16 Oktyabr 2014 01:34
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Hər şey qələbə üçün” adlı kitab-albomun təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun rəhbərliyi ilə çap olunan kitab-albomun təqdimat mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, hərbçilər, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Yeni nəşrin buraxılışına məsul polkovnik Zaur Abdullayev, layihənin müəllifi və tərtibçi-redaktoru polkovnik Abdulla Qurbanidir.

Kitab-albom “Biz qələbə gününü görəcəyik” giriş sözü ilə başlanır. Ardınca Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Silahlı Qüvvələr və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında sözləri dərc olunub.
Kitabda ulu öndər Heydər Əliyevin müharibə veteranları və hərbçilərlə görüşlərini, 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını, ölkədə ordu quruculuğunu, Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş tədbiri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbçilərlə görüşlərini əks etdirən fotolar, “Güclü dövlətimiz, güclü ordumuz”, “Prezident kimi mənim fəaliyyətimin əsas prioriteti ordu quruculuğu məsələsidir”, “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan ordusu haqqında” başlıqları altında məqalələr, Xidmətin rəisi Arzu Rəhimovun “Məqsədimiz səfərbərlik və çağırış resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır” sərlövhəli yazısı dərc olunub.

Mərasimdə kitab-albomun bədii məziyyətlərindən söhbət açılaraq onun gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyəti yüksək qiymətləndirilib. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanda hərbi məktəblərin və Silahlı Qüvvələrin formalaşmasında misilsiz xidmətlərindən, 1971-ci ildə Bakıda C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasından, ordu quruculuğundan, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı söhbət açıblar, yeni nəşrlə bağlı rəy və təkliflərini bildiriblər.


Müəllif:

Oxşar xəbərlər