Vyanada keçirilən “LET`S CEE” beynəlxalq film festivalının “Film və musiqi” bölümündə maraqlı layihə həyata keçirilib. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə 1930-cu ildə rejissor Mikayıl Mikayılovun ekranlaşdırdığı “Lətif” (“Üz-üzə”) bədii filmi bəstəkar Salman Qəmbərovun musiqisinin müşayiətilə nümayiş etdirilib.
Teleqraf.com Vyanada “Urania” kinoteatrında reallaşdırılan film-konsertdə Azərbaycan kinematoqrafiyasında uşağın baş rolda oynadığı ilk ekran əsəri olan “Lətif” avstriyalı kinosevərlər və kino tənqidçiləri tərəfindən böyük maraqla qarşılanıb. Salman Qəmbərovun rəhbərlik etdiyi caz triosu isə ağ-qara, səssiz “Lətif” filminə ikinci həyatı bəxş etməklə yanaşı, xüsusi gözəllik qatıb. Kamançada Fəxrəddin Dadaşov, zərb alətlərində Eldar Qafarovun ifa etdikləri Azərbaycan xalq mahnıları, müasir və caz musiqisi filmin gedişatı, hadisələrin tempi və obrazların emosional hərəkətləri ilə tam uzlaşdırılıb.
Qeyd edək ki, “Lətif” layihəsini Salman Qəmbərov 2001-ci ildə yaradıb və layihə indiyədək dünyanın müxtəlif ölkələrində beynəlxalq festivallar çərçivəsində uğurla nümayiş olunub. Layihənin ideya müəllifləri sənətşünas Cahangir Səlimxanov və rejissor Ayaz Salayevdir. Onlar S.Qəmbərova keçən əsrin əvvəllərində çəkilmiş səssiz filmi müasir üslubda səsləndirərək, maraqlı bir sintez yaratmağı təklif ediblər.
Festivalın rəhbəri Maqdalena Zelaşko filmin nümayişindən sonra Salman Qəmbərovun rəhbərlik etdiyi caz triosunu növbəti il keçiriləcək festivala dəvət edib və onlardan maraqlı layihələr gözlədiklərini bildirib. Sonra musiqiçilər film, ona bəstələnən musiqi və oxşar layihələrin həyata keçirilməsinə dair tamaşaçıları maraqlandıran sualları cavablandırıblar.