Şeiri oxumuşdum, Toğrul bəy mənə göndərmişdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış şair Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, bir mövzuya müxtəlif baxışların olması gözəldir, eləcə də bu şerə.
Nəzirənin müəllifi Toğrul Turqut isə bildirib ki, şeiri 2015-ci ildə yazmağına baxmayaraq, saytlarda indi yayılıb:
“Saytlarda yayılmağını da elə sizdən öyrəndim. Düzü, xəbərim yox idi. Mən şeiri öz Feysbuk səhifəmdə də paylaşmaqla yanaşı, Aqşin Yeniseyə də göndərmişdim. O da bəyəndiyini bildirmişdi. Mən gənc yazar, şair deyiləm, yanlış anlaşılmasın”.
Nəzirəni təqdim edirik:
Sənə məktub yazıram,
Yazıram ki,
Bağışla...
Havalar düzəlibdir,
Narın yağır yağışlar.
Həkim məsləhətiylə,
Azaltmışam içkimi.
Dövr əvvəlki deyil,
Day içmirəm it kimi.
Çirkli ayaqqabılar,
Dibi yanmış qazança.
Xatirədir o vaxtdan,
Yaddan çıxar haçansa.
İndi özüm də hərdən,
Mətbəxə çəkirəm baş.
Aşbazlıqla yanaşı,
Üstüm təmiz, üz təraş.
Qovuşdum gec də olsa,
Aşiqəm arvadıma.
Bəlkə qəribə gələr,
Heç düşmürsən yadıma.
Balaca bir qızım var,
Unutdurub keçmişi.
Çox xoşbəxt mənzərədir
Övlad saxlayan kişi.
Üçümüz bir yatırıq,
Dağıdırıq otağı.
Səhər işə gedəndə,
Arvad yığır yatağı.
Şükür yoxdur dərd qəmim
Havalar keçir əla
Narın yağır yağışlar.
Sənə məktub yazıram
Yazıram ki,
bağışla...
Qeyd edək ki, Aqşin Yeniseyin “Məktub” şeiri olduqca məşhurdur və şeirin sözlərinə mahnı da bəstələnib.