7 Noyabr 2020 09:53
6 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çərçivədən danışacağıq, amma bir az sonra. Əvvəla gəlin çərçivələrə qədər, həm də kətan üzərində rəsmləri əhatəsinə alan çərçivələrə qədər keçilən yoldan, hadisələr toplusundan, ötüşən illərdən danışaq.

Rəssam Ayiba Sahad məni Bakının 30-35 kilometrliyində, yaşadığı Müşfiqabad qəsəbəsində yaxın zamanlarda özünün açdığı “Rəsm evi”nə dəvət edəndə ilk növbədə belə bir ehtiyacı şərtləndirən amillər arasında var-gəl eləməyə başladım.

Əlbəttə, sənət adamı, xüsusən rəssam adətən “kənar bir bucağa” meyl eləyir, bu guşəyə rəssam emalatxanası deyirlər. Çünki rəssamlıq daha mürəkkəb sənət sahəsidi – sənətkar üçün asudəliyi, sərbəstliyi təmin edən zamanla bərabər, boyaları, texniki vasitələri, rəngkarlıq məmulatlarını, ərsəyə gətirilmiş və hələ üzərində iş gedən əsərləri saxlaya biləcəyi məkan da lazımdı.

Ayiba Sahad isə burda – “Rəsm evi”ndə həm də istedadlı uşaqları, demək olar ki, təmənnasız olaraq öyrətməklə məşğuldu. Dediyinə görə, qəsəbədiki orta məktəblərin hamısını – cəmi 6 məktəb var, az deyil hər halda – gəzib və bu işi davam etdirməyi düşünür. Orta məktəblərin tədris proqramı rəsmə həvəs göstərən uşaqların istedadını aşkarlamaq üçün yetərli deyil. Gec aşkarlanmış istedad və bacarığın isə necə uzun trayektoriya cızdığını indi həmsöhbət olduğum Ayiba Sahadın şəxsində daha aydın görmək olur.

“Qaxda orta məktəbi bitirəndə marağımın dalınca gəldim, sənədlərimi Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin musiqili aktyorluq fakültəsinə verdim – Ayiba Sahad arxada qalmış illərin xülasəsini verir. – Aktyor sənətindən İlham Namiq Kamal, xalq musiqisindən Canəli Əkbərov müəllimim oldu. Sonralar müəllimlərimlə rastlaşırdım, amma həmkar kimi yox... Çünki aktyor sənətinin dalınca getmədim”.
Ayiba Sahad deyir ki, bir ara onda vokal səs kəşf ediblər, amma nə fayda, səs də aparıb onu istədiyi ünvana çatdırmayıb. Bir müddət orta məktəbdə müəllimlikdən sonra şair demişkən, əzəldən meylini saldığı rəssamlığa qayıdıb:

“Başa düşürəm, elə sərhədlər var, aşmaq olmur, ancaq elə çərçivələr də var, orda özünü daha rahat hiss edirsən. Anlayırsan ki, orda özünə də tam məlum olmayan dünyanı canlandıra bilərsən. Düşünürəm, mənim üçün ən yaxşı ifadə vasitəsi rənglərdi. Pandemiya dövrünə qədər çox tez-tez Azərbaycan rəssamlarının sərgilərinə gedirdim, bu sərgilərdən aldığım gücü, enerjini heç cür deyib çatdıra bilmirəm.

Bir sözlə, sərgilər mənim qida mənbəyimdi. Sərgi anlayışının özünün daxilindı gizli bir enerji var.
Rəssamın sərgisində onun iş prosesini görmürsən, fərdi texnikası üzərində müşahidə aparmırsan, amma nəticə sənin ixtiyarına verilir. Əsərdən bütün prosesi “ala və mənimsəyə” bilirsən. Düzdü, bu, hər əsərdə mümkün deyil, çünki tamaşaçı rəsm əsərindən yalnız gördüyü qədər götürə bilir. Sərgilərə getməyə çox böyük ehtiyac duyuram”.

Bir müddət İzmirdə dərs alan Ayiba Sahad hər hansı rəssamın fanatına çevrilməyi, yaxud öz sənət sevgisini konkretləşdirməyi də xoşlamır: “Sevdiyim rəssam yox, bəlkə də sevdiyim rəsm əsərləri var. Xalq rəssamı Sakit Məmmədovun əsərlərinin vurğunuyam.

Mənim rəsmlərimin çoxu dekorativ rəssamlığa aiddi. Mənə milli ruh daha yaxındı. Bəzən hiss edirəm ki, ornamentlər, naxışlar hətta rənglərdən də məni çox cəlb edir”.

Ayiba Sahad deyir ki, rənglərlə gizli bir dünyanı üzə çıxarmağa çalışır: “Bu rəsmdəki buta çox sadə görsənir. Rənglər də soyuq rənglərdi. Yəqin bunu yalnız müəllif etiraf edəndən sonra, yaxud həssas tamaşaçanın sezgisiylə bilmək olar: ordakı bir damla mənəm...”

Rəssam başqa bir rəsm əsərindən söz açır: “Bu, pandemiya dövründə çəkdiyim rəsmdi, adını “Körpü” qoymuşam. Fikrimcə, bu rəsmə sadəcə göz yetirmək azdı, onu görmək lazımdı. Hər şey “A”dan başlayır. “A” hərfi doğuluş, başlanğıc deməkdi, yaşayırsan və sonda hamı kimi olursan. Həyat yolu insanın özünü tapıb hamıya qarışması deməkdi”.

Ayiba Sahad daha bir rəsmini, Qarabağda uğurlu hərbi əməliyyatların başaladığı gecə çəkdiyi rəsmi göstərir: “Əlbəttə, həmin gecə müharibənin başlayacağını biləcək qədər məlumatlı deyildim. Amma mənə elə gəlir, burda gələcək qələbələrin izi, müjdəsi var.

Mən də bir çoxları kimi Şuşaya niyə bu qədər bağlı olduğumu izah etməkdə çətilik çəkirəm. Şuşanı görəcəyim günü böyük həsrətlə gözləyirəm.

Eynilə İçərişəhərə də dərin bağlılığım var. Hətta hərdən mənə elə gəlir, İçərişəhərdə çox-çox illər öncə yaşamışam. Mən qədimliyi sevən adamam. Evdə rəf düzəltmişəm, nənəmin nənəsindən qalma qabları, əşyaları saxlayıram...”

Həmsöhbətimiz rəsmləriylə bizi tanış edə-edə danışır, izah və ifadə edir, bəzi şeyləri bəlkə ilk dəfə tapıb deyir: “Rəsm görməkdi, hətta millimetri də görməkdi. Ən kiçik hissəciyi görürsən, sonra rənglər gəlir, öz yerinə oturur. Məkan hissi hər şeydən üstündü. Fikrimcə, hər şey, hətta rənglər də yerini tapmalıdı...”

Bütün çərçivələr keçmək üçündümü? Bəlkə hər kəs öz çərçivəsini tapandan sonra rahatlığa qovuşur? Ola bilsin, elə o cürdü...


Müəllif: Qurban Yaquboğlu

Oxşar xəbərlər