Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü sentyabrın 22-də saat 19.00-da açacaq.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, teatr 30-cu mövsümə Pərvinin əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə başlayacaq.
Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edirlər.
Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənolu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar.
Sentyabr ayında YUĞ Dövlət Teatrında ümumilikdə 5 tamaşa nümayiş olunacaq. Teatr sentyabın 23-də “Fəna” (O.Fikrətoğlu), 28-də “Medeya.Sekvensiya-01” (V.Klim), 29-da “Təklif. Elçilik” (A.P.Çexov), 30-da “Quş dili” (T.Vahid) tamaşaları ilə tamaşaçıların görüşünə gələcək.