Litvanın məşhur jurnalisti, www.slaptai.lt internet-portalının rəhbəri Gintaras Visotskas IV Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak edib.
Teleqraf.com-un məlmatına görə, G.Visotskas Humanitar Forum barədə təəssüratını bölüşərkən maraqlı və diqqətiçəkən fikirlər səsləndirib: “Dünya əhəmiyyətli siyasətçiləri, alimləri, jurnalistləri bir yerə toplamış Bakı Humanitar Forumu geniş məsələlər barədə dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün gözəl meydandır”.
Litva jurnalisti “Medianın rəqəmsal epoxaya transformasiyası: yeni inkişaf trendləri” sessiyasının işində iştirak edib. Litvalı jurnalist deyir: “Ənənəvi qəzetlərin və medianın gələcəyi, sosial şəbəkələrin rolu barədə məruzələri və təqdimatları dinləmək İnternet-portalın rəhbəri kimi mənim üçün maraqlı idi. İnternet-nəşrlərin sayının çoxluğu, əlbəttə, kağız mətbuata böyük ziyan vurur, qəzetlərin tirajı azalır, amma düşünürəm ki, kağız qəzet həmişə olacaq”.
G.Visotskas Bakıya səfəri çərçivəsində Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin köməyi ilə Xocavənd şəhərində olub, məcburi köçkünlərin ailələri ilə görüşüb. G.Visotskas deyir: “Dəhşətli budur ki, Qərb və Avropa Azərbaycan xalqının dərdini, Azərbaycan ərazilərinin işğal olunduğunu unudur. Təkcə evlərini deyil, həm də oğullarını itirmiş və onların məzarlarını tapa bilməyən bu insanlara kömək etmək istərdim. Bir jurnalist kimi məqsədim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizama salınması məsələsini qaldırmaqdır”.
Onun sözlərinə görə, məcburi köçkünlərin ailələri ilə görüş onun yaddaşında silinməz iz buraxıb. Litva jurnalisti Azərbaycan paytaxtı haqqında təəssüratlarını da bölüşüb: “Bakı çox gözəl şəhərdir və getdikcə daha da gözəlləşir. Humanitar Forumun bir çox iştirakçıları mənim bu fikrimlə razıdır ki, Bakı Avropa ölkələrinin paytaxtlarından heç də geri qalmır, çox müasir və qeyri-adi görünür”.