Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sevə-sevə izlədiyi iki böyük səhifə var – “Trollinq Azərbaycan” və “Kəpstaqram”. Hər iki səhifənin admini Fərrux Qocamanlıdır. Bu qədər səhifələr arasında nə üçün məhz onun idarə etdiyi səhifələrin populyarlıq qazandığı marağımıza səbəb oldu.
Beləliklə, Teleqraf.com “Dev-sos” layihəsində Fərrux Qocamanlı ilə müsahibəni təqdim edir.
- Fərrux, Yeni ili necə qarşıladın?
- Qeyri-adi nəsə baş vermədi. Adi günlər kimi... İşdə oldum, işdən sonra bir neçə dostla görüşüb bayramı yüngülvari qeyd etdik.
- Sənin üçün ötən ilin ən yadda qalan hadisəsi nə oldu?
- Hadisələri deyə bilmərəm, amma bizim zarafatlara daha çox tuş gələn mövzular yadımda qalıb. Məsələn, Bəhram Bağırzadəylə, Əfran İsmayılovla bağlı kəpslərimiz diqqəti cəlb elədi.
- Bu gün sosial şəbəkələrdən istifadə edən gənclərin çoxu səni izləyir. Bəs, sən kimləri hansı istedadına görə izləyirsən?
- Mənə elə gəlir ki, izləyicilər məni yox, “Trollinq Azərbaycan” (Trolling Azerbaijan) və “Kəpstaqram” (Capstagram) səhifələrini izləyirlər. Çünki onlara məndən çox səhifədəki zarafatlar maraqlıdır. İnstaqramda məni izləyənlərin sayı 24 mindirsə, səhifələrdə bu rəqəm 140 mindən çoxdur. Deməli, kəpslər daha maraqlıdır.
Mənim izlədiyim adamlar isə sosial şəbəkələrin fenomenləridir. Ciddi yazılar üçün Elçin Sadıqovu, gülməli bir şey axtaranda Həsən Fətəliyevi, Ceyhun Babayevi, Rəsul Zahidovu, İlkini, Xalidi oxuyuram.
- Bir dəfə demişdin ki, dostlarla “Şən və Hazırcavablar” klubu yaratmaq istəyirsən. Nə yerdə qaldı o məsələ?
- Bəli, belə bir fikrimiz var idi. Hətta aktyorlar, ssenaristlər də seçmişdik. Həm maliyyə dəstəyi olmadığına, həm də hərənin başı öz məşğuliyyətinə qarışdığına görə bir araya gələ bilmədik. Amma fikrimiz var ki, stand-ap şou edək. Hazırda bizdə stand-apda heç kəs yoxdur. Mən insanları güldürə biləcək mətn yazacağıma inanıram. Ancaq yazdığımı çıxıb göstərə bilmərəm. Aktyorluq qabiliyyətim olmasa da, aktyorluğu olan biri üçün əlimdən gələni etməyə hazıram, yetər ki, o mənim istədiyim kimi oynaya bilsin.
- Deyirsən ki, bizdə stand-ap yoxdur. Bilirsən ki, neçə illərdir Fərda Xudaverdiyev bu sahədə çalışır. Keçən il gənc aktyorlar Əlibəy Məmmədli, Səməndər Rzayev də bu sahədə iddialı olduqlarını göstərdilər. Onları qəbul edirsənmi?
- Fərda Xudaverdiyev ancaq köhnə mövzuları qurdalayır. Yenilik yoxdur. Əlibəyin isə aktyor kimi istedadı var, ancaq mən onun konsertinə axıra kimi baxa bilmədim. Gülməli deyildi. Səməndər Rzayev isə özü deyir, özü gülür.
- Bəs, səncə, bu sahədə kimin uğur qazanacağına inanmaq olar?
- Emil Musayevə, Erkin Erginə inanıram.
- İki böyük Feysbuk səhifəsinin adminisən. Ola bilər ki, burdan gəlir də əldə edirsən, bu sənin haqqındır. Gənclərin maariflənməsi üçün nəsə edirsənmi?
- Xeyriyyə məqsədli tədbirlərə qoşuluruq. Bu istiqamətdə hər iki səhifəmizin digər admini Ceyhun Babayev daha aktivdir. Eyni zamanda kitab təbliğatı ilə bağlı bütün işlərdə əlimizdən gələni etməyə çalışırıq. İstedadlı gəncləri böyük kütləyə tanıtmağa çalışırıq. Elə gənclər var, məndən də istedadlıdır, ancaq az adam tanıyır onları. Biz həmin gənclərə də dəstək oluruq. Təbii ki, kəpslər də, tənqidlər də gənclərin maariflənməsi üçündür.
- İstedadlı gənclərin üzə çıxmasında yardımçı olursuz. Bunu qarşılığında pul tələb edirsizmi? Yəni bir adam istedadlıdırsa, bu, kifayət edir, yoxsa pul verməlidir?
- Bizim səhifələrin mövzuları var. İzləyici kütləmiz də məhz o mövzulara görə səhifələrimizi izləyirlər. Əgər bir adamın istedadı bizim mövzulara uyğundursa, ona əlimizdən gələn köməyi edirik, əks halda bizim də müəyyən tələblərimiz olur.
- Fikirlərinin, dünyagörüşünün inkişafında kimlərin, nələrin rolu olub?
- İlk növbədə atamın adını çəkərdim. Sonra 12-13 yaşımda gedib-gəldiyim məscidin böyük rolu olub. Gözüm orda açıldı sanki. Xurafatı eşidib-duyduqca başa düşürdüm ki, həqiqət başqa yerdədir. Nəzərə almaq lazımdır ki, bizim xeyli mütəfəkkirlərimiz məscidlərdən, mədrəsələrdən çıxıb. Təhsil aldığım universitetin də mənə müsbət təsiri olub. Bir də “Şəbəkə” verilişinin aparıcısı kimi populyarlaşan Rahil Sayadoğlunun da əziyyəti var. Nə zaman ki, səhv addımlar atmışam, Rahil doğru yol göstərib.
- Məşhurların kəpslərini hazırlayırsan, tənqid edirsən. Hansı məşhurlar səndən narazı qalıb?
- Məşhurların çoxu narazı qalıb. Gənc şairlərdən də etiraz edənlər olub. Bir dəfə rejissor Kənan MM-in kolbasa reklamı üçün çəkdiyi videonu səhifədə paylaşdıq. Tənqidi fikir yazmamışdıq. İzləyicilərin hamısı tənqid etməyə başladılar. Ələ saldılar ki, çox mənasız reklamdır. Kənan da bunu görüb səhifəyə mesaj yazdı ki, nömrəni yaz, görüşək. Mən nömrəmi yazanda gördüm artıq məni blok edib. Başa düşə bilmədim ki, nömrə istəmək nə idi, əngəlləmək nə idi?
Adamın şəxsiyyəti ilə qətiyyən işimiz yox idi. Sadəcə, gördüyü işə tənqidlə yanaşmışdıq. Təbii ki, bir işi bəyənən də olar, bəyənməyən də, bu normaldır. Həmçinin Əfran İsmayılovun da narazılığı olub. Bir ara elə bir məqam var idi ki, insanlar ancaq Əfrandan kəpslər istəyirdilər. Biz də bu istəyi nəzərə alıb, hər gün Əfranla bağlı paylaşım edirdik.
Axırda meneceri bizlə əlaqə saxladı, dedi ki, Əfran belə şeyləri sevmir, bu gündən onunla bağlı paylaşım etməyin. Başa düşmürsüzsə, başqa cür başa salaq. Mən ona dedim, olar ki, heç olmasa qol vursa bu barədə səhifədə yazaq? Ona da etiraz elədi. Dedi, nə yaxşı, nə də pis heç nə paylaşmayın. Bir tək Vaqif Cavadov müsbət fikir bildirmişdi. Özünün xəbəri var idi ki, bu cür zarafatlar edirik, heç nə deməmişdi. Əksinə, özü də bəyənmişdi.
- Yazdığın statuslara görə problem yaşamısan ki?
- 2 il qabaq bir ev yanmışdı. Ancaq həmişəki kimi “Qurani-Kərim” kitabı yanmamışdı. Bütün səhifələr də bunu əlində bayraq edib layk yığırdılar. Möcüzə kimi dəyərləndirirdilər. Dözməyib bir status yazdım: “Mən uşaq olanda evimizdə sovetdən qalma qalın kitablar var idi. Bir dəfə qışda onlardan bir neçəsini yandırmaq istədim, üz qabıqları yansa da, içinə heç nə olmadı. Bunun da izahı var ki, vərəqlərin arasına oksigen daxil ola bilmədiyinə görə alışma baş vermir. İndi bu “Qurani-Kərim”in yanmamağı da normaldır. Möcüzə deyil”.
Bu statusdan sonra xeyli adam məni tənqid elədi. Getdim rayona. Bir də gördüm bir məscid adam üstümə gəlib. Gördüm burda başqa variant yoxdur, dedim sizinlə razıyam. Üzr istəyirəm. Bu doğrudan da möcüzədir ki, ev yananda hər şey yanır, Qurani-Kərim yanmır. Bir təhər sakitləşdilər.
- Bu yaxınlarda kanallarında birində qonaq idin. Orda bir ağsaqqal səninlə kobud danışdı. Hətta səni təhqir etdi. Hamı səni hazırcavab bilirdi, sən isə susdun...
- Mən verilişin gedişatını görəndən sonra anlamışdım ki, burda hər şey məqsədli şəkildə edilir. Mövzu sosial şəbəkələr idi, ancaq sosial şəbəkələrə dəxli olmayan iki ağsaqqal ekspert kimi fikir bildirirdilər. Mənim çıxışımdan 5 dəqiqə əvvəl onlardan biri vətənpərvərlik haqda fikir bildirdi, sonra mən deyəndə ki, bəzi Feysbuk səhifələri layk xətrinə əsgər şəkilləri paylaşırlar, bu, həmin ağsaqqala xoş olmadı. Daha doğrusu, səhv başa düşdü. Mənə dedi ki, nə banlayırsan? Mən ona cavab vermədim.
Redaktorlar kamera arxasından əl edirdilər ki, sən də ona cavab qaytar, ancaq mən öz səviyyəmi qorudum, susdum. İstədim verilişi yarımçıq tərk edəm, ancaq ora dostum Həsən Fətəliyevə görə getmişdim, ona görə də qaldım. Sağ olsun, təkcə o məni müdafiə etdi.
- Necə?
- Veriliş bitəndən sonra dedi ki, ağsaqqal düz deyirdi də, nə banlayırdın?
- Hazırda 3 şəxs var ki, onlarla ulduzların barışmır. Kənan MM, Kamil Zeynallı, Hüseyn Əzizoğlu. Nə məsələdir?
- Kənan bayaq dediklərimə görə məni blok edib. Kamil Zeynallı onunla bağlı yazılarımı hələlik görməyib. Amma bir dəfə statusumu yaxşı mənada öz İnstaqram hesabında paylaşmışdı. Hüseyn Əzizoğlunu isə çox mənasız vaynlar çəkdiyi üçün tənqid etmişəm. Hətta özünə də demişəm ki, vayn çəkməsə, daha yaxşı olar.
- Tənqid etmək üçün gərək bütün sahələrdən məlumatın ola... Təhsilin varmı?
- Atam istəyirdi hərbçi olum. “Naxçıvanski”yə qəbul olmaq üçün həkim komissiyasından keçirdim. İlkin yoxlanışdan sonra dedilər ki, get qanını yoxlatdır. Əvvəlcə başa düşmədim nə demək istəyirlər. Elə bildim, qanımda vətən xaini olmağımla bağlı nəsə tapıblar. Sonra izah etdilər ki, qan azlığın var. Beləcə, hərbə yararsız oldum. Birinci Bakı Sosial İqtisad Kollecinə daxil oldum. Oranı bitirəndən sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına daxil oldum. Hazırda bu təhsil müəssisəsinin tələbəsiyəm.
- Uğurlar...
- Çox sağ olun.