Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
ADİU-dan Teleqraf.com-a bildiriblər ki, müqavilənin imzalanmasından əvvəl Kazan Federal Universitetinin İdarəetmə, İqtisadiyyat və Maliyyə İnstitutunun direktoru, professor Nailə Baqautdinova və bank işi kafedrasının rəhbəri, professor Venera Vahizova bu ali təhsil ocağının rəhbərliyi ilə görüşüblər.
Qonaqlar iki universitet arasındakı münasibətlərin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində maraqlı olduqlarını qeyd ediblər. Bakalavr və magistratura pilləsində təşkil olunan tədris prosesi, o cümlədən “SABAH” qrupları barədə ətraflı məlumat verilib.
Görüşdə bu universitet ilə tələbə-müəllim mübadiləsi, birgə elmi tədqiqat və yay məktəblərinin təşkili məsələləri də müzakirə olunub.