Teleqraf.com Ofeliya Novruzqızı ilə müsahibəni təqdim edir:
- Özünüzü necə təqdim edərdiniz?
- Aktrisa Ofeliya Novruzqızı, Pantomima Teatrının keçmiş aktrisası. Bunlar kifayətdi...
- Aktrisa kimi ilk rolunuz?
- İlk dəfə Pantomima Teatrında ”Uçuş” adlı tamaşada Durna rolunu oynamışam. O vaxt Asəf Zeynallı adına musiqi məktəbində fortepiano şöbəsində oxuyurdum. Paralel olaraq İncəsənət Universitetinin tələbələrinin kurs işləri üçün çalışırdım. Cəfər Cabbarlının sözlərinə musiqilər yazmağa başlamışdım.
Biz kurs işini Yuğ Teatrında təhvil verdik. Tamaşadan sonra bir əfqan rejissor mənə yaxınlaşdı, koordinatlarımı istədi. Heç ağlıma gəlməzdi ki, tamaşa bu qədər bəyənilər. Teatrın yaradıcısı Bəxtiyar Xanızadə mənə təklif etdi ki, teatrda qalıb işləyim. Təklifi məmnuniyyətlə qəbul etdim.
Əslində ixtisasca musiqi müəlliməsi idim. Lakin 2003-cü ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul oldum.
- Bəs bəstəkarlığı davam etdirmədiniz?
- Bəstəkarlığın dalınca getmədim... Aktrisalıq qədər maraqlı deyildi.
- Teatrda oynamaq maraqlıdır, yoxsa kinoya çəkilmək?
- Teatrda canlı ünsiyyət var deyə daha maraqlıdır. Teatrda hər adamın reaksiyasını görürsən. Sənə olan münasibəti başa düşürsən. Bəxtiyar Xanızadə mənim ustadım oldu. Ondan çox şey öyrəndim. Bu gün Ofeliya Novruzqızı kimi tanınmağımda onun əvəzsiz rolu var. Mənə aktyor plastikasını, danışmağı, hətta necə yeriməyi də o öyrətdi.
Əvvəllər çoxu deyirdi ki, Pantomima Teatrının aktyorları danışa bilmir. Bunun əksini mən sübut etdim. 1998-ci ildən dublyajla məşğulam.
- Tamaşa və ya çəkiliş vaxtı qarşılaşdığınız hansısa çətin situasiya olubmu?
- O qədər... Çox sevdiyim bir tamaşa vardı. Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri. Orda mən Baharı oynayırdım. Vodevil tamaşa idi, musiqi orda çox önəmli idi. Əsərin özü qadın və kişi probleminə aiddi. Teatra gələn ilk gündən ta çıxana qədər bu tamaşada oynadım.
Bahar obrazını mənə qədər iki aktrisa da oynamışdı. Amma o obrazı sanki mən yenidən yaratdım. Mənim doğma balam oldu. Ümumiyyətlə o qədər doğulmayan balalarım var içimdə...
Nə isə, bir gün mən 40 dərəcə qızdırmadan yana-yana işə gəldim. Sol qolum tutulmuşdu. Qızdırma və əsəbdən damarlarım yığılmışdı. Tamaşa 4 nəfərdən ibarətdi. Elman Rəfiyev, Qurban Məsimov, Pərviz Məmmədrzayev və mənim oynadığımız kəndli qadın. Orda belə bir epizod vardı. Şeytanla mələk qadın və kişini kukla kimi səhnəyə gətirir... Uzaqdan baxanda elə bilirsən ki, səhnəyə həqiqətən kukla gətirib qoyurlar.
O tamaşada mən qaçan pozda olmalıydım. Nə az, nə çox, düz 15 dəqiqə o pozda dayanmalıydım. Qolumun ağrısından və qızdırmadan da ölürdüm... Tamaşaçının isə vecinə deyil ki, sən nə vəziyyətdəsən. Çətinliyə baxmayaraq, bunun da öhdəsindən gəldim.
- Elə bil rol varmı ürəyinizdə arzu kimi qalsın?
- Teatra qayıtmaq ürəyimdə qalmış ən böyük arzumdur. Konkret rol demirəm, ümumiyyətlə, teatr mənim ürəyimdə qalıb. Təklif olunsa ki, filan tamaşa var, gəl oyna, uça-uça gedərəm. O səhnənin tozunu yenidən udmaq istəyirəm. Səhnəyə çıxmaq istəyirəm. İstəyirəm, ordan baxım camaata... Deyim, mən burdayam.
Amma təəssüf... Teatrdan gedəndən sonra çox adamın yadından çıxmışam. Məni tamaşalara, filmlərə dəvət etməyənləri qınamıram. Çünki heç bir teatrda işləmədiyim üçün təklif də gəlmir.
- Diqqət cəlb eləyən bir baş rol təklifi gözləyirsiniz, eləmi?
- İnanıram ki, bir gün belə bir təklif olacaq. Yaxın gələcəyə ümidim böyükdür. Amma yenə də ssenariyə baxacam, rolu özümdə, özümü onda tapmalıyam. Baş rol şərt deyil. Elə epizodik rol oynayaram ki, baş rol onun yanında kölgədə qalar.
- Teatrla bağlı ən maraqlı xatirələrinizdən danışın...
- Əməkdar artist Pərviz Məmmədrzayevlə birgə tamaşada oynayanda orda belə bir səhnə vardı. Stolun üstündə butaforlar qoyulurdu, süni meyvələr... Pərviz də hərdən bazardan həqiqi meyvə alıb gətirib düzürdü o butaforların içinə. Günlərin bir günü tamaşa gedəndə gördük, Pərviz süni almanı götürdü, dişlədi. Mən ona, o mənə baxa-baxa qaldıq. Gülə də bilmirdik. İndiyə kimi Pərvizlə görüşəndə həmişə o günü yadımıza salırıq.
Çətin anlar, yaddaqalan hadisələr çox olub. Ümumiyyətlə, teatrda elə məqamlar olur ki, aktyorlar öz aralarında danışa bilirlər. Amma onu tamaşaçı görmür. Bizdə o cür hadisələr ən çox elə Pərviz danışanda baş verirdi. Amma bilirdik ki, tamaşaçını yaddan çıxarmaq olmaz. Şüşə baxışlarla oynasan, heç nə alınmaz.
- Özünüzü bu sənətdə tapmısınız, eləmi?
- Tapdım, amma teatrdan vaxtsız getdim. Ona görə də tamamlanmadım. Yenidən səhnəyə çıxmağı, hansısa bir rolu yaratmağı o qədər arzulayıram ki...
Mən bir az emosional insanam. Hər şeyə reaksiya verirəm. Hərdən həyatımda elə məqamlar olurdu, peşmançılıq çəkirdim ki, niyə mən bu sənətə gəldim?! Bu sahədə o qədər haqsızlıqlar var ki... Mənim əslimdə ən böyük arzum ya tibb bacısı, ya da qanun keşikçisi olmaq idi. Amma xəmirim uşaqlıqdan incəsənətlə yoğruldu. Haqqımı qorumağı isə hər zaman bacardım. Həmişə öz ayaqlarım üstdə dimdik durdum.
- Karyera şəxsi həyatınıza qarşıdır, yoxsa?..
- Mənim şəxsi həyatımla karyeram arasında daim bir bağ olub. Əvvəllər deyirdim ki, ailəmə görə karyeramı ataram. Amma indi yox! Düşünürəm ki, istəyən, sevən adam məni bu sənətlə birgə sevər.
- Ailəli olub ayrılmısınız. Səbəb karyera olub?
- Buna özüm qərar verdim. O insanla ailə qurub ölkədən getməyi mən seçdim. Ailəmə görə sənəti atıb getməyə razı oldum. Hərdən deyirdilər ki, mən xaricdə yaşamaq üçün getdim. Qətiyyən elə deyildi. Sadəcə, o insanın dalınca getdim. O, burda yox, Almaniyada yaşayırdı. Hər şeydən imtina etdim. O vaxt mənim uğurlarım zirvəyə doğru gedirdi. Bunu görmürdüm, gözüm bağlanmışdı.
- Getməyiniz nəyi dəyişdi?
- Getməsəydim, hər şey daha yaxşı olardı. Mən ailə quranda Pantomima Teatrından getdim. Qayıdanda heç nə əvvəlki kimi olmadı. Bunun teatrla əlaqəsi yox idi, hər şey mənim depressiya keçirməyimlə, stressimlə bağlı idi. Nə isə, oldu keçdi. Bu haqda danışmaq istəmirəm.
- Dediniz ki, həmişə özümü qorumağı, ayaq üstdə durmağı bacarmışam. Daimi gəlir yeriniz varmı?
- Artıq 4-5 ildir AzTV ilə əməkdaşlıq edirəm. Dublyaj redaksiyasında işləyirəm. Başqa tele-kanallarla da əməkdaşlıq edirəm. Bir ara “Lider”də “Fotoşok” adlı layihədə çalışırdım. Teatrdan çıxmışdım deyə, sanki sənət aclığı keçirirdim. Verilişin mətnlərinə öz hisslərimi də əlavə edirdim. Mətnləri gətirib verəndə deyirdim ki, olarmı bunu elə yox, belə deyim? Deyirdilər, əlbəttə, olar... İndi də düşünürəm ki, improvizə sənətdə qaçılmazdı.
Məni səsimdən tanıyırdılar. Heç yadımdan çıxmaz. Müğənni Günel Ələkbərova aparıcı Zabir Əliyevlə Lider TV-nin həyətində dayanmışdı. Harasa səfərə gedirdilər. Yaxınlaşıb salamlaşanda Günel məni göstərib Zabirdən soruşdu ki, bu qızdır o sözləri oxuyan?..
Ümumiyyətlə, tamaşaçılarda da belə bir şey vardı. Kimin sevdiyi müğənni haqda yaxşı söz oxuyurdum, mənlə xoş danışırdı, kimin kumiri haqda atmacalı söz deyirdim, deyirdilər, o qızı tutsaq öldürəcəyik... Hamının qismətinə səsinə görə bu cür tanınmaq düşmür.
- Dublyaja marağı olanlar sizə müraciət edirmi?
- O qədər... Mən özüm illər əvvəl səsləndirdiyim filmlərə indi baxanda, səsimi eşidəndə gülməyim tutur. Qulaq asıram, görürəm ki, səs oturuşmayıb, intonasiya düzgün deyil. Bu dəqiqə mən 2 yaşlı uşağın da, 80 yaşlı qoca qadının da səsini çıxararam. O vaxt texnika yox idi. Əslində mən tərəfdarıyam ki, uşaq səsini uşaq özü çıxarsın. Yəni dublyaja uşaqlar cəlb olunsun. Onda daha təbii alınır. Ehtiyac olsa, mən körpə səsi də çıxararam, bu mənada problemim olmur.
İndi dublyaja o qədər həvəskarlar gəlir... Elə bilirlər, halvadır, kağızı əlinə alıb oxuyursan, iş bitir. Adam var ki, deyir, ürəyim gedir film səsləndirmək üçün. Gəlib oturur, baxır, daha səs yazmağa da cəhd eləmir. Eləsi də olur, baxır, səsini yazdırır, qulaq asırıq, biz heç nə deməmiş özü çıxıb gedir. Yəni bunun onda alınmayacağını anlayır. Gedir başqa bir işlə məşğul olmağa.
- İndi ən gəlirli sahələrdən biri də toylardır. Toylarda aparıcılıq edərsinizmi?
- Yox, qətiyyən, bu, mənim profilim deyil. Təkliflər olur, amma mən imtina edirəm. Baxmayaraq ki, canımda musiqi də var. Oxumağı da sevirəm. Səsim də buna imkan verir. Bu yaxınlarda həm aparıcı, həm müğənni kimi təkliflər aldım. Ola bilər, fikrimi dəyişib nə vaxtsa buna razılıq verim, amma hələ ki cavabım yox olub...
- Həm təklif gözləyirsiniz, həm də təkliflərə yox deyirsiniz?
- Mən aktrisayam, niyə toylara getməliyəm? Yaxud toylara getməli insanlar niyə müğənnilik əvəzinə aktrisalıq edirlər?.. Mən indiki rejissorları qınayıram. Aktrisalar qala-qala reytinq xətrinə efirə çıxan aparıcıları çəkirlər. Bəs mən niyə İncəsənət Universitetində oxumuşam? Axı, hərənin öz sənəti var. Başa düşürəm, onları ucuz çəkirlər, hətta pulsuz da çəkmək mümkündü. Amma mən yox! Elə az qonorar təkliflər edirlər, adam utanır. Get-gedə aktyorluq sənətini ucuzlaşdırırlar.
Tanınmış aktrisalar var ki, 50 manata da razılaşıb filmə çəkilir. Sən niyə gedib 50 manata razılaşırsan ki, sabah səndən sonrakına o pulu təklif edirlər? Biz də razılaşmayanda deyirlər ki, filan xalq artisti 100 manata çəkilmişdi. Mən də qalıram baxa-baxa... Deyirəm, o, çəkilir, gedin çəkin, mən o qiymətə razı deyiləm!
Bir az kişi xarakterliyəm. Heç vaxt məni kimsə idarə etməyib. Mənim ərkim çatır ətrafımdakılara məsləhət verməyə! Min dəfə deyirəm, ucuz qiymətə getməyin, özünüzə hörmət edin. Əvvəl-axır onsuz peşəkarlara müraciət olunacaq.
Mən aşağı qiymətə reklam da oxumuram. Özümə hörmət edirəm. Reklam bazarında da, serial aləmində də stabil qiymətim var. Qiymətim yüksək olub, onu aşağı salmaq istəmirəm.
- Aktrisa kimi tanınmaq üçün xarici gözəllik nə qədər vacibdir?
- Elə aktrisa tanıyıram ki, model olub, təsadüfən filmə çəkilib, indi özünü ən öndə gedən, Azərbaycanın bir nömrəli aktrisası sayır. Amma nə danışıq var, nə istedadı, nə efir etikası, nə də mədəni səviyyəsi... Danışanda isə mənəm-mənəm deyir.
Maşallah, aktrisalarımız gündən-günə gözəlləşir. Mən də bir vaxtlar estetik əməliyyat edib bir az da gözəlləşmək istəyirdim. Burnumu əməliyyat elətdirməyi planlaşdırırdım. Bəxtiyar Xanızadə məni fikrimdən daşındırdı. Dedi ki, sənin fakturan budur, burnunu gedib kəsdirsən, artıq Ofeliya olmayacaqsan. Olacaqsan standart “barbi”lərdən biri... Ona görə vaz keçdim. Daha bu barədə düşünmürəm.