Çox vaxt məndən inciyirlər. Çünki utancağam. Seçilməyən aktyora deyə bilmirəm ki, filmə səni yox, başqa aktyoru təsdiqlədik. Bunu hörmətsizlik kimi qəbul edirlər, ancaq elə deyil.
Bu sözləri Teleqraf.com-a “İkinci pərdə” filminin rejissoru Emil Quliyev deyib. Müsahibəni təqdim edirik.
- Emil bəy, “İkinci pərdə” filminiz uğurlu oldu, kifayət qədər tamaşaçı toplaya bildiz. Eşitdiyimə görə, bu yaxınlarda daha bir filmi təqdim edəcəksiz.
- Film ssenarisi “Bozbaş pikçers”in sevilən obrazlarından olan Fəlakətin üzərində qurulub. Fəlakət obrazını təbii ki, Elşən Orucov oynayacaq.
Filmin çəkilişləri artıq yekunlaşıb. Çəkilişlər 3 fərqli ayda ¬– fevralda, martda və apreldə aparılıb. Çəkilişlər çox rahat keçdi. Ümumiyyətlə, Elşən Orucovla işləmək rahatdır. Pozitiv insan olduğu üçün çəkiliş meydançasında çox gözəl ab-hava vardı. Mən və çəkiliş qrupumuz Elşəndən çox razıyıq. Gələcəkdə işbirliyimiz davam edəcək.
- Filmin ideya və ssenari müəllifi kimdir?
- Filmin ideya və ssenari müəllifi mənəm. Eyni zamanda ssenari üzərində adını hələ açıqlamaq istəmədiyim insanlar da işləyiblər. Ssenari çox yaxşı alınıb. Operator Fransada yaşayan həmyerlimizdir, bu film üçün dəvət etmişik. Filmin rəssam işi idealdır. Ən böyük üstünlüyü rəssam işinə vermişik. Hətta bunu birinci qeyd etsək daha yaxşı olar.
- Filmin büdcəsi haqqında da söz-söhbətlər bitmir. Deyilənlərə inansaq, böyük məbləğdə vəsait xərclənib.
- Çəkiliş üçün 23 mənzil sıfırdan təmir olundu. Mənzillər suvağından tutmuş fasadına qədər dəyişdirildi. Asfalt rəngləndi. Lampalar asıldı. Quşlar üçün yuva tikildi. Bir sözlə, bütün qonşular bizdən razı qaldılar.
Bundan əlavə, sıfırdan qonaq otağı, yataq otağı, mətbəxi tam təmir olunmuş, içi əşyalarla dolu mənzil tikildi. Hətta 12 nəfərlik yeri olan məhkəmə zalı da quruldu. Fəlakət üçün xüsusi park salındı. Yəni Fəlakətin parkı ancaq o cür ola bilərdi.
Filmdə 40-a yaxın aktyor var və hər bir obraz üçün bir neçə dəst paltar tikilib. Təkcə Fəlakətin səhv etmirəmsə 6-8 dəst paltarı var. Bu cür xırdalıqlara diqqət edəcək qədər böyük iş görmüşük. Geyim rəssamımız Olya Şabanova çox gözəl işlədi. Rəssamımız Arif Niftiyev çox gözəl iş gördü.
- Filmin janrı komediyadır. İndi demək olar ki, hamı komediya çəkir. Sizin film hansı parametrlərinə görə digərlərindən fərqlənəcək?
- Fəlakət obrazının tamaşaçıları daha çox 6-12 yaş arası balacalardır. Düzdür, orta nəsil, yaşlı nəsil də baxır, ancaq daha çox uşaqlar sevir bu obrazı. Uşaqların zövqünü oxşayacaq əsas parametrlər isə rənglərdir. Hər şeyi tikməyə qərar verdik. Çünki təsəvvür etdiyimiz məkanlar bizdə yoxdur. Ssenarini yazanda düşünürdüm ki, bu yerini filan məhəllədə çəkərik, bu yerini filan küçədə, ancaq sonradan bu fikrimdən daşındım.
Prodüserin qarşısına belə bir vəzifə qoydum ki, büdcə artırılmalı, istədiyimiz məkanlar qurulmalı, tikilməlidir. Büdcə iki dəfə artıq olsa da, nəticədə filmin yaxşı qarşılanacağına inanıram. Digər filmlərlə müqayisədə nə qədər uğurlu olub-olmadığımızı isə hələ ki deyə bilmərəm. Rəqabətə kim güclü olacaqsa, o da qalib gələcək. Bunu zaman göstərəcək.
- Bizdə adətən komediya filmləri uğurlu olan kimi davamını da çəkirlər. Sizin də fikriniz varmı ki, “Fəlakət” filminin davamını çəkəsiz?
- Bəli, fikrimiz var. Çünki film elə bitir ki, davamını çəkmək vacibdir. Ola bilər ki, adı “Fəlakət” olmasın, ancaq başqa adda davamı olacaq.
- Son zamanlar belə bir tendensiya yaranıb: istehsalçı şirkətlər filmlərini Türkiyə bazarına da çıxartmağa çalışır. Hətta bu istiqamətdə işlər gedir, yerli filmlər türk dilinə tərcümə olunur. Bu barədə siz nə düşünürsüz?
- Türkiyə film bazarında elə böyük rəqabət var ki, inanmıram bizim çəkdiyimiz filmlər ordakı rəqabətə dözsünlər. Məncə, hələ tezdir. Mən də daxil olmaqla, hamımız inkişaf etməliyik. Bundan sonra bəlkə Türkiyə bazarına çıxmaq mümkün ola. Biz hələlik öz daxili bazarımızda özümüz üçün filmlərimizi maksimal səviyyəyə çatdırmalıyıq. Ən azından peşəkarların film çəkdiyi dövrə gəlib çataq, daha sonra başqa bazarları düşünərik.
Biz bu saat öyrənirik. Hər kəs təhsil alır. Çox təəssüf ki, İncəsənət Universitetini bitirən tələbələrin 90 faizi çox savadsız və incəsənətdən anlayışı olmayan insanlardır.
- Bu işlər təhsillə əlaqəlidirsə, sizin də təhsiliniz yoxdur axı.
- Düzdür, mənim təhsilim yoxdur, ancaq internet var. İnternetdən istifadə etsək, kifayət qədər məlumatlar var. Hətta İncəsənət Universitetindən də artıq təhsil ala, öyrənə bilərik. Bu dəqiqə internet bu şəraiti yaradır. Əgər bu gün kimsə bu imkanlardan istifadə etmirsə, diletant olaraq film çəkirsə, sabahkı uğursuzluğuna təəssüflənməsin. Bu, onun öz şəxsi problemidir.
İnsan gərək daim mütaliə etsin, öyrənsin. Film işi böyük məsuliyyət tələb edir. Mən bu gün görürəm ki, kino sahəsində heç bir işi olmayan adam təzə film çəkir.
Təsəvvür edin, bu yaxınlarda bir nəfər tammetrajlı bədii film çəkirdi. Filmə kifayət qədər tanınmış və peşəkar aktyorları dəvət etmişdi. Xalq artistləri, əməkdar artistlər, hətta dünya səviyyəli tanınmış aktyorlar çəkilməyə razılıq veriblər. Çəkiliş meydançasına gəlib, klaketi götürüb, soruşub ki, bu nədir? Yəni bu adam film çəkir və o filmi sabah türk bazarına çıxartmaq istəyir. Vallah, gərək ya Allahdan vergili, ya vunderkind, ya da ekstrasens olasan ki, deyəsən, mən intuitiv hiss edirəm, bu filmi belə çəkməklə uğur qazanacam.
- Yeni filmlər açıq-aşkar biznes üçün nəzərdə tutulur. Sənət anlayışı get-gedə qüvvəsini itirir. Bu balansı qorumaq üçün nə etmək lazımdır?
- Film biznesdir. Amma bu, prodüserin işidir, rejissorun yox. Rejissor filmə biznes kimi baxırsa, apar tulla. Bu sözü deyirəm və tam məsuliyyətimlə də sözümün arxasında dururam. Rejissor filmə yaradıcı məkan kimi baxmalıdır.
Filmin maliyyə işləri isə prodüserin öhdəsinə düşür. Hər zaman rejissorla prodüserin arasında böyük qalmaqallar olur. Biri deyir, mən elə istəyirəm, o biri deyir, mən belə istəyirəm. Bizdə isə tərsinədir. Mən birinci və ikinci filmimdə bilirdim ki, qara qəpik də qazana bilməyəcəm. Hətta sevinirəm, yaxşı ki qazanmadım. Əvəzində ortaya film qoya bildim, hər kəs baxır, bəyənir. Düzdür, bu filmin də ətrafında müəyyən söz-söhbətlər oldu. Bəzi adamlar kassalarda dava salıblar ki, biz belə filmlərə arvad-uşaqla gedib baxmarıq. Sonradan isə internetdə gizli-gizli baxırlar. Elə bil, türkün söyüşü söyüşdür, bizimki yox.
- Bəzi rejissorlar var ki, öz yazdıqları ssenarilərdə ürəkləri dözmür, özlərinə də kiçik bir rol verirlər. Bayaq dediz ki, yeni filminizdə 40-a yaxın obraz var. Onların arasında sizin də obrazınız varmı?
- Xeyr. Belə şeyləri sevmirəm. Heç başa da düşmürəm. Ümumiyyətlə, istəməzdim filmə çəkilim. Bəlkə gələcəkdə görərəm ki, axtardığım obraza məndən başqa uyğun olan yoxdur, yalnız o halda mümkündür.
- Teatr praktikası necə, sizin üçün maraqlıdırmı?
- İstəyirəm. “İkinci pərdə” filmimi tamaşaya qoymaq istəyirəm. Neçə gündür bu haqda düşünürdüm, sanki siz də hiss etdiz. Amma bilmirəm bu arzum nə qədər real olacaq... Teatrla kino fərqlənir deyə, hələ ki özümü hazır hiss etmirəm.
- Gələcəkdə birlikdə işləmək istədiyiniz, daha doğrusu, arzuladığınız aktyor-aktrisa varmı?
- Xeyr. Əvvəlcə ssenariyə baxıram, ondan sonra aktyor axtarıram. Bəzən də ssenarini yazanda artıq bilirəm ki, hansı aktyor hansı obraza uyğundur və ssenarini də ona uyğun yazıram.
- İki film çəkmisiz, ikisi də son illər dram janrında çəkilmiş ən uğurlu filmlər siyahısında yer alır. Amma deyəsən, sizdən sonra dram janrında film çəkməyə cəsarət edən olmadı. Səbəb nədir? Bu janrda çəkilən filmlər yaxşı kassa gətirmir, yoxsa çəkiliş prosesləri ağır olur deyə, heç kəs risk etmir?
- Dram janrında film çəkmək istəyən adam pul qazanmaq məqsədi seçməməlidir. Bu janrda film çəkmək üçün mütləq stimul olmalıdır. Mənim stimulum o idi ki, bu hadisələri görmüşdüm, ağrısını bilirdim və bunu hər kəslə bölüşmək istəyirdim. Bəlkə filmə baxanlar arasında nəticə çıxaranlar olacaqdı? Hətta bir ailə belə mənim filmlərimə baxandan sonra yaxşı mənada nəticə çıxardacaqdısa, bu, artıq mənim uğurum sayılacaqdı.
Mən o filmləri çəkəndə qətiyyən qazanc məqsədi güdməmişəm. Əvvəldən bilirdim ki, bu tip filmlərin tamaşaçıları spesifikdir. Komediya filmləri elədir ki, gəlirsən, baxırsan, əylənirsən və gedirsən. Ona görə komediya filmlərinin tamaşaçıları da kifayət qədərdir. Təbii ki, o da olmalıdır.
Amma dram janrına üstünlük verən tamaşaçılar da az deyil. Bəli, biz piar işlərinə bir o qədər də önəm vermədik və nəticədə çox insan filmimizdən xəbərsiz oldu, ancaq əvəzində pulumuzu başqa işlərə yönəltdik. Məsələn, birinci filmi çəkəndə piar etmədik ki, ikinci filmi çəkmək üçün maliyyə problemlərimiz olmasın. Büdcəmiz az olmasına baxmayaraq, uşaqlar həvəslə işlədilər. Yaxşı bilirdilər ki, bu, aktyorluq bacarıqlarını göstərmək üçün böyük bir platformadır, meydandır. Əllərindən gələni əsirgəmədilər.
- Bizim rejissorların çatışmayan tərəflərindən biri də budur ki, aktyorlarla işləməyi bacarmırlar. Təbii ki, filmləri izləyərkən bunu görməmək mümkün deyil.
- Çəkilişdən qabaq aktyorlarımı psixoloji hazırlayıram. Onlarla məşq keçirik. Bu gün təsdiqləyib, sabah çəkiliş meydançasına gəl demirəm. Uzun müddət seçirəm. Seçəndən sonra aktyorları dəvət edirəm. Tərəf-müqabilləri varsa, birlikdə məşq edirlər, yoxdursa, ya mən əvəz edirəm, ya filmin ikinci rejissoru, ya da ssenari müəlliflərindən biri.
Məşq proseslərindən sonra bəzən elə olur ki, ya aktyorun yerini dəyişirəm, ya da ümumiyyətlə, filmdən uzaqlaşdırıram. Çox vaxt məndən inciyirlər. Çünki utancağam. Seçilməyən aktyora deyə bilmirəm ki, filmə səni yox, başqa aktyoru təsdiqlədik. Bunu hörmətsizlik kimi qəbul edirlər, ancaq elə deyil.
- Adətən rejissorlar aqressiv olurlar. Çəkiliş meydançasında aktyorla kobud davrananlar da kifayət qədərdir. Çəkiliş zamanı sizin aktyorlarla münasibətləriniz necə olur?
- Rejissor niyə qışqırmalıdır ki? Bəziləri əlini qoyub çənəsinin altına guya ki, düşünürlər. Sonra deyirlər ki, gəlin filan şeyi belə edək. Heç özləri də bilmirlər nəyi necə etmək lazımdır.
- “Bozbaş pilçers”in “Bir xalanın sirri” filminin rejissoru siz idiz. Sanki “Bozbaş pikçers”i ənənəvi formatından çıxardıb, filmdə fərqli təəssürat yaratmağa çalışmışdız. Sizcə, buna nə qədər nail ola bildiz?
- Bu, mənim öz baxış bucağım idi. Mən filmi elə görürdüm. Düzdür, mənim fikirlərimlə “Bozbaş”ın fikirləri qətiyyən üst-üstə düşmürdü. Hətta çəkiliş meydançasından tutmuş, son montaj işinə qədər bir-birimizlə mübahisə edirdik. Sadəcə, bir-iki xırda detalda razılaşırdıq. Bu səbəbdən filmi mən bitirmədim. Natamam montaja qədər mən işlədim, ondan sonra özləri tamamladı.