30 Avqust 2017 09:14
7 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onunla dəfələrlə telefon vasitəsilə söhbət edib adının hallandığı qalmaqallı məsələlərə aydınlıq gətirmişik, yaradıcılığı ilə bağlı xəbərləri paylaşmışıq.

Bu dəfə “Danışan fotolar” layihəsində söhbətləşmək, arxiv fotolarına baş çəkmək istədik. İstəyimiz baş tutdu. “Sovetski” adlanan ərazidə iki otaqlı balaca evinin qapılarını üzümüzə açdı. Həmin gün özünün və üzünün yorğunluğunu nəzərə alaraq onu evində yox, səhəri gün təbiət qoynunda lentə aldıq.

“18 yaşımda Azərbaycandan getmək istəyirdim”

Bu, “Bircəciyim” filmindəndir


- Burada 18 yaşım var. İndi-indi dərk edirəm ki, gənclik illərimizin qədrini bilməmişik. Çalışmışıq ki, yaşımızın üstünə tez yaş gəlsin, böyüyək. Votsapda tələbə yoldaşlarımızla birgə qrup yaratmışıq, orda tez-tez yazışıb, o illəri yada salırıq. Onlara da deyirəm ki, heyf, gəncliyimizin qədrini bilmədik.

- Kimlər idi tələbə yoldaşlarınız?
- Kəmalə Müzəffər, Şirzad Pirallahi, Mətanət Mehdiyeva... Kursun rəhbəri isə Məlik Dadaşov idi. 18 yaşında Azərbaycandan getmək istəyirdim. Çünki rus dilini mükəmməl öyrənmək üçün Moskvaya gedib, orda təhsil almağı düşünürdüm. O məqsədlə də “Azərbaycanfilm” kinostudiyasına sənədlərimi verdim. Amma aktrisa olmaq üçün deyil... Bu, heç ağlımın ucundan belə keçmirdi. Kinostudiyada qəbulda Şəfiqə Məmmədova və başqaları əyləşmişdi. O vaxtlar Aleksey Batalov qəbul zamanı Bakıya gəlirdi.

Birinci turdan keçdim, amma ikinci turda kəsildim. Mən də şir bürcündənəm, bir işin dalınca sona qədər gedirəm. Axırda Şəfiqə xanım mənə baxdı, dedi, İncəsənət İnstitutuna qəbula gəl. Mütləq keçəcəksən. İnamım az idi. Həmin vaxt bizi kinostudiyadakı qəbula Həmidə Ömərova hazırlaşdırırdı. Məndən başqa üç adam da vardı. Bir gün qrupumuzdan iki nəfəri - mənim və bir başqa qızın şəklini foto sınağa apardılar. Mən keçdim, ardınca məni filmin sınaq çəkilişlərinə dəvət etdilər. Amma ağlıma belə gəlmirdi ki, seçilərəm və filmə çəkilərəm. Haradan biləydim ki, şəklimi Moskvada Bədii Şura Sarıköynək roluna təsdiq edəcək.

Ağlaya-ağlaya kinostudiyanı tərk edirdim ki, uca səslə mənə “Akina” deyə səsləndilər. O vaxtlar məni Filippinin prezidentinə çox oxşadırdılar və “Akina” çağırırdılar. Gəldim, filmin rejissoru Ənvər Əbluc, direktoru məni təbrik edib dedilər ki, baş rola təsdiqlənmisəm. Bir gözüm ağlayır, bir gözüm gülürdü...

Filmin çəkilişləri Qəbələ rayonunda baş tutdu. Həmin ərəfələrdə filmdə tərəf-müqabilim aktyor Əhməd Salahov əlimdən tutub məni Bakıya- İncəsənət İnstitutuna gətirdi. Buna görə filmin çəkilişləri bir neçə günlüyünə dayanmışdı. O vaxtlar məsuliyyəti hiss edə bilmirdim. Qəbul imtahanında dedilər, ağla, ağladım, dedilər, gülümsə, gülümsədim. Axırda Şəfiqə xanım dedi ki, bəsdir, keçdin. İki “5”, bir “4” aldım. Bir sözlə, göylərdə uçurdum. Bu minvalla eyni vaxtda həm baş rola təsdiqləndim, həm də instituta qəbul olundum.

Mən Şahmara borcluyam

- Azərbaycanı tərk etmək istəyən bir qız birdən-birə kamera önünə çıxır. Nə hisslər keçirirdiniz?
- Mən ilk gündən kameradan qorxmamışam. Ona görə təəccüblənirdilər. Deyirdilər qəribədir, heç nə bilmirsən, amma kameradan qorxmursan. İkinci kursda da Şahmar Ələkbərov - Allah ona qəni-qəni rəhmət eləsin - məni yanına çağırdı. Dedi, “Sahilsiz gecə“ filmindəki gənc Zibeydə obrazına Moskva səni təsdiq edib. Qəribədir ki, iki filmdə də rolumu Moskva təsdiq edib.

- Bu sizə niyə qəribə gəlir? Onsuz da son nəticədə onlar təsdiq edirdilər.
- Mənim aktrisa kimi orda kimim var idi ki? Heç kimim. Neçə-neçə Sarıköynəklər, Zibeydələr getmişdi... Yəqin ki, mükəmməl rejissor, aktyorlar seçim edib, təsdiqləyiblər.

- Deməyinizdən belə çıxır ki, rejissorlar sizi çəkmək istəməyib.
- Şahmar müəllim məni çəkmək istəyirdi. O məni, Nuriyyəni, Kəmaləni birinci mərhələdən bəyənmişdi. O qədər gözəl insan idi... Ən pis, çətin günlərimdə mənə dəstək olub. Tələbəlik illəri idi, bəzən pulumuz olmurdu, bunu da ona deyirdim, sağ olsun, heç vaxt əliboş qaytarmırdı. Bu mərhələyə gəlib çıxmışamsa, insanlar tərəfindən sevilirəmsə, cəmiyyət içində hörmətim varsa, bir sözlə, həyatda nə qazanmışamsa hamısı Şahmar müəllimin adı ilə bağlıdır. Şahmar məni Zibeydə obrazına çəkməsəydi, bütün bunlar olmayacaqdı. Ona borcluyam.

- “Sahilsiz gecə” qalmaqallı film oldu.
- Deyirdilər guya Şahmarı, Nuriyyəni, məni döyüblər. Belə şeylər olmayıb.

- Nuriyyə xanımın mənə danışdıqlarını deyəcəm. Deyirdi ki, Şahmar bizə görə çox narahat idi. Bir dəfə zəng elədi ki, evdən çıxma, kinostudiyaya da gəlmə. Demə, bir qrup qadın kinostudiyanın qarşısında etiraz edirmiş. Sözünə məhəl qoymayıb, getdim, axşam qayıdanda bir nəfər yaxınlaşıb, mənə şillə vurdu, üzüm-gözüm qanadı.
- Onu bilirəm ki, nə məni, nə Nuriyyəni, nə də Şahmarı döyən oldu... O film Pribaltikada nümayiş olundu. Onda Nuriyyə xanım deyirdi ki, orda təəccübləniblər ki, bu rolları oynayan Azərbaycan aktrisalarıdır. Bizi çox bəyənmişdilər. Zibeydəni oynadığıma görə peşman deyiləm.


Nuriyyə həyat eşqi ilə dolu insan idi. Başına o qədər müsibətlər gəlmişdi, amma çox güclü idi. Allah bizi pis xəstəliklə, aclıqla, susuzluqla imtahana çəkməsin.
Filmdə də çox maraqlı və gözəl kollektivlə işlədik. Şahmar müəllim kimi aktyoru başa düşən ikinci bir rejissor tanımıram. Özü aktyor olduğuna görə aktyora nəyin lazım olduğunu, aktyorla necə davranmalı olduğunu yaxşı bilirdi. Biz onda tələbə idik. Təcrübəmiz yox idi. O uğuru gənclikdə anlamırsan, zaman keçdikcə başa düşürsən. Biz də cavan olmuşuq, amma indiki gənclərin düşüncələri məni hərdən çaşdırır.

Filankəs filan yaşda ölür, deyirlər, day dünyanı tutub qalmayacaq ki... Fikirləşmirlər ki, o insanın da ailəsi, qardaşı, bacısı, qızı, oğlu, yoldaşı var... Kimə xoşdur valideyn itirmək... Anamın 83 yaşı var, fiziki məhdudiyyətlidir: danışmır, eşitmir. Atam da elə idi. Razı idim atam şikəst olaydı, amma evdə olaydı, nəfəsi gələrdi. Gedib daş daşıyardım, ona baxardım.

Atam 76 yaşında rəhmətə getdi. Mənə görə o, hələ də cavan idi. Qardaş, bacı itkilərim olduğuna görə ölüm mənə çox pis təsir edir.

Tez ailə qurdum ki...

Burda anam və mənəm

- Ailədə neçə uşaq olmusunuz?
- Altı uşaq. Bacımı 21, qardaşımı 40 yaşında itirmişəm. Bir qardaşım lap uşaqkən ölüb, onu görməmişəm. Mənə emosional, dəli, həyasız deyirlər. Mən nə dəli, nə həyasızam. Sadəcə, haqsızlıqları görəndə çoşuram, özümü belə tanımıram.

- Bu xasiyyətinizə görə atanıza, yoxsa ananıza çəkmisiniz?
- Anam sakit, atam da dilsiz, fağır olub. Atam düzgünlüyü xoşlayırdı, yalanı sevmirdi. Görünür, ona çəkmişəm.

- Aktrisa olduğunuza görə ailədə narazılıq olmayıb ki?
- Atam elə bilirdi ki, mən televiziyaya, efirə çıxıramsa, böyük adamam. Böyük qardaşım bir az etiraz edirdi, ona görə tez ailə qurdum ki, heç kim işimə qarışmasın. Sonra özü də uğurlarımı görürdü, mənimlə fəxr edirdi. Allah ona rəhmət eləsin.

- Sovetskidə böyümüsünüz?
- İkinci mikrorayonda böyümüşəm. 3-cü sinfə qədər 9 nömrəli məktəbə getmişəm. Sonra məni 190 nömrəli məktəbə yazdırdılar. Heç nə bilmirdim. O məktəbdə mənə dərs deyən çox gözəl müəllimlərim vardı: Afət xanım, Sona xanım və başqaları. Mən heç vaxt öyünməmişəm ki, savadlıyam. Amma bəziləri yalandan kitab oxuyub, bir-iki cümlə öyrənib özlərini savadlı göstərməyə çalışırlar. Etiraf edirəm, məktəbi pis oxumuşam. Bilmədiyim məsələlər barədə böyük-böyük danışmaram. Əksinə, qulaq asıb, bilmədiyimi öyrənərəm.

- Bibiniz Zeynəb Xanlarovanın sizin səhnə fəaliyyətinizdə rolu olubmu?
- Allah onun canına dəyməsin, onu nəslimizin üstündən əskik etməsin. Ən gözəl, sağlam ömrü ona versin. Onun bir kəlmə sözü var, bunu həmişə misal çəkirəm. Deyirdi bir dəfə, iki dəfə, üç dəfə bir insanı itələyərsən, əgər içində istedadı yoxdursa, dördüncüdə də heç nə alınmayacaq.

Mənə indi gənclər müraciət edirlər. Deyirəm, əgər Yaşar Nuri, Siyavuş Aslan, Kamal Xudaverdiyev, Fuad Poladov, Rasim Balayev, Nəcibə Məlikova, Barat Şəkinskaya, Hökumə Qurbanova, Firəngiz Mütəllimova, Bəsti Cəfərova olacaqsansa, seviləcəksənsə, sənətə gəl. Gəlib üç ay, beş ay yalandan vaxt itirmə... Adam var düz yolu göstərəndə də acığı gəlir. Deyir, yəqin paxıllığımı çəkir.

Bu şəkildə Sənubər İsgəndərli ilə Ufadayıq. Tamaşa ilə qastrola getmişdik

- Birlikdə bir neçə şəklinizə rast gəldim. Yaxın rəfiqəsiniz?
-
Dostluğumuz, rəfiqəliyimiz yoxdur, sadəcə, bir insan olaraq həm mənim ona, həm də onun mənə böyük hörməti var. Həm də həmkarıq. Yaxın olduğum aktrisa başqadır.

- Firəngiz Mütəllimova?
- Firəngiz xanım da canım-ciyərimdir, amma lap yaxın olduğum aktrisa Şəhla Əliqızı, Şəlalə Şahvələdqızıdır. Onlar evin içidir. Bir də ”Asan” radioda işləyən Kəmalə xanım var. Gecə saat ikinin yarısına kimi onunla Qış Parkında oturub ordan-burdan, sənətdən dərdləşmişik. Kəmalə xanım deyir, Mehriban, sən öz dəyərini bilmirsən. Sözünü göydə tutdum. Məni istəyərək o sözü deyirdi. Deyir, niyə uşaq kimi onun-bunun dalınca qaçırsan, görüm kimsə sənin dalınca qaçacaq?

- Bu xasiyyətinizi dəyişə bilirsinizmi?
- Mümkün deyil. İlk jurnalistsiniz ki, evimə gəlirsiniz. Sizinlə parkda da görüşə bilərdim, hardasa oturub çay da içib, söhbət edərdik... Amma dedim evimə gəlin. Rahatı buradır. Bu balaca evim mənim üçün villadır. İnanın buranın sökülməyini istəmirəm.

“Mesenat” tamaşasındandır.
Vəfa və Şəlalə xanımla birgə çəkdirmişdik.

Oynadığım bütün tamaşalarım gözəldir. Amma “Mesenat” bir başqadır. Allah rəhmət eləsin Əliabbas Qədirova. Əliabbas müəllim Tağıyev obrazını, mən isə qızı Saranı oynayırdım. Rəhmətlik Kamal Xudaverdiyev də tamaşada oynayırdı.

Deyirəm də, itki mənə çox pis təsir edir. Kaş Yaşar Nuri, Kamal, Əliabbas müəllim sağ olaydılar, hər tamaşadan öncə oyunuma baxıb, səhvlərimi deyərdilər, bu gün də sevə-sevə onlardan öyrənərdim.

Amma çox təəssüf ki, bu günkü gənclər adamın gözünü deşir.

Rejissoru Mehriban Ələkbərzadə olan “Məhkumlar” filminin çəkiliş prosesindəndir.

- Hər dəfə o filmdə özümə baxanda deyirəm, necə əzazil tibb bacısını oynamışam. Film Umbakıda yaşayan cüzamlı xəstələrin həyatından bəhs edir. Çingiz Abdullayevin “Məhkumların cənnəti” əsərinin motivləri əsasında çəkilib. Bizim çəkilişlər Umbakıda olmadı.

- Mehriban Ələkbərzadənin “Azdrama”da quruluş verdiyi səhnə əsərlərində oynamısınızmı?
- Hüseyn Cavidin “Afət” tamaşasında Altunsaçı oynamışam. Fikir versəniz, fərqli xarakterli obrazlar yaratmışam, çünki seçirəm. Özümü gördüyüm rolları qəbul edirəm. Dəyişik rollar oynamağı sevirəm. Rol gərəyi palçıqda sürünmək, saçını keçəl qırxdırmaq lazımdırsa edəcəm. Bunları özümə kompleks edən deyiləm.

- Nədir önəmli olan: rol, rejissor, komanda?
- Bu yaxınlarda bir serial təklifi vardı. Bir dəfə çəkildim, sonra getmədim. İşin ciddiliyini sevirəm. Ciddiyyət yoxdursa, ordan gedirəm. Puluna belə baxmıram...

Maral Konratı görəndə elə bilirəm məni döyürlər

- “Məhkumlar” filminin bədii rəhbəri Rasim Ocaqov idi. Onunla görüşəndə sizi niyə Təhminə roluna çəkmədiyini soruşmusunuzmu?
- O film üçün Fəxrəddinlə mən məşq edirdim. Fəxrəddin Manafovdan müsahibə alsanız, sözümü təsdiqləyərmi, bilmirəm. Amma fakt odur ki, bizim məşqlərimiz gedirdi. Allah Rasim Ocaqova qəni-qəni rəhmət eləsin. Nə oldu, nə olmadı, bir də gördüm, Təhminəni Maral Konrat oynayır.

Fikir verin, bizim tamaşaçılar Maralı necə izləyirlər. Heç ona fahişə deyən yoxdur. İnandırıram, əgər mən o obrazı oynasaydım, deyərdilər ki, “Sahilsiz gecə”də də fahişə obrazı oynamışdı, burda da. Əsl Təhminə mən idim, Maral deyildi.

Mehriban Ələkbərzadədən istəsəniz soruşarsınız, Rasim Ocaqov ölümünə bir-iki gün qala “Məhkumlar” filmi ilə bağlı söhbətlərində Mehribandan məni soruşmuşdu:
- Nu kak Mehriban? Maraqlı aktrisadır, hə? – demişdi. Sonralar bunu mənə Mehriban xanım dedi.

- Niyə sizdən vaz keçdi? Nə hadisələr baş vermişdi?
- İnanın, bilmirəm. Rasim Ocaqovun özü Şahmar Ələkbərovla danışıb, məni filmə çağırmışdı, məşqlər də edirdik.

- Sizdən başqa “Təhminə” obrazına azərbaycanlı aktrisalardan kimlər namizəd idi?
- Mən bildiyim tək mən idim. Başqalarından xəbərim yox idi.

- Əvvəlcə Zaur obrazına da başqa aktyoru çəkmişdilər. Hətta filmin yarısına qədər çəkilişlər olmuşdu. Sonra Fəxrəddin Manafovu təsdiqlədilər. Siz o biri aktyorla da məşq etmişdiniz?
- O məsələlərdən xəbərim olmayıb. Bildiyim odur ki, cütlük Fəxrəddin Manafov və mən idim. Sonra nədənsə Maral Konrat gəldi.

- Bir aktrisa olaraq onda özünü necə hiss etdiniz?
- Gənclik illərim idi, heç vecimə də deyildi. Sonralar pis təsir etdi.

- Filmi bəyəndiniz?
- Mən də hamı kimi bəyənirəm. Amma Maral Konratı görəndə elə bilirəm ki, məni döyürlər. Paxıllıq etmirəm, başqa cür başa düşməyin. Sadəcə olaraq, oynamalı olduğum rolumun xiffətini çəkirəm.

Kaş Şirzadla ailə qurardım...
Ülvi, Şahin və mən...

- Tələbə yoldaşlarımdır. İkinci mikrorayonda evimizdə yığışıb, hansısa bayramı qeyd edirdik.

Hər bayramda uşaqlardan birinin evinə gedirdik. Çox vaxt da bu məclislər bizim evdə olardı. Yeməkləri də mən bişirərdim.

Kəmalə Müzəffər və mən.

Məlik Dadaşov bizi teatra aparmışdı. “Vaqif” tamaşasında ikimizin də əlinə lələkli yelpik verdilər, Məlik Dadaşovu yelpikləyirdik. Teatra ilk addımımız idi.

Biri kurs tamaşamızdan sonra çəkilən şəkildir, o biri isə dərs otağında çəkilib. Yəqin Məlik müəllimi gözləyirik.

- Kursunuzdan sizinlə ailə qurmaq istəyənlər kimlər olub?
- Aktyor Şirzad Pirallahi. İnsan hər şeyi sonralar dərk edir. Kaş elə Şirzadla ailə qurardım.

İndi Şirzadla Votsapda danışanda deyir, Meri, yadındadır, əlimi yuxarı qaldırdın ki, müəllim baxın, Şirzad əlimi tutur. Bunu xatırlayıb o qədər gülürük ki... Düz deyir.

O, əlimi tutmuşdu, mən də yuxarı qaldırıb onu müəllimə göstərib, faş etmək istəyirdim.

Hansısa diskotekada yığışmışdıq. Gözlərim də axır.
Baxanlar elə biləcək içki içmişəm.


- İçki ilə aranız necədi?
- İçmirəm.

Kəmalə Mehdiyeva, Təranə və mən

Birində deyəsən, bulvara getmişik. Solumdakı Kəmalədir. Hazırda Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyir.

“Bir ailəm var” serialında çəkilmişdi. O biri Təranədir. Aktrisa olmadı. O vaxt da dost idik, indi də dostluğumuz davam edir. O biri şəkil isə səhv etmirəmsə, Kəmaləgildə çəkilib.

Yaşar Nuri. Allah rəhmət eləsin

- Bir dəfə söhbətimizdə demişdiniz ki, gənclikdə ona sevgi məktubları yazmısınız.

- Elədir, o kişini çox istəyirdim. Firəngiz xanımı da, Yaşar müəllimi də “Səni axtarıram” tamaşasından sonra sevib pərəstiş etmişəm.

- Bayaq aktyor Əhməd Salahovun adını çəkdiniz. “Bircəciyim” filminin çəkilişlərində sizə vurulubmuş, hətta ailə də qurmaq istəyirmiş. Niyə qəbul etmədiniz?
- Heç bilmirəm niyə razılıq vermədim. 18 yaşım var idi. Amma Əhməd çox yaxşı insandır. Allah ona can sağlığı versin. Çox müsahibələrimdə demişəm ki, aktyorla ailə qurmaram. Bu, çoxlarının acığına gəlib. Aktyor sənətini, incəliklərini bildiyimə görə bu fikirdəyəm.

- Heç aktyorlar da aktrisa ilə ailə qurmaqdan yana deyillər.
- Qurmasınlar da... Amma ailə qurub xoşbəxt olanlar da var.

- Sizcə, bu, insanın özü ilə bağlı durum deyil? Peşə nə dərəcədə bunda rol oynayır? Yoxsa məşhurluq baş gicəlləndirir?
- Mənə elə gəlir ki, rol oynayır. Amma məşhurluqdan heç indinin özündə də başım fırlanmır. Kaş ki, fırlansaydı. Heç vaxt özümü yuxarıdan aparmamışam. Türkiyədə dedim ki, sənətçiyəm, dedilər “gör sən də nə qədər para var”. Dedim, Allah ağzınızdan eşitsin.

...ya da adamın olmalıdır

- Türkiyə demişkən, bu şəkil orda çəkildiyim “Cinlər, pərilər” adlı serialdandır. Leyla adlı azərbaycanlı assistenti canlandırırdım. Yaxşı da alınmışdı. Bir də 54 seriyalı “Bizim məhəllə”də çəkildim. Jurnalist Səda obrazında çıxış edirdim.

- Hansı əlaqələrlə Türkiyəyə getdiniz, niyə qalmadınız?
- Osman Yağmurdərəlinin aktyor agentliyinin üzvü idim. Onun mənə çox dəstəyi oldu. Türkiyədən bura gələndə bir qadın yolda mənə yaxınlaşıb dedi, mən sizi tanıyıram, siz serialda oynayan qızsınız, elə bilirdi mən türkəm. İki il orda qalıb, “Vətən yaxşıdır” deyib qayıtdım. İndi fikirləşirəm ki, gərək qalardım. Elə bilməyin ki, Türkiyədə asandır. Orda çox çətindir. Türklər öz aktrisalarını daha yüksəkdə tuturlar. Ya illərlə pillə-pillə addımlamalısan, ya da adamın olmalıdır.

Nəvələrimdir

- Bir qız övladım var, o da Cəlilabadda ərdədir. Dörd nəvəm var: bir oğlan, üç qız. Böyüyü - oğlanın altı yaşı var. Hamısı məni görən kimi “nənə” qışqırırlar. Demişəm onlara, mənə nənə yox, Mehriban deyin. Xeyri yoxdur, hara gedirik, nənə deyib hay çəkirlər.

Nərmin Muradova
Fotolar Elçin Murad


Müəllif: Nərmin Muradova, Elçin Murad

Oxşar xəbərlər