8 Fevral 2018 19:35
8 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sevə-sevə izlədiyi iki böyük səhifə var – “Trollinq Azərbaycan” və “Kəpstaqram”. Hər iki səhifənin admini olan Ceyhun Babayev, həm də xeyriyyə işləri ilə məşğuldur.

Beləliklə, Teleqraf.com “Dev-sos” layihəsində Ceyhun Babayev ilə müsahibəni təqdim edir.

- Ceyhun Babayev kimdir?

- Mən Ceyhun Babayev, 27 yaşım var, Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirmişəm. Akademiyaya qəbul olmağım öz istəyimlə olmayıb, sadəcə, keçid balım ora çatdığı üçün, məcbur oxumalı oldum. Tələbə vaxtlarımdan sosial şəbəkələrdə, əsasən də Feysbukda aktiv idim. Ancaq o zamanlar ətrafımda bu qədər insan yox idi, hətta yadıma gəlir, 2015-ci ildə yazı paylaşanda özümdən başqa bəyənən olmurdu. Sonra “Trollinq” səhifəsində admin oldum, orda “Cek” ləqəbi ilə kəpslər paylaşmağa başladım və gördüm ki, səhifə izləyiciləri üçün maraqlı olur. Qərara gəldim ki, “Trollinq” səhifəsini alım. Bundan sonra səhifə mənim oldu, Nigar adlı bir xanımla tanış olduq və qərara gəldik ki, həm də xeyriyyə işləri ilə məşğul olaq. Feysbukda bir qrup yaratdıq, insanlara müraciət etdik ki, kimin nəyə gücü çatırsa, kömək etsin, oyuncaqlar, köhnə paltarlar və s. İlk başdan cəhdlərimiz uğurlu olmadı. Çünki heç kəs bizə inanmırdı. Sonra bir hiylə işlətdim, Nigara dedim ki, sən mənə bir az oyuncaqlar və köhnə paltarlar tap. Nigar bu dediklərimi tapıb gətirdi və şəkillərini çəkib qrupa yerləşdirdim. Yazdım ki, artıq bizə kömək edən insanlar var, siz də bizə qoşulun. Yalnız bundan sonra bizə inandılar və yardım etməyə başladılar. Beləliklə, Feysbukun və sosial şəbəkələrin mənə verdiyi imkanlardan maksimum yararlandım. Həm insanları əyləndirən kəpslər hazırladıq, həm də xeyriyyə işləri ilə məşğul olmağa başladıq.

Son vaxtlar isə bir fikrimi də reallaşdırdım. Deməli, müxtəlif şirkətlər sosial şəbəkələrdə konkurslar keçirirlər və qalib olanlara müxtəlif dəyərli hədiyyələr, böyük miqdarda pul verirlər. Mən də bu konkurslarda iştirak edirəm, insanlar paylaşdığım şəkilləri sadəcə “layk” etməklə məni qalib edirlər, mən də qazandığım dəyərli əyşaları pula çevirib, aztəminatlı ailələrə, kimsəsizlərə yardım edirəm. Hətta yeni il ərəfəsində “Ayfon 8” qazanmışdım, satıb 3 gün ərzində 17 ailəyə payladıq ki, onlar da bayramı yaxşı qeyd etsinlər, sevinsinlər.

- Neçə ildir kəps hazılayırsan?

- Hardasa 6 il olar. Bu 6 ildə 30 minə yaxın kəps hazırlamışam.

- Bəs öz gəlirin hardandır, harda çalışırsan?

- Bir məsəl var, daşdan pul çıxartmaq. Bu məsəl mənə aiddir, istənilən şəraitdə pul qazana bilərəm. Sosial şəbəkələrdəki reklamlardan gəlir əldə edirəm. İndi bu sahədə də saxtakarlıq çoxaldığı üçün, gəlirlərim də azalıb. Saxta səhifələr 20 qəpiyə, 70 qəpiyə reklam edirlər və bu da böyük səhifələrə problemlər yaradır.

- Ailən etiraz edirmi ki, daha ciddi işlərlə məşğul ol?

- Əvvəllər olurdu, ancaq aylıq xərclərimi özüm ödəməyə başlayandan sonra müdaxilə etmədilər.

- Aylıq gəlirin nə qədər olur?

- 1000 manata yaxın qazanıram.

- Nə vaxta kimi bu işlərlə məşğul olmaq fikrin var? Deyək ki, ailə qurdun, yenə bu işlərə davam edəcəksən?

- Gələcəkdə bu işimi biznesə çevirməyi planlamışam. Hansısa əşyaların reklamını və satışını təşkil etmək fikrim var.

- Heç olur ki, dostlar, tanışlar sənin xeyriyyə işlərinə şübhə ilə yanaşsınlar? Məsələn, deyə bilərlər ki, bu, xeyriyyə adıyla yığdığı pulları özü üçün istifadə edir.

- Əlbəttə olur. Belə hallarla çox qarşılaşıram. Ancaq öncədən belə söz-söhbətlərin olacağını hiss etdiyim üçün, bütün çekləri özümdə saxlamışam. O çeklərdə hər şey açıq-aydın göstərilib, şübhəsi olanlara istənilən vaxt hər şeyi sübut edə bilərəm.

- Kəpslər daha çox tənqidlərdən ibarət olur, sən bu tənqidlərə görə hansı problemləri yaşamısan?

- Mən tənqid edəcəyim adamı əvvəlcə analiz edirəm ki, görüm bu tənqidə necə reaksiya verir. Ondan sonra kəps hazırlayıram. Təhqirə qətiyyən yol vermirəm. Ancaq bir dəfə rejissor Kənan MM-in yeni filminin afişasında yazılan “Şərəfsizlərə giriş qadağandır” yazısını heç bir tənqidi fikir və başlıq yazmadan paylaşmışdım. Kənan isə bunu çox aqressiv qarşılamışdı, bizi təhqir etmişdi, nömrə istəmişdi. Hətta skrin edib paylaşdığı şəklə yazmışdı ki, bu adamların nömrəsini tapın, halbuki skrin etdiyi şəkildə açıq-aşkar nömrəm görünürdü. Bir dəfə də xalq artisti Niyaməddin Musayevin köməkçisi bizi məhkəməylə hədələmişdi. Yəni bizdə tənqidi normal qarşılamırlar. Bu mənada tanınmış futbolçularımız Vaqif Cavadova, Əfran İsmayılova təşəkkür etmək lazımdır. Qətiyyən etiraz etmirlər.

- Təhdid edənlər, görüşə çağıranlar da olubmu?

- Görüşməkdən imtina etmişəm, çalışmışam ki, narahatlıq varsa, yerindəcə həll edim.

- “Trollinq” səhifəsindəki kəpsləri özün hazırlayırsan, yoxsa bu işdə sənə kömək edənlər var?

- Əvvəllər özüm hazırlayırdım. Sonra vaxt olmadığına görə, düşündüm ki, başqalarının hazırladığı kəpslərə də yer verim. Bu sahədə bizdə kifayət qədər istedadlı gənclər var. Feysbukda TAOG adlı qrup yaratdım. İndi hardasa 10 minə yaxın üzvü var. Orda hər gün kəpslər hazırlayırlar. Biz də seçirik, ən çox bəyənilənləri səhifədə paylaşırıq. Bu gün sosial şəbəkələrdə məşhur olan kəpslərin bir çoxu məhz bu qrupun uşaqlarına məxsusdur. TAOG qrupunun üzvləri təkcə kəps hazırlamaqda yox, xeyriyyə işlərində də mənə çox kömək edirlər. Hər birinə təşəkkür edirəm.

- Sosial şəbəkələr olmasaydı, kim olacaqdın?

- Çox güman ki, oxuduğum ixtisas üzrə çalışacaqdım. Dənizçilikdə də maaş normaldır. Sadəcə, o işə həvəsim yoxdur. Sosial şəbəkələrdən isə səmərəli istifadə etməyə çalışıram.

- Səmərəli deyəndə nəyi nəzərdə tutursan?

- Təbii ki, maddi gəlirləri və xeyriyyə işlərini nəzərdə tuturam. Bura kitab təbliğatı, istedadlı insanların kütləyə tanıdılması da daxildir.

- Elə insanlar olurmu ki, özləri sizdən xahiş etsinlər ki, onu tənqid edəsiz və bu yolla tanınalar?

- Belə bir biabırçı hadisə başımıza gəlmişdi. Deməli, bir ekstrasens bizə yazmışdı ki, ayda 150 manat verəcəm, siz də bunun müqabilində məni söyün, təhqir edin, ancaq gündəmdə olum.

- Sənin sosial şəbəkə hesablarında xanımlar aktiv olurlar, nə məsələdir?

- Ola bilər, ancaq münasibətdə olduğum insan var.

- Yəni söhbəti bağlayaq da?

- Bəli, bağlayaq...

- Xeyriyyə işlərində sənə yardım edən insanlar ancaq sosial şəbəkə istifadəçiləridir, yoxsa kənardan qoşulanlar da var?

- Elə insanlar var ki, onlar sosial şəbəkələrdən istifadə etmirlər. Sadəcə, arada bir gündəmdən xəbərləri olsun deyə, baxırlar. O insanlar da məni tapırlar və köməksiz insanlara yardım etmək istədiklərini deyirlər.

- Olubmu ki, lazım olan məbləği bir insan ödəsin?

- Olub. Bir dəfə Məhəmmədəmin adlı nitq qüsurlu bir uşağa müalicəsi üçün kömək etmək lazım idi. Müalicə üçün isə hardasa 1000 manat pula ehtiyac var idi. Səhifələrdə paylaşandan 3 gün sonra, bir nəfər zəng etdi və həmin məbləği ödəmək istədiyini dedi. Ancaq məbləğin iki qatını verdi və adının çəkilməsini istəmədi.

- Hansı çətinliklərlə qarşılaşırsız?

- Hərdən olur ki, bir adamın müalicəsinə 200 min manat lazım olur. Təbii ki, bu məbləği toplamaq çox çətin məsələdir. Ancaq toplamaq mümkün olsa belə, seçim etmək məcburiyyətində qalırsan. Ya 200 min manatı bir nəfərin müalicəsinə xərcləməlisən, ya da bu məbləğlə 20-30 nəfəri müalicə etməlisən. Seçim isə çətindir...

Bir də xəstə insanlarla bağlı bəzən öncədən heç bir məlumatımız olmur. Evə girəndən sonra bizə deyirlər ki, bu, vərəm xəstəsidir. Təbii ki, bu da bizdə müəyyən streslərə səbəb olur. Hava yoluyla keçən xəstəliklərdən qorunmağa çalışırıq.

- Bəs hansı maraqlı hadisələr olub?

- Yeni il ərəfəsində bir ailəni ziyarət edirdik. Bir xanım bizi qarşıladı və evə qədər ötürdü. Evə girəndə elə bildik ki, hansısa imkanlı şəxs köməksiz ailəyə öz həyətində bir daxma verib ki, yaşasınlar. Ev deyildi, bildiyiniz villa idi, 2 mərtəbəli, super təmirli villa. Ancaq gördük ki, yox, elə evin sahibləridir bizdən kömək istəyənlər. Şoka düşmüşdük. Sən demə, bu insanlara bir neçə il öncə 59 min manat kömək ediblər. Bunlar da bütün məbləği bu evi almağa istifadə ediblər. Evdə bir dənə əşya da yoxdur. Bom-boş evdir və quru döşəmədə yatırlar. Belə hadisə olub.

- Yardım etdiyin ailələrlə münasibətlər sonralar da davam edirmi?

- Əlbəttə, demək olar ki, hər bayramda zəngləşirik. Hətta bir ailə var, nənə və baba, övladları tərəfindən atılıblar, neçə müddət küçələrdə yaşayıblar. Onlarla o qədər doğmalaşmışıq ki, ayda 3-4 dəfə evlərinə gedirəm. Çalışıram kirayə pullarına da kömək edim. Çox maraqlı ailədir. Bir dəfə dostlarımla getmişdik, onlar da heyrətləndilər ki, nə gözəl insanlardır, bu qədər acınacaqlı vəziyyətdə yaşamaqlarına baxmayaraq, deyirlər, gülürlər.

- Bu yaxınlarda Gülnar Həmidova adlı bir xanımın müalicəsi üçün hər kəs səfərbər olmuşdu. Bu ərəfədə onun adına başqa bir saxta hesab yaradılmışdı. Belə saxtakarlıq hallarına qarşı necə mübarizə aparırsız?

- Bunu mütləq qeyd etməliyəm, xeyriyyə işləri ilə məşğul olmaq istəyən insanlar diqqətli olsunlar. Fırıldaqçılıq çoxalıb. Təsəvvür edin ki, saxta xəstəlik kağızları ilə yardım istəyirlər. Hətta bank hesabı yaradırlar, sosial şəbəkələrin vasitəsilə pul yığırlar. Sözümün canı budur ki, kiməsə yardım edəndə mütləq araşdırın, xəstəlik kağızına baxın, görüşün.

- Elə səhifələr varmı ki, onlar özləri də saxtakarlıqla məşğul olsunlar?

- Bəli, belə səhifələr də var. İnstaqramda “Dublaj vine Baku” səhifəsi var, neçə insanı aldadıblar. Müxtəlif rayonlardan poçt vasitəsilə pul göndəriblər, onlar isə pulu əldə etdikdən sonra həmin adamlarla bütün əlaqəni kəsiblər. 3 ildir ki, bu fırıldaqçılıqla məşğuldurlar və 11 min manata yaxın pul mənibsəyiblər...


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər