18 Sentyabr 2014 13:21
2 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-dən etibarən Nizami Kino Mərkəzində “Azərbaycanfilm”in istehsalı olan “Nabat” filmi nümayiş olunacaq. Kino Mərkəzindən Teleqraf.com-a verilən məlumatda belə deyilir.

Dövlət sifarişi ilə çəkilən və bu yaxınlarda dünya premyerası Venesiya Festivalında baş tutan film Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur. Filmin baş qəhramanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edir. Nabat isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir. Nabat rolunu İran aktrisası Fatimə Motomedareya ifa edir.

Mərkəz “Nabat”la yanaşı iki xarici- “Dabbe 5: Zehr-i cin” və “Labirintdə qaçanlar” filmlərini də tamaşaçıların ixtiyarına verəcək. Türkiyəli rejissor Hasan Karacadağın çəkdiyi “Dabbe 5: Zehr-i cin” filmi dəhşət və qorxu janrını sevənlərə növbəti hədiyyədir.

Filmin baş qəhrəmanları, ailə cütlüyü Dilək və Ömər xoşbəxt və sakit ömür sürürlər. Qorxunc yuxu görən Diləyin həyatı alt üst olur. Ən pisi isə odur ki, Diləyin qorxusu şiddətə çevrilməyə başlayır və gənc qadının vücudunu nəzarət altına alır. Çarəsiz qalan lənətlənmiş cütlük bu məsələləri çözməyi bacaran, dillər əzbəri olmuş Belkıs Hocanın sorağına çıxırlar.

Amerika rejissoru Ves Bollun çəkdiyi “Labirintdə qaçan” filmi fantastika, triller, detektiv janrındadır. Bir gün liftə bənzər yerdə oyanan Tomas, adından başqa hər şeyi unutduğunu dəhşətlə dərk edir. O, qapalı yerdə sağ qalmağa çalışan 60 nəfər özü kimi yeniyetmənin arasına düşür. Bu yeniyetmələr labirint adlandırdıqları yerdə artıq iki ildir yaşayırlar. Ümidlərinin üzüldüyü anda, yanlarına ovcunda yazılı kağız parçası olan huşunu itirmiş bir qız düşür. Bundan sonra qəhrəmanların dünyası dəyişməyə başlayır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər