Teleqraf.com millət vəkili, “Ədalət” qəzetinin təsisçisi, yazıçı Aqil Abbasla müsahibəni təqdim edir.
- Universitetdən sonra bir müddət müəllim işləmisiniz…
- Hə, düz bir il. Ağsuda, internat məktəbində. Bilirsiz, ümumiyyətlə, Ağsudakı internat digər məktəblərdən xeyli fərqlənirdi. Gözəl məktəb idi, gözəl də şəraiti vardı, şəhərin mərkəzində yerləşirdi. Direktor və müəllim kollektivi də əlaydı. Demək olar ki Ağsu elitasının əksər uşaqları həmin internatda oxuyurdu. Müəllimlik çox müqəddəs sənətdi, çox böyük hövsələ və səbr tələb edir. Təəssüf ki, mən bir az hövsələsiz və səbirsiz adamam. Nə isə, ona görə müəllimlikdən getdim.
- Aqil müəllim, bilirik ki internet dövrüdür və daha çox saytlar oxunur. Bu dövrdə qəzetlərin fəaliyyəti nə dərəcədə effektivdir? “Ədalət” qəzeti oxunurmu?
- Saytla qəzetin yerlə göy qədər fərqi var. Saytlar xəbər sahəsində operativdirlər. Amma səhər saytda bir problem yarananda bütün yazılar it-bat olur. Səhv etmirəmsə, Amerika idarə edir. Amerikadan söndürsələr, ya silsələr, vəssalam. Amma qəzetdə onu edə bilməzlər. Bu gün də “Əkinçi” qəzetinin arxivi “Axundov” kitabxanasında durur. İkincisi, qəzetdə publisist yazılar, araşdırmalar daha çox olur. Özü də bir şeyi də deyim ki, açın «525-ci qəzet»i, «Müsavat»ı, «Ədalət»i, «Şərq»i, «Mövqe»yi heç birində bir dənə də olsun eyni yazı yoxdur. Saytlara baxırsan, demək olar ki, bütün xəbərlər eynidir. Xəbəri digər saytdan götürür, aşağıda istinad etdiyi saytı qeyd edir, bəzən heç qeyd etmir də. Mən hərdən bəzi müəlliflərin yazısını öz qəzetimizdə dərc eləyirəm, amma müəllifə, ya redaktora zəng vurub icazəsini alıram.
- Müsahibələriniz çoxdur və bəzən sizin müsahibələriniz böyük səs-küy doğurur.
- Mən axı, sizə dedim ki, ədəbiyyat və incəsənət mövzusu ətrafında danışacağıq.
- Aqil müəllim, yox, sadəcə, maraqlıdır ki, bu düşünülmüş şəkildə baş verir, yoxsa?
- Məndən müsahibə alırlar, amma jurnalist öz fikirlərini mənim adımdan müsahibəyə əlavə edir. Fikrimi kontekstdən çıxarırlar. Bilirsiz, əgər bir adam Mirzə Cəlili, Ömər Faiq Nemanzadəni, Üzeyir Hacıbəyovu, Haqverdiyevi oxumayıbsa, necə jurnalist ola bilər? Qəsdən niyə edim ki? Guya mənə gündəm lazımdı? Kifayət qədər tanınıram, özü də necə lazımdı. Mən gündəmdən qaçan adamam. Nə şöhrətim var, bəsimdi. Bəzən ola bilər ki, hansısa məsələyə olan mövqeyim sərt olar, kimlərinsə xoşuna gəlməyə bilər. Amma mənim elə bir öhdəliyim yoxdur ki, kiminsə xoşuna gəlmək üçün çalışam. Azərbaycanda gərək özünü dartasan, səmimi olmayasan. Səmimi adamları sevmirlər.
- Aqil müəllim, gənc imzaları oxuyursunuzmu?
- Bəli, niyə oxumayım ki?! Məsələn, Şərif Ağ, Aqşin Yenisey, Seymur Baycan, Kəramət Böyükçöl oxuduğum imzalardandır. Siyahını artıra da bilərəm.
- Ədəbiyyata axın böyükdür və getdikcə də poeziyada bayağılaşma gedir. Bu axının xeyri varmı?
- Qalan qalacaq, qalmayan da qalmayacaq. Nizaminin, Xəqaninin, Nəsiminin, Füzulinin dövründə nə qədər şeir yazan olub. Kim qalıb tarixdə? Qarabağda Xan qızı Natəvanın yaratdığı «Yazıçılar İttifaqının» üzvlərinin sayı bəlkə də indiki Yazıçılar İttifaqının üzvlərinin sayından çox idi. Neçəsi qalıb?
Gənclər dediniz, məsələn, Qismət Rüstəmovu çox sevirəm. Onun bəzi şeirlərində publisistika var, sosial mövzularda tənqid var. Qəzetimdə köşə bölməsində öz yerim var, amma bəzən elə olur ki, müəlliflərin yazısı, şeiri xoşuma gələndə öz köşə yerimdə onları dərc edirəm. Düzdür, Mirzə Cəlilə, Sabirə zəng edə bilmirəm, amma yaşayanlara zəng vurub təşəkkür edirəm.
- Aqil müəllim, televiziyada ədəbiyyatla bağlı layihələr azdır...
- Mən həmişə bundan şikayətlənmişəm. Hamı reytinqə qaçır. Müxtəlif kanallarda verilişlər, qonaq aparırlar evlərə, nə bilim yemək bişirirlər, dadına baxırlar. Əksərində də apardıqları, çağırdıqları qonaqlar artistlərdir, müğənnilərdir. Mən də deyirəm ki, heç olmasa, bir dəfə də rəssam aparın, şair aparın. Heç olmasa, iki verilişdən bir, cəhənnəmə, ayda bir dəfə. Gərək bu adamlar ölə ki qədri bilinə?! AzTV-də, “Mədəniyyət” kanalında ara-sıra belə verilişlər olur. “Mədəniyyət” kanalını xüsusilə qeyd etmək istəyirəm, əsl ziyalı kanalıdı.
- Elə bu günlərdə ARB kanalında "Xalqın şairi" müsabiqəsi başlayacaq.
- Olsun... Sağolsunlar bu layihəyə görə. Cavanlar getsinlər. Baba Vəziroğlu var, Qulu Ağsəs var... Qaldı ki Elza xanıma. Bəlkə o şeirlərdən seçib yaxşı bir mahnı bəstələyəcək?! Elza bəstəkar kimi qəbul olunur, özü də gözəl bəstəkardı. Qaldı Elzanın şeir yazmağına, kimə demək olar, şeir yazma? Qoy yazsın da. Məsələn, mən oxumuram, xoşun gəlmir, sən də oxuma.
- Müharibədən sonrakı ədəbiyyatımız, filmlərimiz niyə qəmli notlara köklənir?
- İnsanların müharibədən aldıqları zərbə onların belə qəmli, nisgilli yazıb yaratmasına təsir edir. Amma "Fəryad" filmi var, "Yalan" filmi var, "Biz qayıdacağıq", «Arxada qalmış gələcək», «Yaddaş» filmi var ki, heç də qəmgin notlara köklənmir, əksinə mübarizə var. Amma bəzən çox mənasız, süni yazılan yazılar da çıxır önümüzə. Bir dəfə bir televiziya kanalında ağdamlı qız dedi ki, Qarabağ müharibəsindən roman yazmışam. Dedim, neçə yaşın var? Dedi, iyirmi. Dedim, yəqin atan, əmin "ay ermənini belə qırdıq, ay belə öldürdük" deyib gopa basıb, sən də yazmısan. Dünyada ən çətin iş hekayə yazmaqdır, roman yazmağa nə var. Gərək nəşriyyatlar zəif əsərləri çap etməyələr. Ən azı öz nüfuzlarını qoruyalar. Onda da dediyiniz zəif əsərlər day yazılmayacaq.
- Yazıçıya, şairə və eləcə də digər sənət adamlarına verilən mükafatların onlara nə təsiri ola bilər?
- Görürsən, gözəl rəsm çəkdi, gözəl əsər yazdı, dövlət tərəfindən mükafatlandırıldı. Bu özü bir stimuldu. Mən o vaxtlar, 34 yaşımda "Günah" povestimə görə "Komsomol mükafatı" almışam. Ondan sonra da müxtəlif mükafatlar, ta "Şöhrət ordeni"nə kimi. Xaricdə də var. Türkiyədə "Dövlət sənətçisi", nə bilim dünyada "Nobel", "Oskar"...
- Aqil müəllim, ədəbi tənqidçilər haqqında nə deyə bilərsiz?
- Azərbaycanda gözəl tənqidçilər var, Cavanşir Yusifli, Vaqif Yusifli, Nizaməddin Şəmsizadə, İradə Musayeva, Əsəd Cahangir, Bəsti xanım, Tehran Əlişanoğlu kimi! Amma yeni nəsil, gənclərə ehtiyac var. Təəssüf olsun ki, tənqidçilərimiz bəzən, tutalım, Aqil Abbas haqqında daha çox söz deyirlər, nəinki gənc olan Qismət haqqında, Şərif Ağ haqqında. Gənclərdən yazmaq lazımdır. Bu mənada Vaqif Yusiflini, Tehran Əlişanoğlunu, Əsəd Cahangiri bəyənirəm.
- Aqil müəllim, bir neçə gündür gündəmi zəbt eləyən "26-lar kafesi" ilə bağlı bir fikriniz varmı?
- Dedim axı, ədəbiyyat və incəsənətlə bağlı sullardan başqa heç bir suala cavab verməyəcəm. Mövqeyim var, amma demək istəmirəm. Çünki bu ayrı bir müsahibənin mövzusudur...