18 May 2019 09:47
2 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filosof, professor Niyazi Mehdi Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Adətən, klassik və hətta müasir şairlərin fəlsəfəsi olduğu haqda danışılır, İmadəddin Nəsimi, yaxud Bəxtiyar Vahabzadə fəlsəfəsinin adı çəkilir. Klassik fəlsəfə nöqteyi-nəzərindən Nəsimi fəlsəfəsi anlayışı doğrudurmu?

- Fəlsəfəni ədəbiyyatla bağlı çox təmtəraqlı anlamaq lazım deyil. Məşhur filosofları xatırlayın, hamısı yeni fəlsəfi nəzəriyyə irəli sürüb. Bu cür yanaşsaq, Nəsimi, Füzuli də daxil olmaqla Azərbaycan, niyə təkcə Azərbaycan, elə dünya şairləri arasında orijinal fəlsəfə nəzəriyyəsi olanı tapa bilmərik.

Ancaq Nəsiminin və Füzulinin xeyli şeiri var ki, o çağın məkanında gəzən fəlsəfi paradiqmalar əsasında yozmulmalıdır ki, hikməti başa düşülsün. Örnək olaraq onun palaq misrasını götürək: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”. Yaxud “ənəl-həqq” nə deməkdir? Onu fəlsəfə ilə yozanda ağıllı mənaları açılır. Özü də o çağın fəlsəfəsi ilə yozanda.

Əslində, “ənəl-həqq” formulası Nəsiminin ixtirası deyildi, ondan qabaq Ortaçağda dəbdə olan düstur idi. O zamanlar kim ağıllı görünmək istəyirdi, “ənəl-həqq” deyirdi. Fəlsəfə ilə açmasan, gülməli alınırdı... Sən Allahsansa, buyur, mənə möcüzə göstər. Elə et ki, eyni anda həm burada, həm də başqa yerdə olasan. Axı, Allah ruh olduğu üçün eyni anda müxtəlif nöqtələrdə ola bilər. Əgər bacarmırsansa, nə mənada “ənəl-həqq” deyirsən?!

Bunu sufi gələnəyinə söykənərək yozmalısan: “ənəl-həqq”in mənası odur ki, mənim ürəyimdə Allah düşüncəsindən başqa heç nə yoxdur.

Bunun oxşarı bir sufi məsəlində var. İbrahim Ədhəm adlı məşhur sufi Məkkəyə ziyarətə gedəndə şəhərdə oranın ağıllı adamları ilə görüşürdü. Bağdadda bir nəfərin yanına gəlib söhbət edir, o da deyir ki, niyə Məkkəyə gedirsən, yola xərclədiyin pulu mənə ver, başıma yeddi dəfə fırlan, get işinlə məşğul ol. Kəbənin binası əzəldən qoyulanda orada Allah olmayıb. Burada isə - əlini sinəsinə vurub söyləyir - əvvəldən yalnız Allah var.

Sufilər deyirdilər, sən ölməlisən ki, Allahda var olasan. Yəni sənin mənliyin yeri boşaltmalıdır ki, orada Allah bulunsun.

“İki cahan” məsələsini götürək. Tusi və başqaları deyirdi ki, ruha aid olan anlayışların, düşüncələrin eni-uzunluğu yoxdur, yəni onlar “laməkan”dırlar. Onlardan öncə bunu Aristotel söyləmişdi.

Ərəstunun sölədiyini mən belə açardım: odunu doğramaq olar, çünki onun uzunluğu var, ancaq odun ideyasını doğramaq olmaz. Sənin şüurun doğranmış odunu göstərə bilər, di gəl doğranmış odunu göstərmək üçün özü doğranmaz. Güzgü maddədir, onun qabağında odunu qoyub doğrayanda güzgünün hissələri odun kəsiklərini göstərəcək. Ancaq ruh güzgü deyil ki, hissələri ilə qarşısındıkının kəsiklərini görükdürsün. Nəsimi “laməkan” deyəndə onu bildirirdi ki, ruhumun eni, uzunluğu və qalınlığı yoxdur. Belə olan halda heç yerə sığmaz, hər yer isə ona sığar.

Bax, fəlsəfənin araçılığı ilə Nizamini, Nəsimini, Füzulini belə açanda ağıllı düşüncələr alınır. Fəlsəfə sözünü bizdə adamlar çox təmtəraqlı söz kimi deyirlər, bununla o qədər də razı deyiləm. Xeyli romanların fəlsəfəyə dəxli var. Sadəcə, fəlsəfənin köməyi ilə onları yozanda ağıllı mənalara gəlib çıxırsan.

Yenə deyirəm, Azərbaycan ədəbiyyat tarixində yeni fəlsəfi ideyalar olan nəinki şairlər, heç filosoflar da olmayıb.

- Nizamini də bu sıraya daxil edirsiniz?

- Bəli. Onların hamısı, sadəcə, çağlarının fəlsəfəsini gözəl biliblər. Bunun özü böyük şeydir. Şekspirin bəzi əsərlərini fəlsəfənin köməyi ilə dərindən açmaq olar, ancaq demək olmaz ki, o, dünyaya yeni fəlsəfi ideyalar verib. Bu mənada “Azərbaycan ədəbiyyatında orijinal fəlsəfi fikir tapmaq olmaz” deyəndə ədəbiyyatımızı kiçiltmirəm, dünyada da elədir. Fəlsəfi ideyalar bəlkə sufi poeziyasında olub, o da əvvəllər...

- Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları”nı fəlsəfi traktat hesab edirlər...

- Bu məsələnin iki aspekti var. Biri var sən yeni fəlsəfi ideya söyləyirsən, məsələn, deyirsən ki, mən Allaham. Bunu birinci deyən kim olubsa, yeni olub. Biri də var ki, artıq bəlli olan fəlsəfi ideyanı sən maraqlı örnəklərdə açırsan. Bu zaman köhnə ideyanın elə mənaları açılır ki, onu filosof tapa bilməz.

Bəlkə də “Kəmalüddövlə məktubları” əsərinda materializmin, ateizmin məşhur ideyalarının açımında nəsə orijinal məqamlar var. Ancaq bu traktat məşhur, həm də məlum materialist ideyalara əsaslanır.

- Yəni Mirzə Fətəlini filosof adlandırmaq düzgün deyil?

- Xeyr, Mirzə Fətəli hörmətli filosofdur. Avropada o qədər filosof var ki, bir-birindən müəyyən çalarlarda fərqlənirlər. Bu mənada Mirzə Fətəlinin Şərq üçün böyük fəlsəfi xidmətləri var, ancaq əsərində yeni paradiqma yaratmaq səviyyəsində prinsipial fəlsəfi yenilik yoxdur. Hərçənd bu, o demək deyil ki, filosof deyil.

Yazıçı təkcə gözəl roman yazan deyil. Normal roman yazan da yazıçıdır də. Düzdür, bəziləri özlərinə yazıçı deməyə utanırlar. Mən də yəqin filosofam, hərçənd hansı ideyalarımın yeni olduğunu sübut etmək çətindir.

- Nəsimi filosofemləri barədə bir məqalənizdə maraqlı sual qoymusunuz: o, şeirlərini kimə yazmışdı... Bu məsələyə toxunmanızı istərdik. Doğrudan, Nəsimi şeirlərini kimə ünvanlamışdı ki?

- Kobud şəkildə desək, şair var ki, şeiri hansısa qızı bişirmək üçün yazır. Bu “bişirmək” sözü qaba səslənir, ancaq ünlü etnoloq Lev-Strossdan yanaşsan, ağıllı mənalarda açılar. O deyirdi ki, kültürdə çiylər təbiəti, bişmişlər mədəniyyədi simvolizə edir. Məsələn, süfrədə çərəz, pomidor-xiyar çiy kimi təbiətdən xəbər verir.

Mövlud Süleymanlının “Şeytan” povestində şeytan dəyirmandan kəndə girir, çünki dəyirmanda un bişmiş deyil, çiydir, ancaq dəyirman özü unu emal etdiyi üçün sərhəddir, deməli, təbiətdən cəmiyyətə qapıdır, şeytan da oradan kəndə girə bilir. Bax, gənclərin “qız bişirmək” sözünü belə açanda vulqarlığı gedir. İndi Nəsimiyə qayıtsaq, o, bütün şeirlərini sevgilisinə yazıb ki, sanki onun könlünü fəth etsin.

Hər halda, çox sənətkar qızların ürəyini fəth etmək üçün yazıb... Bu yerdə sual çıxır, Nəsiminin şeirlərinin hansı qız anlayardı? Məhsəti Gəncəvi kimi qız nadir hadisəydi. Nəsiminin qızlarla ünsiyyəti də çox məhdud olmalıydı. Deməli, sevgi şeiri çağının ağıllı adamları ilə ağıllı danışmaq forması idi.

Yəni Nəsimi o şeirləri sufi, fəlsəfi savadı olmayan qadınları valeh etmək üçün yaza bilməzdi, o şerlər üzdə elə görünsə də...

- Son günlər məktəblərdə və ali təhsil müəssisələrində dini tədrislə bağlı müzakirələr aparılır. Bir qrup şəxs hesab edir ki, bu, zəruridir, digərləri İslam, xristianlıq və digər dinlərlə yanaşı ateizmin də izahını vacib sayır. Sizin yanaşmanız necədir?

- O dərslərin həcmi böyük olmamalıdır, dinlərdə əsas ideyalar öyrədilməlidir. Məsələn, uşaqlara başa salmalıdır ki, Xristianlıqda nə anlamda İsus Xristos, Ata tanrı, Qutsal ruh üç ayrı-ayrı tanrı yox, Birin-üçü təzahürüdür. Hətta İslamın tarixində də Xristianlığın bu ehkamını anlayanlar az olub. O dərslərdə əsas İslam təriqətlərinin dinimizə verdiyi zənginliklər açılmalıdır.

Din sanki mənəviyyat üçündür, o biri yandan dindarlığın yaratdığı mənəviyyatsızlıq - döyüşlər, qırğınlar da var, onlardan danışmaq gərəkdir ki, uşaqlar görsünlər, dini nifrət üçün yozanda fəlakət baş verir. Məktəblərdə ateizmin ideyalarını da anlatmaq olar. Ateizmi tərifləmək şəklində yox, onların arqumentlərini deyib, dində ona cavab varsa, onları səsləndirmək şəklində. Bunları 10-cu sinif şagirdləri dərk edə bilərlər. O mənada dinin tədrisinə pis baxmıram. Hərçənd məktəbdə uşaqlar çox yüklənirlər.

Əslində, televiziya proqramları bu barədə verilişlər hazırlamalıdır. Televiziyalar bəs nə üçündür?! Cizgi filmlər vasitəsilə də dinlə bağlı məlumatlar verilə bilər. Bu mənada məktəbi yükləmək bəlkə də yaxşı deyil. Eşitdiyimə görə, indi uşaqların çantaları çox ağır olur. Özü də inanmıram ki, dindən yaxşı dərs deyə bilən o qədər müəllim tapılsın.

- Yazıçı cəmiyyətdə insanlara təsir etməsi üçün nələri oxumalıdır, resept varmı?

- Resept yoxdur, yazıçılıq Allah vergisidir. Kiçik oğlum Toğrul Mehdi roman oxuyan deyildi, evdə anası ilə rusca danışsa da, təhsilini Azərbaycan dilində alıb, 36 yaşında birdən-birə rusca “Nekrofilin aqibəti” adında parlaq roman yazdı.

Əvvəlcə bizim “məhkəməmizdən” keçdi, sonra Anara verdik, oxudu, təbrik elədi ki, yeni yazıçı gəlib. Sonra üç-dörd roman yazdı. Toğrul filmlərə baxırdı, özü də dilçilik üzrə fəlsəfə doktorudur, ancaq deyə bilmərəm ki, çoxlu roman oxuyub. Mənim üçün möcüzədir, necə olub belə fantastik dərəcədə gözəl roman yazıb. Heyf ki, rusca yazıb.

İnsanda yaramazlığın haradan başladığını tapmaq çətin olduğu kimi yazıçılığın da haradan başladığını tapmaq mürəkkəbdir. Ola bilər ki, adam biliklidir, çağdaş romanları oxuyur, onlardan təsirlənərək roman yazır, ola da bilər, başqalarını oxumadan əsər yazır. Bilikli olmaqla sənətkar olmaq mümkün deyil, ancaq sənətkar qızların xoşuna gəlmək üçün, maraqlı çıxışlar etmək üçün bilikli olmalıdır.

- Tarixdə filosoflar deist, ateist deyə bölünürlər, deistlərə daxilsiniz, inanclısınız, sizdə bu necə başladı? Fəlsəfə ilə gedib çıxdınız, ya necə?

- Uşaq vaxtı bir çoxları kimi mən də dindar idim. İndi xatirələrimi yazıram, keçmişimi qurdalayanda tapdım niyə ateist oldum... Mənim atam da, anam da fəlsəfə müəllimiydilər. Evimizdə Kraçovskinin ruscaya tərcümə etdiyi qara Quran kitabı vardı, mən də məktəbdə rus dilində öyrənmişdim.

Qıraqdan-qırağa o kitaba baxanda əsim-əsim əsirdim, mistik bir şey kimi ona baxırdım. Bir dəfə oxumağa başladım, çaşıb qaldım ki, budurmu Quran? Din gözümdən düşdü, ondan sonra ateist oldum. Yalnız sonralar İslam mədəniyyətini, fəlsəfəni öyrənəndə dinə qayıtdım. İndiki zamanda dindaram, dindarın müsəlman, müsəlmanın şiə variantıyam. O qədər İslamı sevirəm ki, şiə ola-ola sünniliyi də sevirəm, istəyirəm ki, sünnilər də sünni ola-ola şiəliyi sevsinlər.

O qədər Allahı sevirəm ki, istəyirəm İslamı sevə-sevə xristianlığı da sevim. Dinlərin hansının düz, hansının əyri olduğu ilə bağlı məsələ qoymaq yanlışdır. Dinlərin hərəsi bir musiqidir, bu musiqilərdən hansı ruhuna uyğundursa, onu seçirsən.

- Dindarlar başqa dinlərə dözümlü yanaşa bilirlər, ateistlərə münasibətdə isə bu yanaşma çox çətin başa gəlir... Amma siz qatı ateist filosof Ağalar Qutla hətta mükaliməyə də girirsiniz, bu, çətin deyil? Harada birləşmə nöqtəsi var ki?

- Yox, birləşmə nöqtəsi yoxdur, Ağalar Qut çox səviyyəli, gözəl filosofdur. Kant da vaxtilə demişdi ki, Allahın nə olmasını, nə də olmamasını elmi yolla sübut etmək olmaz. Kant özü dindar idi, bu fikirdən sonra Avropada ağıllı insanlar “Allahın olmağını elmi yolla sübut etmək olar” fikrindən yayındılar.

Əxlaq deyir ki, Allaha inanmalısan. Çünki Allaha inanmırsansa, deməli, hər şey etmək olar. Mən də bilirəm ki, Allahın varlığını Ağalara sübut edə bilmərəm, o da yoxluğunu sübut edə bilməz. Ancaq biz ağıllı söhbət edə bilərik. Ağıllı söhbətlər edəndə hamımız zənginləşə bilərik.

Azərbaycan mədəniyyəti həm ateizmlə, həm də dinlə zənginləşməlidir. Mən belə yanaşıram. Ona görə də axmaq-axmaq ateizm söhbətlərinə, məsələn, Allah varsa, onu söydüm, məni niyə iflic eləmədi kimi fikirlərə görə yox, ağıllı söhbətlərə görə ateistlərə ləzzətlə qulaq asa bilərəm. Mirzə Fətəlini və başqalarının ateizmini yenidən təkrar etmək ayıbdır. Onlar sözlərini vaxtilə deyiblər və müzakirələr olub. İndiki cavanların ateizmi XVIII yüzilin ateizmidir, bunu yeni fəlsəfi ideyalarla zənginləşdirib bilmirsinizsə, qabaqkı əsrə niyə qayıdırsınız?

- Dini mənsubiyyətinizdən bəhs edəndə şiə olduğunuzu xüsusi vurğuladınız. Sizin üçün məzhəbin əhəmiyyəti var?

- İslamı xristianlıqdan üstün din saydığıma görə müsəlman deyiləm. Əcdadlarımdan gələn mədəniyyət İslamla yoğrulub, ona görə sevirəm. Allaha tapınanda çiynin üstündə Azərbaycan zənginliyi varsa, Ona baxışların da duyğusal olur. Allahı öz mədəniyyətinin içindən daha yaxşı duymaq olar. Ona görə də müsəlmanam. Sabah şiəlikdən üz döndərə bilərəm. Ola bilər dindən üz döndərib ateist olum, Allah bilir.

Hərdən eşidirik ki, hansısa qız Əfqanıstanda xristian olub. Görünür, xristianlıq onun “sarı siminə” toxunub, ona görə.

- Sizcə, din dəyişiminə nə təsir edir? Yaşanan sarsıntının, yaxud cəmiyyətin ona təsiri varmı?

- Kimsə dinini pula görə, sərfəliliyə görə dəyişə bilər. Ancaq dediyim o “sarı simə” görə də dəyişı bilər. XX yüzilin erkənlərində Gürcüyev yazır ki, müsəlma qadın ana Məryəmi yuxuda görüb və övladı sağalıb. Adam belə nəsnələrə görə da dinin dəyişə bilər.

- Bir çox ədəbi, yaxud fəlsəfi axımlar, lap olsun postmodernizm, onların nümayəndələrinin isimləri, adətən, Azərbaycana gec gəlir, bir qədər də aktuallıq gecikir. Bu dəqiqə fəlsəfədə parlaq adlar kimlərdir, onların Azərbaycanda tanıdılmasını istəyərsiniz? Yoxsa fəlsəfədə kasadlıq var?

- Marksist fəlsəfə bizdə yaxşı işıqlandırılıb... Kantı, Hegeli və postmodernistləri isə tərcümə etmək çox çətindir. Düzdür, “Fəlsəfə tarixində fəlsəfə” kitabımda çalışmışam onları Azərbaycan dilində mənimsəyim və öz yozumlarımı verim. Ancaq filosof haqqında bilgi vermək başqa, onun kitabının tərcüməsi başqadır. Hegelin Azərbaycan dilində tərcüməsi çətin məsələdir.

- Çətinlik nədədir?

- Uyğun anlayışlar yoxdur. Ərəb-fars sözləri dolu olan kitab çap etməyin mənası yoxdur.

- Hərçənd deyilir ki, dilimiz digər elmləri ifadə etməyə imkan verir. Siz əksini söyləyirsiniz...

- Əslində, Hegel narazılıq edirdi ki, mənim fəlsəfəmi fransızcaya çevirmək mümkün deyil. Bizim dilimizin imkanları müasir ideyaları vermək baxımından xeyli məhduddur. Rusların dili bizdən üstündür, bəlkə də alman dilinə baxanda onların dili də məhduddur. Gərək öz dilində yüzlərlə ağıllı kitab oxuyasan ki, onun imkanları açılsın. Bizdə 5-6 tərcümə var, onları da ərəb-fars sözləri ilə doldurublar. O kitablar tələm-tələsik çamadana paltar doldurulmasına bənzəyir.

Kitablar, sözlər var, ancaq fəlsəfə, ləzzət yoxdur. O mənada nöqsanlar, problemlər çoxdur. Yaxşı olardı ki, imkan daxilində ərəb-fars sözlərindən müəyyən qədər arınan elmi dilimiz olsun və bu dildə məşhur filosoflardan tərcümələr edilsin. Onlar olanda dilimizlə bağlı uğurlar da olacaq.

- Sizin özünüzün fərqli diliniz, sintaksisiniz var, Azərbaycan yazıçılarından kimlərin dilini ifadə baxımından məqbul hesab edirsiniz?

- Mənim dilim elmi dildir, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin, Mövlud Süleymanlının, Anarın, Kamal Abdullanın əsərlərinin, Ramiz Rövşənin şeirlərinin dilini sevirəm. Ağalar Qutun, Kamal Abdullanın, Aydın Talıbzadənin Azərbaycan türkcəsində olan elmi dili mənə ləzzət edir.

- Ən müxtəlif dövrlərdə tələbələrin imtahan sessiyalarında ən çox kəsir aldığı fənlər fəlsəfə və psixologiya olur. Hazırda da tələbələrlə ünsiyyətdəsiniz, niyə fəlsəfə tələbələr üçün çətin gəlir?

- Fəlsəfə Azərbaycan tələbələrinə çətin gəlir. Ona görə ki, bizdə fəlsəfə kitablarının dili ərəb-fars sözlərinin Şeyx Nəsrullahsayağı avazı ilə dolub. “Müvəffəqiyyət”, “müqabil”, “təhkiyə” kimi sözlərin üzündən onların avazı var, ancaq içləri boşdur. Bəzi adamlar siyasətdə təmtəraqlı çıxışlar edir, ruscaya çevirəndə çaşıb-qalırsan, bəlli olur ki, bu çıxışda heç bir fikir yoxdur.

Eynilə fəlsəfə dərsliklərində də o cürdür. Normal izah eləsən fəlsəfə bütün elmlər kimi çətindir və bütün elmlər kimi asandır.

- Müasir filosoflardan kimləri oxuyursunuz?

- Postmodernistləri 6-7 il bundan qabaq oxumuşam, indi oxumuram. Çox şeylər oxuyandan sonra bu yaşda yeni kitablar oxumaq o qədər də maraqlı olmur. Sevdiyim filosof və yazıçı adı çəkmək mənim üçün çətin məsələdir.

- Ayrıca bir nəfər olmayıb ki, onu çox bəyənəsiniz?

- Platonu sevməmək mümkün deyil. Aristoteli o qədər də sevmirəm. Hətta bir filosof deyir ki, bütün Avropa fəlsəfəsi Platonun “Parmenid” traktatına kommentaridir. Mən də onu çevirdim ki, Kamal Abdullanın bütün yaradıcılığı Dədə Qorquda kommentaridir.

- Klassik mənada fəlsəfi əsər yazmısınızmı?

- 1990-cı illərdə çoxlu siyasətdən məqalələr yazmaqdan usanmışdım. Bir dəfə bağda fikirləşdim ki, sırf fəlsəfi mətn yazacam. Özü də əvvəlcədən heç nə qurmadan özümü dilin ixtiyarına buraxacam, haraya apardı, ora gedəcəm. O cür də elədim. 60 səhifəyə yaxın yazdım, sonra iş çıxdı, yarımçıq qoydum, işi görüb qurtarandan sonra daha davam eləmədim. Ancaq o mətni kitaba saldım. Kitab da “Azərbaycan bilinmələrindən sezilən nəsələr: nəsələrlə nəsnələr arasında” adlanır.

- Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bəzi valideynlər övladlarının "Allah var, ya yoxdur" sualına cavab vermək istedadına malik deyil. Bu məsələdə qənaətiniz necədir?

- Bəlkə demək istəyib ki, adam var əxlaq normalarına onun mənəviyyatının gücü çatmır. Kəndlərdə nə qədər ailələr var ki, uşaqların tərbiyəsində əxlaq iştirak eləmir. Roman da oxumurlar, demirlər ki, adam mərd olmalıdır, ikiüzlü olmamalıdır, belə şeylər uşaqlara söylənmir, uşaqlar texniki məxluqlar kimi böyüdülür. İşi necə yola vermək, sivişib çıxmaq barədə öyrənirlər, qonum-qonşunun dediyi şeylə tərbiyə alırlar. Bu mənada cəmiyyətdə ciddi şəkildə əxlaqi böhran var. Mənəvi söhbətlər ailələrin çoxunda olmur. Bəlkə də bir az türk seriallarından mənəvi impulslar alırlar.

Azərbaycan televiziyasının çox böyük eybi odur ki, əxlaqı ilginc mənəvi söhbətlər şəklində etməlidir, etmir, Elçin Əlibəylinin tok-şoularını çıxsan...

- Bəzən belə arqumentlər də səslənir ki, əxlaq insanın gələcək karyerasına və inkişafına mane olur. Sizcə də belədir?

- Səsləndirilməsə də bu arqumentlər aktualdır. Əslində, əxlaqlı olmaq çoxuna sərf eləmir. Əxlaqlı olanda yaltaqlıq edə bilmirsən, fırıldağa, ikiüzlülüyə yol verəbilmirsən, arvad da səndən boşanır, uşaqlar da başqasını göstərir ki, onun pulu var, sənin pulun yoxdur, səndə də paxıllıq yaranır və sair. O biri yandan, dünyada əxlaqın üstünə tanklar yeriyir, əxlaqa qarşı bu qədər hücumlara baxmayaraq ölmür.

Dinin və əxlaqın möcüzəsi odur ki, əxlaq saplaq kimidir, ancaq heç kim onu qıra bilmir. Görürsən, adam ömrü boyu əxlaqsız olur, birdən-birə sarsılır və əxlaqa dönüş baş verir. Əxlaqlının da əxlaqsızlaşması olur. Bütün praktiki həyat deyir ki, əxlaqlı olmaq sərfəli deyil, di gəl yenə də onun saplağı qırılmır.

- Cəmiyyətimiz və onun spesifik problemləri barədə düşüncələriniz nədən ibarətdir?

- Cəmiyyətlə bağlı baş çıxarmadığım xeyli suallar var.

- Suallarınız hansılardır?

- Məsələn, bu cəmiyyəti düzəltmək üçün haradan başlamaq lazımdır? Birinci məhkəmənimi dəyişmək lazımdır? Ancaq bunun üçün filan şey də olmalıdır... Beləcə, zəncirvari fırlanırsan, elə bir başlanğıc tapmırsan ki, deyəsən, buradan başlayım. Hamının bəhanəsi var ki, atam, anam, məhləmiz, mənə verilən tərbiyə məni bu cür pis edib. Heç kəs özünü günahkar saymır, suçunu özündən əvvəlkinin üstünə yıxır, hamının əli bir-birinin cibindədir. Bəs necə edəsən ki, düz xətt yaransın... Bu cür suallara cavab tapmaq mənim üçün çətindir.

Azərbaycanı sevdirməklə bağlı elə sübut tapmaq lazımdır ki, onun gənclər üçün gücü olsun. “Azərbaycanı sevməlisən” fikrinin özülünə arqument qoymaq çətindir. Təkcə bizdə yox, ABŞ-da da çətindir. Bu mənada dünyada mürəkkəb nəsnələr çoxdur.

- Sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri də Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşada yallı getməsidir. Bəziləri yazır ki, sarsıldım, qəzənbləndim və sair. Buna etinasız yanaşanlar da var. Ağdamda böyümüsünüz, həmin görüntüləri izləmisiniz? Siz nə hisslər keçirdiniz?

- Qarabağla bağlı elə səhnələrə baxmaq mənə çətindir, ona görə də axıracan baxmıram.

- Uzun müddət xaricdə yaşayanlar müəyyən zaman sonra torpağa daha bağlı olurlar, deyirlər, torpaq çəkir...

- Ola bilər. Tələbə vaxtı Litvaya gedəndə gördüm ki, onlar millətlərini dəhşət çox sevirlər, bu mənə təsir elədi. Eşitmişəm ki, Məhəmməd Əmin Rəsulzadə hansısa gürcüyə baxıb millətçi olub. Londonda yaşayan kosmopolit qardaşım indi meyxananı sevməyə başlayıb, muğamlarla bağlı yazı yazır.

- Xalq diplomatiyası ilə bağlı mövqeyiniz necədir?

- Mən özüm bu prosesdə iştirak eləmişəm. Bu dünyada Qarabağla bağlı uğur qazanmaq üçün min xətdə işləməyi bacarmalıyıq. Sən ermənilərlə diskussiyada olmayanda onlar boş meydanda at çaparlar, sən də onlarla mübahisə məşqini keçməzsən və birdən-birə onlarla bir mübahisə məclisinə düşəndə uduzub biabır olarsan. Qıraqdan baxanlar da hesab edər, siz azərbaycanlıların səviyyəsi elə bu cürdür.


Müəllif: Qurban Yaquboğlu, Nərgiz Ehlamqızı

Oxşar xəbərlər