28 İyun 2019 19:38
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Şəhriyar Del Gerani “Kitab otağı” layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə ədəbiyyat nümayəndələri, media mənsubları və oxucular iştirak edib.

İdeya müəllifi qonaqlara layihə ilə bağlı ətraflı məlumat verib. Şair bildirib ki, bu layihəni həyata keçirməkdə məqsəd oxucunun hüzuruna çıxmaqdır: “Sosial media hesabımdan bu ideyanı paylaşdım. Azərbaycanın iyirmiyə yaxın rayonundan oxucular münasibətlərini bildirdilər ki, məmnuniyyətlə, bu layihəyə dəstək verəcəklər. Layihə çərçivəsində bir şairin, yazıçının kitabının on min tirajla çapı və ölkənin müxtəlif bölgələrə göndərilməsi ilə oxucuya çatdırılması nəzərdə tutulub. Çoxlarına bu fikir fantastik gələ bilər.

Lakin mən rahatam. Ona görə ki, daha əvvəl Azərbaycanda bu ənənə gerçəkləşib. İki yüz minə yaxın tirajla kitablar çap olunub. Əlibala Hacızadə, Nüsrət Kəsəmənli, Əzizə Cəfərzadə, İsa Muğanna, Sabir Rüstəmxanlının kitabları buna nümunədir. Ona görə arxayınam ki, bu ideya həyata keçəcək. Məsələ burasındadır ki, Azərbaycanda nəşriyyat yoxdur, mətbəə var. Yəni nəşriyyatın dünyada işləyən bəlli prinsipləri ki var, o, Azərbaycanda işləmir. Kitab sənayesi bizdə yoxdur. Bu bazarın formalaşması bizim bütün qələm adamlarının arzusudur. Çünki quyuya su tökməklə quyu dolmur. Əlbəttə, dövlət tərəfindən ədəbiyyata qayğı var. Məsələn, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Yazıçılar Birliyinin fəaliyyəti, müxtəlif qəzetlər, nəşrlər üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Təqaüdlər, fəxri adlar verilir. Lakin bununla iş bitmir. Fikrimcə, yazıçının, şairin quyusu kitab bazarıdır. Kitab sənayesi formalaşsa, heç bir şair və ya yazıçı dövlətdən umacaqlı qalmayacaq”.

Şəhriyar Del Gerani qeyd edib ki, bu layihəni Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri, Xalq yazıçısı Afaq Məsudla bölüşüb: “O bildirdi ki, Tərcümə Mərkəzinin də belə bir təşəbbüsü var. Layihələrimiz üst-üstə düşdü. Ona görə də bu layihəyə dəstək vermək qərarına gəldilər. “Kitab otağı” açıq layihədir. Buraya hər kəs qatıla bilər. İstənilən dövlət qurumu buna dəstək verə bilər. Bu, mənim şəxsi layihəm deyil. Mənim yeni kitabım “Gecəniz şeirə” layihə çərçivəsində buraxılan kitab seriyasının ilk nümunəsi olacaq. Daha sonra Bədii Şura yaradılacaq. Seriyanın davamında kimlərin kitabının çap olunmasına həmin şura qərar verəcək. Layihə ilə bağlı gələn təkliflər, iradlar da dəyərləndiriləcək və diqqətə alınacaq”.

İdeya müəllifi sonda vurğulayıb ki, layihənin bir ali məqsədi var: “Öz mətni ilə oxucu üzünə çıxan neçə yazarımız var? Bunu müəyyən edəcəyik. Azərbaycan nəsri də, poeziyası da çox gözəldir, zəngindir. Biz bu kitabları çap edib rayon-rayon, kənd-kənd gəzdirəcəyik. Bəziləri deyir ki, Azərbaycan xalqı kitab oxumur. Biz onu göstərəcəyik ki, bu belə deyil. Azərbaycan xalqı oxuyur. Bizim ucqar kəndlərdən kitablara, qəzetlərə, jurnallara abunə olan oxucularımız var”.

Daha sonra qonaqların layihə ilə bağlı fikirləri, təklifləri dinlənilib və müzakirə edilib.

Qeyd edək ki, "Kitab otağı" layihəsi Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşkilati dəstəyi ilə gerçəkləşdiriləcək. Layihənin təşəbbüsarları vaxtilə hər evdə olan "kitab guşəsi" ənənəsini bərpa etmək, ədəbi zövqün formalaşması, yüksək dəyələrin təbliğatıdır.

Layihənin təşəbbüskarlarının məqsədi vaxtilə hər evdə olan "kitab guşəsi" ənənəsini bərpa etmək, ədəbi zövqün formalaşması, yüksək dəyərlərin təbliğatıdır.


Müəllif: Teleqraf.com