Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində böyük Azərbaycan şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunmuş növbəti kitab təqdim edilib.
Teleqraf.com xəbər verir ki, layihənin redaktoru, şair Səlim Babullaoğlu bildirib ki, kitab beş ildən çox müddət ərzində, müxtəlif ölkələrinin çoxsaylı araşdırmaları nəticəsində ərsəyə gəlib: “Kitabda həm klassik, həm də müasir təcrübələr yer alıb, bizə doğru 170 ilə yaxın yol gəlib. 170 il sonra ilk dəfədir ki, Vazehin bütün şeirləri Azərbaycan dilinə çevrilib. Onun 20-dək almanca şeiri var ki, indiyə qədər Azərbaycan dilində nəşrdə yer almamışdı”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Vazehlə bağlı yeni kitab Azərbaycan ədəbiyyatı, elmi, ictimai fikrinə hədiyyədir: “İndiyə qədər Mirzə Şəfi Vazehin yaradıcılığı bizdə bu qədər geniş tədqiq olunmayıb. Vazeh haqda bu gün də çox şey bilmirik. Nəğmələri, kitabları çeçələ barmağımız həcmində olub. Onun yalnız 40-50 şeiri ilə tanış idik.
Bu kitabda isə onun bütün yaradıcılığı öz əksini tapıb. Düşünürəm ki, kitab Vazeh yararadıcılığı haqqında çox qiymətli əsərdir”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov kitabın əhəmiyyətinə toxunub: "Uzun illər ədəbiyyatşünaslar arasında "Fridrix Martin fon Bodenştedtin sandığı" ifadəsi olub. Sandıq nə vaxt açılacaqdısa, Mirzə Şəfinin də sirri aydın olacaqdı. Məlum oldu ki, belə sandıq yox imiş. Bu da bir mistika idi. Mən elə gəlir ki, sandıq bu gün açılır. Onun bu mistikasına, yaradıcılığının fəlsəfəsinə izahlar çox olacaq”.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov kitabın Azərbaycan-Almaniya ədəbi əlaqələr nöqteyi-nəzərindən önəmli olduğunu vurğulayıb. O, Mirzə Şəfi Vazehə zamanında sahib çıxılmadığı söyləyib:
“Şəfidən ayrılıqdan böyük zaman keçib və ilk dəfə fundamental kitab hazırlanıb. Həmişə axtarırdıq ki, Şəfinin arxivi Bodenştetin evinin hansısa küncündədir, gizlədib və bu arxivin açılma müddəti var, amma Həmid Məmmədzadə sübut elədi ki, onu kənarda yox, elə evdə axtarmaq lazımdır.
Kekelidze adına Əlyazmalar İnstitutunda şeirlər məcmuəsi tapdı. O cüngün içərisində Mirzə Şəfi Vazehin bu günə qədər məlum olmayan şeirləri vardı”.
Rafael Hüseynov Mirzə Şəfi Vazehlə bağlı rastına çıxan nümunədən söz açıb: “Moskva hər il “Şkola molodiy vostokavedova” adlı konfrans keçirirdi, ayrı-ayrı şəhərlərdə təşkil olunurdu. 1981-ci ildə tədbir İrəvanda keçirilirdi və mən də iştirak elədim. Matenadaranda əlyazmalarla işləyəndə Sayat Novanın oğlu Ohanın Azərbaycan türkcəsində Mirzə Şəfi Vazehə cavab olaraq yazdığı şeir rastıma çıxdı. Axtarası olsaq, hələ nə qədər mətnlər ortaya çıxar”.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, böyük yaradıcı kollektivin zəhməti hesabına ərsəyə gələn bu kitab Mirzə Şəfi ilə bağlı bir sıra sirlərin üstünün açılmasına rəvac verə və gələcək tədqiqatlara böyük işıq sala bilər.
Araşdırmaçı Orxan Aras söyləyib ki, 45 atalar sözü və deyim Mirzə Şəfi Vazehin şeirlərindən alman dilinə keçib: “Bu, 1919-cu ildə "Alman atalar sözü" adlı kitabda üzə çıxıb. Bu, çox vacib bir şeydir. Çörçill 1953-cü ildə Nobel mükafatı alanda etirazlar oldu, dedilər, zalım bir adama necə bu mükafatı vermək olar? Cavabda qeyd etdilər ki, ingilis dilinə Şekspirdən sonra ən çox söz daxil edən şəxsiyyət olduğundan Çörçill bu mükafatla təltif edilib. Bir dilə yeni söz və atalar sözü daxil etmək çox önəmli bir məqamdır”.
Qeyd edək ki, kitab üç dildə - Azərbaycan, rus və alman dillərində çap olunub və onun nəşri şairin anadan olmasının 225-ci ildönümünə təsadüf edir.
Foto: Pərviz Həşimi