12 Mart 2018 13:08
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

16-18 may 2018-ci il tarixlərində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, sərgi Kənd Təsərrüfatı Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Tədbirdə dünyanın 20 ölkəsini təmsil edən iştirakçılar yerli və xarici istehsalçıların geniş çeşidli məhsullarını nümayiş etdirəcəklər. Sərgidə həmçinin Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendlərinin iştirakı da gözlənilir. Bu il sərgidə süd, qənnadı məmulatları, şokolad, soyuducu avadanlıq təchizatçıları, eləcə də çay istehsalçıları xüsusi fəallığı ilə seçilir. Hər il yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz və çay ixracatçıları sərgidə fəal iştirak edirlər. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyəhazırladıqları məhsullar arasında süd, qənnadı məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz və laboratoriya avadanlıqları və həmçinin bir sıra digər məhsullar yer alır.

Təşkilatçılar sərginin işi ilə yanaşı, qida məhsulları tədarükçüləri və yerli pərakəndə ticarət şəbəkələrinin nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Sərgidə ilk dəfə olaraq "yeniliklər vitrini" təşkil olunacaq. Burada iştirakçılar bazarda təqdim edilməmiş yeni məhsullarını nümayiş etdirəcəklər.

Keçirildiyi 24 il ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər