“Qaragöz” filminin Fransa istehsalı olan “Radin!” filmindən plagiat olması ilə bağlı söhbətlər gedir. Hər bir tendensiyanı prosesin mahiyyət və məzmunununa uyğun olaraq təhlil etmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bu barədə yazıçı Qan Turalı bildirib.
Onun sözlərinə görə, dünya kinosunda bu cür adaptasiyalar daim mövcud olub:
“Bu yaxınlarda Türkiyədə nümayişə çıxan “Cebimdeki yabancı” (rejissor Serra Yılmaz) filmini xatırlatmaq kifayətdir. Bu film İtaliya istehsalı olan “Perfetti Sconosciuti” filmin türk variantı idi. Ya da Danimarka istehsalı olan “Killing” serialının ABŞ tərəfindən yenidən çəkmilməsini xatırlayaq. Misallar yüzlərlədir. Bu konteksdə söhbət plagiatdan yox adaptasiyadan gedə bilər.
Filmin yaradıcı heyətinin əsas problemi bu barədə tamaşaçıları məlumatlandırmamasıdır. Amma açıq şəkildə etiraf etmək lazımdır ki, “Qaragöz” uğurlu adaptasiyadır. Məsələ heç də “Radin!”dəki obrazların “Hacı Qara” komediyasında olduğu kimi eyni adlarla (Qara, Tükəz, Bədəl) adlandırılmasından getmir. Bir çox hissələrlərdə ssenaristlər uğurlu adaptasiya variantları tapmışdılar”.
Qan Turalı qeyd edib ki, “Qaragöz” filminin adaptasiya olması onu digər filmlərdəki dramaturji üslub problemlərindən azad edir: “Bir çox hallarda bizim ssenaristlər tammetrajı bədii filmin dramaturgiyasını anlamayaraq, onu arda-arda düzülmüş səhnəciklər kimi xarakterizə edirlər. Halbuki bu mexaniki rabitə tammetrajlı film dramaturgiyasını inkar edir. “Qaragöz”də bu problemlər yox idi. Müzakirələri də mahiyyəti və təyinatı üzrə aparmaq lazımdır. Bəlkə də pis bir yerli ssenaridənsə normal bir adaptasiya daha məqbuldur”.