyi kimi deyil. Bəzi irqlər və millətlər sonradan qalaktikanı tərk etmiş planetdən gəliblər. Müəyyən uyğunluq insanların qarışmasına və əriməsinə səbəb olub. Misalçün, hindlilər, çinlilər, yaponlar, Afrikanın əksər xalqları yer kürəsi mənşəlidir. Türklər, ərəblər, yəhudilər və.s bizim planetin yerli sakinləri deyil. Gələnəksəl bəzi inanclarda xalqların şüuraltında o planetin özləmi var. Bəzi dini ayinlərə baxsaq, bunun şahidi ola bilərik. Bu xalqlar Yer kürəsində təkamül prosesi demək olar ki, keçməyib. Qalaktikamızda baş verən təbii proseslər gəldiyimiz vətən-planetin öz oxunu dəyişərək başqa qalaktikaya köç etməsi əlaqələrimizi tam kəsib. Burda isə sivilizasiya zəif olduğundan, düşüncə və. s baxımdan ya unudulub, ya da texnologiya imkan verməyib. Amma yer kürəsini bu xalqların koloniyası və ya müstəmləkəsi adlandıra bilərik.

- Milliyətçiliyə münasibətin necədir?

- Bu gün baxsaq, bütün inkişaf etmiş ölkələr bu mərhələni keçib. Onlarçün liberalizm artıq təhlükə deyil. Oturuşmuş milli elitaları var. Amma inkişaf etməkdə olan ölkələrdə milli düşüncə həmin ölkələr üçün təhlükədi. Ona görə də buna mane olurlar. Və bunu inkişafa mane olan meyl, köhnəlik kimi qiymətləndirirlər.

- Səncə, insan necə yaranıb?

- Enerjinin başqa bir hala keçməsi ilə. Bir növ Tanrının özündən yaranıb. Adəm və Həvva tək olmayıb. Adəmin digər sevgililəri də olub. Həvva Adəmin sevdiyi qadın yox, məcburiyyəti olub. Sadəcə sevdiyi qadın Adəmlə yaşamağa razı olmadığından Adəm Həvvayla yaşamaq məcburiyyətində qalıb.

- Sən sevdiyin qadınla yaşamağı seçərsən, yoxsa ailə qurmağı?

- Hər ikisinin birində olmağını istərdim.

- Niyə boşanmış qadınlara münasibət pis olur?

- Seks aclığı olduğundan cəmiyyət öz aclığını doydurmaqçün belə münasibətlər yaradıb.

- Başına gələn ən qorxulu hadisə nə olub?

- Bir dəfə magistraturada oxuyanda ticarət mərkəzində obyekt götürmüşdüm, kişi paltarları satırdım. Tələbəlikdə sevdiyim qız mağazaya gəldi, dedi həyat yoldaşıma köynək alacam, elə sən geyin baxım. Geyindim, baxdı, aldı. Elə pis oldum ki… Həmin gün mağazanı bağlayıb ticarəti atdım. Amma doğulmağımı başıma gələn ən qorxulu hadisə sayardım.

- Razısanmı, yekə-yekə xanlıqlar devriləndən sonra qadına xanım deyilir?

- Əksinə, qədim türklərdə qadına ən böyük dəyər verildiyindən xanım sözü olub. Qadın xana, rəhbərə bərabər tutulub. O ki, qaldı xanlıqlara, xanlıqlar dövrünü Azərbaycan tarixinin ən şərəfsiz dövrü saya bilərik.

- Niyə kişilərin xəyanəti bağışlanır, qadınların yox?

- Əslində heç kimin xəyanəti bağışlanmır. Qadınlar qisas vaxtını gözləyir. Sənin xəyanətini görübsə, əvvəl-axır hansısa yolla əvəzini çıxacaq. Önəmli olan üzünə-gözünə bulaşdırmamaqdı. “Min bir gecə” nağıllarındakı girişi oxusaq, qadının nəyə qadir olduğunun və onunçün heç bir maneə olmadığının tam şahidi ola bilərik.

- Qadınsız dünyada yaşamağı necə təsəvvür edirsən?

- Açığı, bunu nəinki düşünürəm, təsəvvür belə etmirəm. Bir kişi üçün ən anlamsız həyat olardı. Ta niyə yaşayırıq? Nə qədər etiraf etməsək də və ya etməsəm də, qadınsız dünyada bütün şeirlərimi yandırardım. Mən qadınlarçün yaşayıram həm də.

- Sevdiyin qadın üçün ən qeyri-adi evlənmə təklifin nə olardı?

- Etmişəm. Tələbə olanda Sabunçu dairəsini bağlayıb sevirəm demişdim. Onda ayıldım ki, yolu bağladığıma görə polis bölməsindəyəm. Amma indi məncə, ya qocalıqdan, ya da ağıllanmaqdan sadəcə, pıçıldayıram. Heç bir qız daha inanmır. Elə bilirlər zarafat edirəm.

- Subaylığı sevirsən?

- İndiki durumda, bəli. Hələki sevgidən doymamışam.

- Ailə qurmaq sevginin sonudur?

- Böyük sevgiləri məncə, məişət formatına gətirməyəsən.

- Yəni, çoxumuz məişət sevgiləri yaşayırıq?

- Başqaları haqqında danışa bilmərəm. Amma söhbət sırf bizim cəmiyyətdən gedirsə, böyük çoxluq belədir deyərdim. Çünki bizdə sevməyi elə ailə qurmaq kimi görürlər. Halbuki sevgi ailədən də ötəyə keçməlidi və yaşamalı, duymalısan. Elə olmadığından ailə məişət formasına düşən kimi sevginin də fatihəsi oxunur.

- Ölüyə fatihə düşürmü?

- Dini cəhətdən o qədər savadlı olduğumu sanmıram. Amma bir şəxs öldükdən sonra canfəşanlığı anlamıram. Sağlığında zülm çəkdirib öləndən sonra hörmətə mindirmək də elə hörmətsizlikdi.

- Deyirlər, dünyanın elə bir yeri var ki, bütün səslər həmin yerə yığılır. İllər sonra ora getsən, illər qabaqkı səsləri eşidə bilərsən. Əlində belə fürsət olsa, nəyi eşitmək istəyərsən?

- Keçmişlə yaşayan insan deyiləm. Ona görə sırf gələcəyi dinləmək istərdim.


Müəllif: Emin Akif

Oxşar xəbərlər