Söz bir anda bütün gündəmi zəbt elədi. İndi şəhərdə hər üç nəfərdən dördü həmin verilişi müzakirə nişangahına çevirib.
Avtobusa minirsən, “Ayə, hara essən ayə?”, küçəyə çıxırsan, metroya düşürsən, yenə. Feysdə, İnstaqramda, tində-dalanda, yolda-izdə, bir sözlə, hər yerdə bu kəlmə.
Özü də cürbəcür informasiya mənbələrində, saytlarda, status və yazılarda söz müxtəlif çalarlarda əks olunur.
“Oyə, harya edersən, oyə”, “Uyə, haraessən, uyə”, “Ayə, haraya gedirsən, ayə”, “ayə harıyessən, oyə” və s. Bir sözün nə qədər versiyası, variantı olarmış!?
Fikrimcə, həssas məqamlarda, məsələlərə vaxtında müdaxilə edən, düzgün reaksiya verən, dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri nəzərdə tutan Dilçilik İnstitutu, yaxud “zaryadka”nı “yükləmə”, “embarqo”nu “qadağa” kimi müəyyən edən Terminologiya Komissiyası bu dəfə də operativ reaksiya göstərməli, sözün düzgün orfoqrafik, leksik yazılış qaydasını müəyyən etməlidir.
“Ayə, hara essən ayə?”. Görün sualda nə qədər məna yükü, dərin fəlsəfə var. Bu kəlamı, ağır bir işə, böyük qaya parçasını diyirlədib dağ başına qaldırmağa məhkum edilmiş Sizifə də, “Qarabağ”ın cərimə müydançasına girmiş rəqib müdafiəçiyə də, kosmosa uçan Yuri Qaqarinə də ünvanlamaq mümkündür.
Hətta nağıllara, folklora nüfuz etmək olar. “Ayə, hara essən, ayə?”, “Çərə gedirəm, çora gedirəm, sənə nə var hara gedirəm”. Yaxud, Məlikməmməd haqqında nağılı yada salın.
Məlikməmməd quyuya düşərkən bu ibarə nə qədər yerində səslənir.
Yekun olaraq bildirim ki, sonuncu dəfə bu cür məşhurlaşan ifadə “Tı kto takoy, davay do svidanie” olmuşdu. Hətta, bu sözləri indi söz oyununa çevirib, dialoq şəklinə də salmaq mümkündür.
- Ayə hara essən ə?
- Tı kto takoy, davay, do svidanie...