21 Dekabr 2019 13:17
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tənqidçi-ədəbiyyatşünas İradə Musayevanın “Təranə Vahidin hekayələrində yoxluqdan sonrakı qələbələr...” adlı məqaləsinin II hissəsini təqdim edir.

Təranə Vahidin hekayələrində qəribə bir ovqat, qəribə bir enerji var. Kədərin, hüznün belə enerjisi cəzbedicidir. Kulminasiya nöqtəsində qəflətən bir detal, bir əl, bir xəbər, bir adam bir anın içərisində peyda olur və taleyi, hadisələrə və prosesə baxışı kökündən dəyişə bilir.

“İntihar” hekayəsində sevdiyi qızın başqa adama ərə getdiyi gün əlində kəndir nənəsigilə özünü öldürmək üçün gedən oğlanın taleyi də məhz belə gözlənilməzlik və dünyaya başqa ovqatla söykənən işıqlı adamların təsiri ilə dəyişir.

Nənəsigilin damında özünü asmağa gedəndə yolda balıqçı Həşimin çilli qızı ilə rastlaşır. Balaca vaxtı sarışın, bir az da duzsuz uşaq kimi yadında qalan qız onu görəndə çox sevinir. Elə sevinir ki, üzünün işığı ölümə yollanan oğlanın içini isidir, qəlbini ovundurur.

“Gülümsədi. Çiyələk rəngli dodaqlarının arasından qənd kimi ağ, sağlam dişləri göründü. Salamsız-kəlamsız soruşdu:

- Axşam toya gələcəksən?

- Yox az, nə toy! – boz-boz cavab verdi.

- Niyə ki? – qız əl çəkmədi.

- Sənnik deyil.

Qız başını çiyninə qoyub yazıqlaşdı. Xına rəngli buruq saçlarını çiynindən arxaya itələyib qəfildən dilləndi:

- Sənin şəklin bizdə var eyyy…

- Doğurdan? – qız onun kinayəsini başa düşmədi.

- Allah haqqı. Suruş da sənnən oxuyub axı, əmim qızını deyirəm.

- Var var da, nə olsun ki?

- Onun albomundan oğurlamışam.

Eşitdiyi sözlərdən qulağına kimi qızardı. Bayaqkı kimi ötkəm danışmağa çalışsa da alınmadı:

- Az, mən artist-zadam…

- Sənnən elə xoşum gəlir ki…”

Bir anın içərisində özünü atılmış, unudulmuş, başqasına dəyişdirilmiş kimi lazımsz hiss edən oğlan sevilən və kimin üçünsə dogma olan bir adama çevrilir. Həyatın rəngi dəyişir. Köhnə qaloşlarını ayağında sürüyə-sürüyə uzaqlaşan qızın sözləri (“Balıq yemək istəsən utanma, nənəmgilə gəl. Günortaya hazır olar”) qulağında əks-səda verə-verə nənəsigilin damına yollanır. İntihara gedən qısa yolda bu yaşa qədər anlamadığı həqiqət qəfil sillə kimi varlığını silkələyir. Balıqçı Həşimin sadə, səmimi, sevən qızının təbəssümü xilaskar rolu oynayır. Öz nənəsigilə intihar üçün gedən oğlan yolunu dəyişib çilli qızın nənəsigilə balıq yemək üçün qayıdır.

“İndi hər şey hazır idi. Kəndir də, kətil də, tavandakı tir də. Kəndiri kənara atdı, kətilə karlı bir təpik ilişdirdi, yuxarıdakı tirə tərs-tərs baxıb çilli qızın nənəsigilə yollandı…”

“Xırda bəhanələr” hekayəsi belə bir epiqrafla başlayır: “Böyük quşlar köçüb gedəndən sonra xırda quşlar payızın qulağına nəsə pıçıldayırdılar...”

T.Vahidin qəhrəmanları adi, sadə insanlar deyil, bəlkə də həyatın dibində, ümidin son və əlacsız dayanacağında olan adamlardır. Payızın qulağına sirr açan balaca quşlar, xırda səbəblərlə böyük xoşbəxtliklər əldə edən təklənmiş insanlar... Həm də saman çöpündən yapışıb üzmək, sahilə çıxmaq, xoşbəxt olmaq istəyən güclü, yenilməz adamlar... Bəlkə ona görə qarışqaya, toza, durnaya, ağaca çevrilib dünyanı ayaqları altda bir heç kimi görməkdən həzz alırlar?

“Xırda bəhanələr” hekayəsini oxuyan adam oradakı daxmanı, kəndi, 66 yaşlı nənəni və 6 yaşlı uşağı heç vaxt unutmaz. Ən əsası da nənə-bala arasında olan dialoqu... Bu dialoqda dünyanın bütün zülm və haqsızlıqlarına, bədbəxtliklərinə meydan oxuyan bir mübarizə, bir hikmət var. Kəndin qurtaracağında bənd almış daxmanın sevinci bu iki gücsüz və əlacsız varlığın içindən doğur hər gün. Daxma və bəlkə də bütün kənd, bütün dünya onların hər şeyə sevgi və şükranlığında yeni dəyər qazanır. Müəllifin obrazlı təsvirində hər şey canlı və insan kimi xarakteri, portreti olan məhfuma çevrilir. Elə daxma da:

“Daxmanın da qəribə görkəmi vardı. Taxtapuşunun bir tərəfi əyildiyindən uzaqdan papağını yan qoyub macəra axtaran şuluq uşağa oxşayırdı. Elə bilirdin, nəfəsini alan kimi yerindən götürülüb kəndə tərəf qaçacaq. Amma qaçıb eləmirdi. Gün boyu daxma adamın gözünə də birtəhər dəyir, haldan-hala düşürdü. Səhərlər qollarını çırmalaya-çırmalaya günəşin gözünə baxıb “Bu gün biçin başlayacaq!” – deyən əkinçiyə, günorta bostan oyuğuna, gün əyilib meşənin o üzünə aşanda ayaq üstə mürgüləyən yorğun qocaya oxşayırdı”.

Bu hekayədə də bir anın replika kimi ortaya atılan hadisəsi az qala hər şeyi dəyişir. Amma bu dəfə qaranlıqdan işığa yox, işıqdan qaranlığa doğru...

Həmin ana qədərsə dünya ən kiçik şeylərdə belə gözəl idi. Quru çomaqda, otda, unda, suda, kəpənəklərdə, qanadlı həşaratlarda - hər şeydə... Quru çomaq bizim bildiyimiz quru çomaq deyildi, balaca uşağın əlində çox böyük və möcüzəvi gələcəkdən xəbər verən ümid ağacı idi.

“– Çomağına nənən qurban, ay evimin yaraşığı, ömrümün naxışı – deyəndə uşaq əlindəki qupquru çomağa baxıb içini çəkərdi. Ona elə gələrdi ki, bir gün möcüzə baş verəcək, bu quru çomaq əlində yaşıllaşıb böyük ağaca çevriləcək. Elə yekələcək ki, qol-budağı köhnə daxmalarını qanadı altına alıb onları dünyanın bütün yamanlıqlarından qoruyacaq. Hər səhər nənəsinin gözündən yayınıb daxmaya söykədiyi çomağına baş çəkər, zoğ atıb-atmadığını yoxlayardı. Çomağını quru taqqıldanaq kimi görəndə ümidini itirməz, gör hələ nə qədər səhərlər var, – deyib özünə təskinlik verərdi”.

T.Vahidin nasir baxışında rənglər, səslər, həqiqətlər və həyatın süjeti çox zaman fərqli çalarla əks-səda verir. Onun hekayələrini oxuyandan sonra göy üzünə baxırsan, Günəşi özünə doğma dost kimi qəbul edirsən, küləyin, suyun, ağacların, böcəklərin sirrini dost kimi saxlamaq istəyirsən. Onun yazıçı təxəyyülündə təbiət sadəcə peyzaj fraqmenti, bədii mətnin estetik bəzəyi deyil, canlı, dili-ağızı olan qüvvədir. İnanırsan ki, Allah dünyanı və təbiəti insana dost, sirdaş kimi yaradıb. Anası tərəfindən atılmış 6 yaşlı uşaqgilin daxmasına heç kim gəlmir, ama Günəş hər gün gəlir. ("Qonaq gəlməyən evə günəşin gəlməsi toy-bayram olardı".)

Bu daxmada açılan səhərlər, doğan Günəş qonaq kimi salamlanır, dost kimi yola salınır. İnanırsan ki, bir qadının alqış və xeyir-dualarla dolu dili gül aça bilər (nənənin güllü səsi), inanırsan ki, bu adamlar həqiqətən Günəşlə eyni dildə salamlaşa bilər... Onlar bir-birini nələrə görə təbrik etməzdi: Yazın mübarək! Unun mübarək! Səhərin mübarək! Qarın mübarək! Günəşin mübarək! Çiçəyin-gülün mübarək! Günün mübarək! Yağışın mübarək! Yarpağın mübarək! İsti çörəyin mübarək! Təzə soğanın mübarək! Yamağın mübarək!...

Bu dualar və alqışlarla daxmanın divarları sevinir, qış yaza çevrilirdi. (“Nənə-nəvə qara qışı işıqlı sözlərlə rəngləyə-rəngləyə yarıladılar”.)

“Səhərlər odun peçinin üstündə qaynayan südün ətri dalğa-dalğa ətrafa yayılıb nəvənin burnunu qıdıqlayanda taxta qapının o üzündən nənənin güllü səsi gələrdi:

– Ay savağın xeyir olsun, ay üzünə xeyir savaxlar açılsın, ay günün uğurlu olsun, dur gör bizə kim gəlib?

Nəvə mitilin içindən boynunu uzadıb gözləri gülə-gülə:

– Kim gəlib? – soruşardı.

– Bu gün bizə günəş gəlib, başına dönüm, düz damımızın üstünəcən gəlib, deyir, şirin nəvən harda gizlənib, niyə gözümə dəymir?

Nəvə uşaq marağıyla yerindən dik atılar:

– Məni soruşdu, hə?! – deyib nənəsinin yanından güllə kimi keçib günəşin görüşünə gedərdi”.

Nənə uşağa demişdi ki, anan bir gün yaz kimi gələcək, qəflətən... Uşaq yazı gözləyirdi - əslində isə anasını...

T.Vahid üslubuna xas qəfləti və gözlənilməz “yad müdaxilə” ilə hadisələrin gedişini dəyişən manevri bu hekayədə də özünü göstərir. Bir gün dükançı Osmanın nəvəsi Mərdanı evlərinə oynamaq üçün çağıranda hekayənin ümumi ovqatına uyğun olmayan, gözlənilməz və qaranlıq çökdürən bir dialoq yarandığını görürük:

“Bir dəfə necə oldusa Mərdanın əlindən tutub “Gəl bizə gedək” – dedi.

Elə bil Mərdanı ilan vurdu, əlini geri çəkib:

– Yox – dedi.

– Niyə?

– Anam qoymaz.

– Niyə?

Anam deyir ki, ondan uzaq dur.

Pərt olsa da, özünü o yerə qoymadı.

– Mənim bitim yoxdu ki, – deyib əlini başına çəkdi.

Bit söhbəti deyiley. Hamı deyir ki, anası onu atıb gedib. Anam deyir, yazıq uşağın nə günahı var, anası gərək belə iş tutmayaydı.

Eşitdiyi sözlər onu üşütdü.

– Anam məni atmayıb ki, uzağa gedib, nənəm deyir, bir gün yaz kimi gələcək”.

Bu söhbət hər şeyi dəyişir, uşaq başını ot tayasına soxub dayanmadan ağlayır, nəvə əvvəlki nəvə olmur...

“O gün nənəsinin rəngli sözləri, işıqlı alqışları, alabəzək oyunları sehrini itirib adiləşdi. O gün heç nənəsinə “Unumuz mübarək!” – də demədi”.

T.Vahidin müəllif xarakterinə bələd olduqca hekayənin finalını düşünürəm... O, qəhrəmanlarının dostudur. Onlarla ağlaya, onlarla sevinə, onların ağrısına sızıldaya bilir. Müəllif kimi yox, bəzən elə əsərinin qəhrəmanı kimi... 6 yaşlı, hamıdan tədric olunmuş körpənin quru çomağı çiçəkləməliydi, bir yaz günü anası bahar rəngli paltarı ilə Günəşlə bərabər otağa girməliydi və nənəsi sınmış, qırıq, yaralı səsinə sevinc qatıb hay salmalıydı:

"– Çölə çıx, ömrüm-günüm, gör kim gəlib? ... Anan mübarək!”

T.Vahidin hekayələrinin qəhrəmanları sanki qohumdur. Ruh, tale qohumları... “Göy üzü qanamışdı” hekayəsindəki Şəfi Yaxşı nənəsinin ona danışdığı “Xəstə Bilalın nağılı”na uyur. Ümumiyyətlə, onun qəhrəmanları nağıla, yuxuya, mistik olaylara alın yazısı kimi inanır. Şəfi də inanır ki, nağıl qəhrəmanı Xəstə Bilal kimi o da bir gün qaşqa ata minib dərdinin dərmanını tapacaq, dünyanın qutardığı yerdə günəş rəngli bir çiçək qoparacaq, çiçəyin ətri bütün xəstəlikləri Bilal kimi onun da canından qovub çıxaracaq. Şəfinin at almaq istəyi dəli bir sevdaya çevrilir. Bir gün atasının qəpik-qəpik yığdığı pulları götürüb evdən qaçır və at alır.

“Səfi kəndə qayıdırdı, qayıdırdı ki, atına yəhər alıb minib getsin buralardan. Uçub gedən ağlını tapıb Bilal kimi sağalıb geri dönsün. Gözükölgəli anasını atasının danlağından qurtarsın, məhəllədəki pis uşaqlar ona söz atmasın, xırda qızlar onu görəndə əllərini ağızlarına aparıb gülməsin, eh, Səfinin o qədər dərdləri vardı ki… Amma bir şey qalmamışdı, Səfi azrularının dalınca gedəcəkdi…

Dərədən keçəndə at başını uzadıb xeyli su içdi, Səfi heş vaxt heç kimə demədiyi sözləri utana-utana atına pıçıldadı:

– Başına dönüm sənin, mənim yaxşı atım”.

At muraddır- inancını xatırlayırıq. Şəfi muradına çatacaqdı...

Atası Şəfini çatıyla döyür, tüfənglə atı öldürür. “Səfi olanları görürdü, amma gördüklərini ağlına sığışdıra bilmirdi. Əli-ayağı qurumuş, bütün dünyası param-parça olmuşdur. Handan-hana qurumuş ayaqlarıyla özünü atın üstünə atdı. At tir-tir titrəyir, qorxu saçan gözlərində Səfinin arzuları dalğalanır, at Səfinin gözündə, Səfi atın gözündə ölürdü…”

Təranənin hekayələrində dram, faciə gərginliyi, sıxılmış, tarıma çəkilmiş hisslərin bir anın içərisində tüğyan etməsi emosionallığını müşahidə edirik. Həzin-həzin, asta intonasiya ilə söylənən hekayələrin “meydanda üsyan” səhnəsi mütləq fraqment kimi hər hekayədə gözlənilir. Hər hekayədə konkret bir məqam var ki, bütün detallar, bütün yaşananlar bir səhnədə cəmlənir və haqqın, doğrunun necə qətl edildiyi, necə atəşə tutulduğu tamaşatək oynanılır. Adi bir cümlə kimi eşidilən sözlər bəzən oxucunun başına od ələyir sanki. Səfinin atını atası öldürür. Bu andan sonra Səfinin bütün dünyaya, hətta ata-anasına belə yaranan nifrətini təsəvvür edirik. Sən demə, insan üçün ümidin öldürülməsi elə insanın özünün ödürülməsi demək imiş. Bu hekayədə elə bil hamının əli qanlıdır. Ortada ölü qalan at yox, Şəfinin ümidləri idi. Bu ümidlərin qisasını almaq Şəfinin xəstə taleyinə yazılmışmış...

Mənən və fiziki olaraq yox olmuş Səfinin meydanda nümayişkaranə şəkildə atası tərəfindən məhv edilməsi, müəllifin ikicə cümlə ilə finalladığı faciəli sonluq unuulmazdır:

“Qonum-qonşu səsə gəlib Səfinin ölən arzularına tamaşa eləyirdilər. Atı kimi tir-tir titrəyən Səfi adamların içində əriyib yox oldu…”

T.Vahidin hekayələrində alleqoriyadan məharətlə istifadə bacarığını görürük. İnsanlarla təbiət, digər canlılar və hətta əşyalar arasında mahiyyətə varan, məzmunu anladan əlaqələndirmələr çox uğurlu alınır. İnsan ağac ola bilir, ağac kimi yenidən doğulur. Birinci həyatında onu insanlar öldürmüşdü, amma darıxırdı o dünyada, insanları sevirdi və necə, hansı şəkildə olur-olsun yenidən insanlarla ünsiyyətə can atırdı. Sinə daşını yarıb bənövşəyi rəngdə zoğ kimi boy verdi və elə öz qəbrinin üstündəcə söyüd kimi ikinci həyatını yaşamağa başladı. Sevinci bütün qəbristanlığı brümüşdü, kölgə salırdı, sevirdi, sevilirdi...

“Ağac adam adamlardan ötrü darıxsa da, qorxduğu yenə də başına gəldi. Bir gün əlibaltalı adamlar peyda oldu.

Uz-gözündən dəllalıq yağan bir adam ortada fırlana-fırlana baltalı adamlara son göstərişini verdi:

– Qəbirstanlığı parka döndərmək olmaz, bu cəngəlliyi təmizləyin!

Ağac adam qorxdu, budaqları titrədi, kökləri üşəndi, deyəsən bu dəfə də o öz əcəliylə ölməyəcəkdi...”

Təranənin ruhunda təkcə yazıçı kimi deyil, həm də həyat adamı kimi çoxlu qanadı sındırılmış canlıların ağrısı var. Təranə o sındırılmanın, qətlin səsini ən kiçik otaqlarda ən kiçik adamların pıçıltısında belə duyur. Əsələrində qanadı sındırılan, ruhu, qüruru tapdanan adamların içindəki sızıltı kimi əks-səda verir .

Onun üslubunda sındırılma, alçaldılma, insanları köləliyə, müti, ətalətli duruma təşviq etmə prosesinin mərhələləri açıqca hiss olunmayan bir şəkildə ifadə edilir. Məsələn, azad bir adamı kölə, qul psixologiyalı insanlar sevmir. Lakin onlar azad adama nifrətlərini tədricən real pisliklərlə əvəzləyir. Onların xislətində işığa və azadlığa qarşı dəyişməyən qərəz, kin və qəzəb var. Və Təranə xeyirlə şəri, qaranlıqla işığı elə dramatik situasiyada qarşılaşdırır ki, oxucunu da həyəcanlandırır. “Qanadlı adam” adlı kiçik hekayədə faciənin süjeti şərin xeyir üzərindəki zorakı qələbəsi ilə müşayət olunur. Artıq azad insan, xeyir, işıq simvolu olan qanadları əvvəl sındırılmış, sonra dibindən qopardılmış vəziyyətdə görürük. Bununla da onların ürəyi soyumur, azadlığın son toxumlarını da onun-qanadlı adamın ruhundan qazıb çıxarırlar...

“Günlərin birində qanadsız adamlar bir yerə yığışıb qanadlı adamın qanadını sındırdılar. Qanadlı adam şikəst olsa da, qanadsız adamların günahından keçdi. Adamlar əvvəlkindən də çox ona hörmət etməyə başladılar. Bu, qanadsız adamları bir az da havalandırdı. Fürsət düşən kimi qanadlı adamın qanadını dibindən üzdülər. Qanadlı adam ruhunun qanadına sığınıb yaşadı. Qanadsız adamlar bu dəfə qanadlı adamın ruhuna əl uzatdılar. Qanadlı adamın ruhu incidi, həmişəlik uçub getdi...”

Təranə Vahid nəsrimizdə fərqli və yeni səs kimi əks-səda verməkdədir. Nə qədər ki göy üzü, nə qədər ki, buludlar, Günəş, insanın səsi, sevgisi, yuxularını xatırlaması, ağaclr və quşlar var, Təranə Vahidin qələmi yazacaq. Nə qədər ki əzilən insanların səsi daş altda qalmış inilti kimi çıxacaq, Təranə Vahidn ədəbiyyatı davam edəcək və böyüyəcək...


Müəllif: İradə Musayeva