26 Avqust 2014 16:31
3 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olub. Atası neftçi, anası isə evdar qadın idi. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1973-1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışıb. 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyət göstərməyə başlayıb. “Nəsimi” filmindəki Fatma rolu ona kinoda yaşıl işıq yandırdı. Ardınca Validə (“Qızıl qaz”), Solmaz (“Bakıda küləklər əsir”), Milli (“Tütək səsi”), tibb bacısı (“Şahid qız”), Xalidə (“Xoşbəxtlik qayğıları”) və s. rollarında çəkildi. 15 ilə yaxın sevdiyi sənətdən uzaq qaldı amma sonra yenə sevdiyi kinosuna qayıtdı. Çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında iştirak etdi, əcnəbi filmlərə çəkildi və hazırda “Bir ailəm var” serialında tamaşaçı təbiri ilə desək əzazil ana obrazını canlandırır. Amma son illərdə Azərbaycanda heç bir filmə dəvət almayıb.

Səbəblərini isə aktrisa Teleqraf.com-a söhbətində bildirir.

Nəsiminin Fatiməsi

““Nəsimi” filmindən sonra mənim üçün kinoda yaşıl işıq yandı. Amma o roldan sonra məşhurluğumu hiss etmədim, sadəcə kinoda yolum açıldı. Heç zaman ulduz xəstəliyinə tutulmamışam. Düşünürəm ki, Azərbaycan kinosunda, teatrında məşhurların ulduz olmağına illər lazımdır. Biz hələki öz qazanımızda qaynayırıq. “Nəsimi” mənimlə yanaşı Rasim Balayev üçün də uğurlu oldu. Hətta mən deyərdim ki, Rasim Balayev o filmdən sonra əməlli-başlı dirildi. O bu filmə çəkilməmişdən əvvəl xəstəxanada yatırdı, depressiya keçirirdi. Mən bunları indi bilirəm, özü danışandan sonra... Xəstə idi, həyatına qəsd etmək dərəcəsinə çatmışdı. Heç kim onu çəkmirdi. Bu zaman Həsən Seyidbəyli dada yetişdi. Buna görə Rasim bir Tanrıya, bir də Həsən Seyidbəyliyə minnətdar olmalıdır. Həsən müəllim işinə çox ciddi yanaşan biri idi. Azərbaycan kinosuna həyatabənzər kino estetikasını gətirdi və bu estetika ilə məhz tarixi filmi çəkdiyinə görə uddu. Danışıqlar, davranışlar o qədər səmimi idi ki, pafosdan əsər-əlamət yox idi. Bir də filmdə düzgün aktyor seçimi müvəffəqiyyətin 50 faizini təşkil edir. Bütün bu keyfiyyətlərinə görə “Nəsimi” filmi indiyə kimi sevilir”.

O da rejissor olsaydım...

“Hazırda filmlərdən təklif yoxdur. Sonuncu çəkildiyim film Elxan Cəfərovun çəkdiyi “Əlavə təsir” filmi idi. Ondan sonra heç bir Azərbaycan filminə dəvət almamışam. Ümumiyyətlə, son çəkilən filmlərdə daha çox kişi obrazlar üstünlük təşkil edir. Bu mənada bu il Milli Kino Günündə nümayiş olunan “Nabat” filmi məni təəccübləndirdi. Şükür Allaha ki, Azərbaycanda hadisələrin, ekranın baş qəhrəmanı qadın olan bir film çəkən rejissor tapıldı. İranlı aktrisanı çəkməyi də rejissorun öz işidir. Rejissor öz seçimdə azaddır. Mən də rejissor olsaydım kimi istəyərdim onu çəkərdim və heç kimdən məsləhət almazdım. Mənim fikrimcə, Elçin Musaoğlu o xanımı çəkməkdə uduzmayıb. Filmi çox bəyəndim. Axır ki, kino dilinə uyğun bir film çəkilib. Bu filmi Azərbaycan kinosunda qələbə kimi qəbul edirəm, həqiqətən böyük müvəffəqiyyətdir. Sənət, müəllif, festival filmidir. Biz böyük film festivallarına çıxmaq istəyiriksə ancaq müəllif filmləri çəkməliyik. Sevdiyim digər yeni Azərbaycan filmləri də var. Elxan Cəfərovun “Dolu”, Samir Kərimoğlunun “Niyyət”, İlqar Nəcəfin “Buta”, Elçin Musaoğlunun “40-cı qapı” filmləri Azərbaycan kinosunun müvəffəqiyyətləridir. Hamıya da məsləhətim odur ki, bu filmlərə baxsınlar”.

Rola hazırlaşarkən

“Mən rola hazırlaşarkən, öncə mətni əzbərləyirəm, evdə məşq edirəm. Mətni o qədər mənimsəyirəm ki, özümküləşdirirəm. Bəzən mətni tamamilə dəyişdirirəm. Bunu daha çox dublyajda edirəm, belə demək mümkünsə mətni Azərbaycan dilinə salıram. Başı çıxanlar məni başa düşür. Eqoistlik edənlər öz xarakterlərindən çıxış edərək iradlarını bildirirlər”.

Teatr

“Bir teatrdan təklif almışam. Sentyabrda həll olunmalıdır. Amma serial yüküm ağırdır və çoxdur. Həmişə işimə ciddi yanaşan adamam, çox yerlərə qaça bilmirəm, bir işi bitirməmiş başqa işi görə bilmirəm. Bəziləri həm teatrda oynayır, həm serialda, həm də dublyaj edir. Mən bunu bacarmıram. Seriala o qədər ciddi yanaşıram ki, məsələn, bu gün səhər 6-da evə qayıtmışam və elə bilirəm böyük bir filmin ağır yükünü daşımışam. Bir aktrisa üçün kinoda çəkilmək çətin deyil, amma serial çox çətindir. Bir gün serialda çəkilmək sanki bir filmi çəkmiş kimi olur. Söhbət teatrdan düşübsə, bunu deməliyəm. Mən 8-ci sinifdə oxuyarkən Məmmədkamal Kazımovun Xalq Teatrında çalışırdım, 15 yaşımda Xuraman, Sara obrazını oynamışam. Universitetdə təhsil alarkən Tədris Teatrında çalışırdım. Teatr aktyor üçün idman kimidir, aktyoru formada saxlamaq üçün vasitədir. Teatr aktyor üçün çox vacib məkandır və bununla aktyor istənilən rolu oynamağa tam hazırdır. Amma həyat elə gətirdi ki, teatrda oynaya-oynaya kinoya düşdüm (gülür). Yəni o vaxt Adil İsgəndərov məni kino-aktyorluğu fakültəsinə seçdi. Teatrda Janna Dark obrazını oynamaq istəyirdim, amma bu alınmadı. Bu obraz ürəyimdə qaldı.

“Səhər saat 6-da evə qayıdanda bunu başa düşürsən...”

“Evə, ailəyə çox bağlı biriyəm. Əksər vaxtımı evdə keçirirəm. Bir evdən çıxandan, bir də evə qayıdanda sevinirəm. Oğlum rejissor ixtisası üzrə təhsil almışdı. İndi tamam başqa sahə ilə məşğul olur. Hazırda isə Avropada Universitetlərdən birində iki illik təhsil alır. Qızım Afaq ingilis dili müəlliməsidir. Uşaq vaxtı mənimlə birgə çəkilişlərə gəlirdi. Rejissorlar da o vaxt onu çəkirdilər. “Asif, Vasif, Ağasif” filminə, “Qoca palıdın nağılı”nda isə qızım roluna çəkilib. Aktrisa olmaq istəmədi. Bu sənət çox çətindir, ələlxüsus da qadın üçün...Səhər saat 6-da evə qayıdanda bunu başa düşürsən. Yoldaşım mənimlə ailə quranda aktrisa olduğunu bilirdi, məni tanıyırdı. Hətta mən deyərdim ki, biz bir-birimizi bəlkə doğulan gündən tanıyırıq. Biz ailə quranda mən filmlərə çəkilmişdim, kinostudiyanın “kino-aktyor” ştatında və teatrında işləyirdim. Bəzən hərdən şikayətlənir amma o heç vaxt qarşı çıxmayıb.

“Bir ailəm var”

“Serialın artıq çəkilişləri başlayıb. Tamaşaçılar isə yeni seriyalara sentyabr ayında baxa biləcəklər. Rolumla bağlı şərhləri oxumuram. Sadəcə qulağıma çatır. Yazılanları izləyə bilmirəm, çünki buna vaxtım yoxdur. Serial dinamikdir, ekstrimal situasiyalar yazılır, hadisələr gərgindir. Elə bir serial görməmişdim ki, 17 reytinqi olsun. İlk dəfə bu seriala təklif alanda düşündüm, dostlarımla məsləhətləşdim. Həmidə xanım oynadığına görə seriala baxırdım, məlumatım var idi. Həmidə xanımla yanaşı “Bir ailəm var” da həyatda da xətirlərini istədiyim, sənətlərinə hörmət etdiyim aktyor və aktrisalar yer alır. Həm də rolum oynadığım digər rollardan fərqlənir. Güclü qadın obrazıdır və təbii ki, obraz olaraq da qalır, çünki mən həyatda elə bir qaynana olmayacam. Həm də onu deyim ki, növbəti seriyalarda qadın dəyişəcək, tamamilə başqa qadın olacaq. Həyatdan zərbəni almış qadını tamaşaçılar daha həlim xasiyyətli biri kimi görəcəklər ekranda.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər