4 Oktyabr 2018 09:01
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teatrlarımızın repertuarlarından razısınızmı? Səhnədə kimin əsərlərini, yaxud hansı əsərləri səhnədə görmək istərdiniz?

Teleqraf.com bu suallarla sahə mütəxəssisələrinin fikirlərini öyrənib.

Sorğunu təqdim edirik.

“Elçin və Əli Əmirlidən başqa heç kəs yada düşmür”

Ədəbi tənqidçi, şair Əsəd Cahangir hesab edir ki, teatrların repertuarı haqda dəqiq söz demək üçün gərək bütün tamaşaları ardıcıl izləyəsən: “Təəssüf ki, buna imkanım yoxdur. Ən çox Gənc Tamaşaçılar Teatrı və Akademik Milli Dram Teatrına gedirəm, hərdən Rus Dram Teatrı və Musiqili Teatrda da oluram. Teatrlarda milli və dünya klassikası, tutaq ki, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, dünya dramturgiyasından Şekspir, Qoqol, Knut Hamsun, Nuren və digərləri qoyulur. Bu yaxşıdır.

Məncə, reperturada çatışmayan cəhət müasir Azərbaycan insanını maraqlandıran, narahat edən problemlərlə bağlı əsərlərin azlığıdır. Müasir dramturq deyəndə Elçin və Əli Əmirlidən başqa heç kəs yada düşmür. O demək deyil ki, başqaları yoxdur. Əlbəttə, var. Sadəcə tamaşaya qoyulmadıqları üçün üzə çıxmır, inkişaf etmirlər.

Dramturq teatrda yetişir. Səməd Vurğun Adil İskəndərovla, İlyas Əfəndiyev Tofiq Kazımovla iş prosesində yetişib formalaşmışdı. “Vaqif” əsəri birbaşa məşqlər gedə-gedə yaranmışdı. Min dəfədən artıq göstərildi. Yəni, ən uzunömürlü tamaşa idi, milli teatr tariximizdə ən uzunömürlü tamaşa idi”.

Əsəd Cahangirin sözlərinə görə, son illər yazıçı Afaq Məsudun əsərinin Akademik Milli Dram Teatrında səhnəyə qoyulması yaxşı haldır: “Üslubi rəngarənglik yarandı. Gənc dramaturq Pərvinin bir sıra pyesləri müxtəlif teatrlarda səhnələşdirildi. Gənclərdən Samir Sədaqətoğlu dramturji fəaliyyətə yaxşı başlamışdı. Deyəsən, fəaliyyətini bir az səngidib. Rəvan Tovhidoğlu adlı gənc bir dramturq vardı, əsəri Sumqayıt Teatrında qoyuldu, sonra nədənsə səsi gəlmədi.

Yeni repertuar yeni imza ilə gəlir. Gərək xalqın problemlərini əks etdirən, aktual mövzu və ideyalı əsərlər tamaşaya qoyulsun. Onda tamaşaçı problemi də olmaz. Ən əsas məsələ odur ki, teatr azad olmalıdır. Azadlıq olmayan yerdə heç bir repertuarın ciddi önəmi ola bilməz”.

“Səhnə onlara verilməlidir”

Yazıçı-dramaturq Elçin Hüseynbəylinin sözlərinə görə, yeni dövrün dramaturqlarına daha çox səhnə verməlidirlər: “Uzun zamandır teatra maraq göstərmirəm, dramaturgiyadan bir qədər uzaqlaşmışam. Hazırda teatrların repertuarlarında nələrin olduğunu bilmirəm, roman yazmaqla məşğulam. Əlbəttə, teatrlar repertuarlarını Mədəniyyət Nazirliyi ilə razılaşdırılmış formada müəyyən edir. Bu, eyni zamanda rejissorların seçimidir. Buna görə də, repertuarlar haqda fikir demək çətindir.

Düzdür, əsərlərim teatrlarda səhnələşdirilir, amma son dövrlərdə yazılan dram əsərlərini oxumadığıma görə konkret kimlərin əsərlərinin səhnələşdirilməsini daha doğru saymağım barədə fikir söyləməkdə çətinlik çəkirəm.

Amma prinsipial olaraq, müasir dövrün dramaturqlarının əsərləri səhnələşdirilməlidir. Bizim milli dramaturgiyamızın banilərini, teatrımızın qurucularını səhnəyə qoymaq lazımdır. Bunlar yeni formada, yeni ruhda təqdim edilməlidir.

Milli dramaturgiyamızın inkişafı üçün yeni nəsillərə müraciət etmək lazımdır. Əgər kimsə zəif yazırsa, onunla işləmək lazımdır. Belə yazarlarla işləməsələr, dramaturgiyamızı inkişaf etdirmək çətin olacaq”.

“Klassik dramaturqlara müraciət olunmalıdır”

Teatrşünas Anar Bürcəliyev bildirib ki, teatrlar öz repertuar siyasətini tamaşaçı auditoriyasına uyğun planlaşdırır: “Mədəniyyət Nazirliyi teatrlar qarşısına o məsələni qoydu ki, hər teatr öz tamaşaçı auditoriyasına uyğun repertuar müəyyən etməlidir. Bu da teatrlarımızın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Lakin hazırda tamaşaçı qıtlığı var, teatra tamaşaçı gətirmək böyük bir problemdir. Açıq desək, bu gün teatr tamaşaçı arxasınca qaçır. Buna görə də, repertuar onların bədii şuraları tərəfindən qəbul olunur. Yəni, teatrlara bu sərbəstlik verilib.

Sovetlər dönəmində isə teatrlar öz repertuarlarını hakim ideologiyaya uyğun formalaşdırmaq məcburiyyətində idilər. Teatrlarımızdan təbliğat maşını kimi istifadə edirdilər. Bu gün belə bir problem yoxdur”.

Anar Bürcəliyevin sözlərinə görə, repertuar təyin edilərkən, pyes qəbul olunarkən bugünkü problemləri əks eləyən, tamaşaçını özünə cəlb edən mövzular seçilməlidir: “Amma ilk növbədə klassik dramaturgiyaya müraciət olunmasının tərəfdarıyam. Bəşəri ideyalar, fikirlər heç vaxt ölmür, onlar həmişə öz aktuallığını qoruyurlar. Bu gün Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı dramaturgiyalarını müasirləşdirib, ideyalarını qorumaq şərti ilə səhnəyə gətirmək olar.

Əlbəttə, teatrlarımızda müasir dramturqlarımızın əsərləri də səhnələşdirilir. İlyas Əfəndiyevə, Bəxtiyar Vahabzadəyə müraciət olunur. Son dövrlərdə daha çox yeni dönəmin yazıçılarının pyeslərinə müraciət edilir. Amma tamaşaçını cəlb etmək üçün rejissorun duyumu, rəssamın tərtibatı əsas şərtdir.

Müasir dramaturgiyaya müraciət olunan zaman həmin müəlliflərin ideyalarına toxunulmamalıdır. Təəssüflər olsun ki, bir çox rejissorlar bu ideyalara toxunurlar. Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi və digərlərini olduğu kimi, toxunmadan təqdim etmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər