26 Noyabr 2017 10:28
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nənəm deyirdi, o gün ki qarğalar sərçələrdən çox oldu, aclıq əlamətidi. Sonra kimsə dedi, yoxsa oxudum - yadımda deyil, - ki, qarğalar çöldə yem tapmayanda, daraşırlar şəhərə.

Qarğanı çoxdan tanıyıram. Məsəllərdən, hikmətli sözlərdən, nağıllardan: “Filan yerdə ala qarğa bala çıxarmaz”, “Ala qarğa göründü, qar yağacaq”, “Qarğa “qa” deyincə...”

Hə, qarğanın alası, qarası, öz dili var. Dil deyil, doğrusu, səsdi. Səsi var, sözü yox. Danışır, amma heç nə demir.

Elçin Şıxlının “Sahildə qarğa” məqaləsini oxumuşdum, sonra qarğaların çoxluğunu müşahidə etdim, nənəmin sözü düşdü yadıma.

Sahildəki qarğa nənəmin dediyi qarğadı. Dilindən uçub...

Qağayıları Allah qarğadı, sahilə hakim qarğadı.

Deyir, filankəs uçanlarla sürünənləri bir məktəbə yığıb, gəzmək öyrədir.

Qarğaya bax, gəlib qağayının yerin tutub, balıq yeyir.

İki məsələ var. Birincisi, nənəm deyəndi, çöldə yem yoxdu. Qarğalar məcbur qağayılaşır.

Transformasiya - qarğa qağayıya çevirilir.

Mən quşbaz deyiləm, başqa şey deyirəm. Bu, artıq ikinci məsələdi.

Bilirəm, çöl əkilmirsə, qarğalar qağayı olacaq. Yusif peyğəmbər kimi adamam, deyərəm, tədarük görək, bəla gələcək, amma demirəm.

Qarğalar qağayı olub sahildə. – Nəyə oxşayır bu? Fikir verin, necə üst-üstə düşür. Cəmiyyətin ağrısı da, quşu da özü kimidi.

Boş yerə uzadıram, yazı çoxdan bitib. Arifə bir him bəs edər.

Lap qarğa dilində yazdım...


Müəllif: Ömər Xəyyam

Oxşar xəbərlər