13 Oktyabr 2014 21:16
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçirilən I Beynəlxalq Martin MakDonax Festivalında iştirak edir.

Teleqraf.com-un xəbərinə görə, oktyabr ayının 7-dən-14-dək davam edəcək festivalda teatrımız dramaturqun “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış ediblər.

Festival çərçivəsində teatrın kollektivi İrlandiyanın “Dekadent” teatrının bədii rəhbəri Endryu Flinin iştirakı ilə seminar-treninqlərdə, teatr tənqidçilərinin dəyirmi masa arxasında tamaşaların müzakirəsində yaxından iştirak ediblər.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa ediblər.

Məlumat üçün bildirək ki, Oskar mükafatçısı Martin MakDonaxın “Lineyn Trilogiyası”na daxil olan “Lineynin Gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarını ötən mövsümdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Mədəniyyət və Turizm Nazirliyi və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində səhnələşdirilmişdi. Böyük Britaniyanın teatr mütəxəssisləri və teatrımızın gənc rejissor və aktyorlarının birgə işi olan, eləcə də Azərbaycan teatr məkanında ilk dəfə olaraq bir müəllifin 3 əsərinin bir gündə təqdim olunması həm teatr ictimaiyyətinin, həm də tamaşaçıların böyük marağına səbəb olmuşdu.

Teleqraf.com tamaşanın təqdimatı və müzakirələr zamanı çəkilmiş fotoları festivalın “Facebook” səhifəsinə istinadən paylaşır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər