İyunun 30-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin ilk gününün ikinci oyununda Uruqvay və Portuqaliya yığmaları qarşılaşırlar.
Soçidəki “Fişt” stadionunda oynanılan görüşdə Uruqvay yığmasının ilk onbirliyində Fernando Muslera, Dieqo Laksalt, Dieqo Qodin, Xose Ximenes, Martin Kaseres, Rodriqo Bentankur, Matias Vesino, Lukas Torreira, Nahitan Nandez, Edinson Kavani və Luis Suares yer alıblar.
Portuqaliya milli komandasının start heyətində Rui Patrisio, Rafael Gerreiro, Joze Fonte, Pepe, Rikardo, Joao Mario, Adrien Silva, Villiam, Bernardo Silva, Qonsalo Quedeş və Kriştiano Ronaldo meydana çıxıblar.
Oyunu meksikalı referi Sezar Ramos idarə edir.
Uruqvay yığması mundialın qrup mərhələsində bütün görüşlərdə qalib gələn üç komandadan biridir. İkiqat dünya çempionları “A” qrupunda Mərakeş və Səudiyyə Ərəbistanı yığmalarına 1:0, ev sahibi Rusiya millisinə isə 3:0 hesabı ilə qalib gəliblər.
“B” qrupunda İspaniya (3:3) və İran (1:1) ilə heç-heçə edən Portuqaliya millisi isə Mərakeşi minimal hesabla məğlub edərək qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Portuqaliyalıların hücumçusu Kriştiano Ronaldo qrup mərhələsində dörd qol vurub.
Bu oyunun qalibi günün birinci görüşündə Argentina yığmasını 4:3 hesabı ilə məğlubiyyətə uğradan Fransa millisi ilə yarımfinala vəsiqə uğrunda yarışacaq.
Futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 1-də İspaniya-Rusiya, Xorvatiya-Danimarka matçları oynanılacaq. İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.
Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Bundan əlavə, İspaniya-Rusiya görüşü İctimai Televiziyada futbolsevərlərə təqdim olunacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.