2 Sentyabr 2017 17:58
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında iştirak edəcək.

Bu barədə Teleqraf.com-a açıqlamasında filmin Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədov deyib.

Onun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışacaq. Bu bölmənin münsiflər heyətinə Əlirza Şahruhi (İran), Yelena Alekseyeva (Rusiya) və Orxan Milli (Türkiyə) daxildir.

Festival “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilir.

Bu ilki festivala 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən “Səs” də seçilərək şort-listə düşüb. Filmin süjet xəttinə görə ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın problemi həll etmək qərarına gəlir. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir.

Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Çəkilişlər İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni oynayır.

Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb.

Qeyd edək ki, Kazan Beynəlxalq Müsəlman Kino Festivalı 5-11 sentyabr tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək.

“Səs” filmi sentyabrın 9-da saat 10.00-da Kazanın “Rodina” kinoteatrında nümayiş olunacaq. Nümayişdə rejissor da iştirak edərək tamaşaçıların suallarını cavablandıracaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər