Azərbaycan xalqı 30 il doğma torpaqlarına həsrət qaldı, həmin torpaqlar uğrunda igid oğul və qızlarımız şəhidlik zirvəsinə ucaldı. Bu həsrət uzun illər çəksə də, qələbəmizi 44 gün müddətində qazandıq. 44 gündə Azərbaycan xalqı dəhşətli faciələr yaşadı, heç kimin təsəvvür belə edə bilməyəcəyi, yalnız filmlərdə gördüyü hadisələrlə qarşılaşdıq. Yaşananları gələcək nəsillərin də bilməsi, bu hadisələrin yaddaşlardan silinməməsi üçün filmlər çəkilməli, teatrlarda tamaşalar hazırlanmalı, kitablar yazılmalıdır. Maraqlıdır ki, bu sahədə hansı işlər görülür.
Teleqraf.com xəbər verir ki, kinorejissor Cəmil Quliyev Modern.az-a açıqlamasında mövzu ilə bağlı hazırda Mədəniyyət Nazirliyində bir çox layihələrin həyata keçirildiyini və müsabiqələr də elan edildiyini deyib:
“Eyni zamanda bizim studialar, televiziyalarda maraqlı layihələr hazırlayır. İkinci Qarabağ savaşı və 44 gündə yaşadıqlarımızla əlaqədar çox maraqlı filmlər ərsəyə gələcək. Hazırda "Salnamə”, "Azərbaycan Film”kinostudialarında Vətən müharibəsi ilə bağlı filmlər çəkilir. Bu filmlər bizim şəhidlərimizə, qazilərimizə həsr olunub və çox maraqlı layihələrdir. Mart ayından sonra, filmlərin ilk nümayişləri olacaq”.
Rejissor Pərviz Həsənov da yeni layihələrin hazırlandığını deyib:
"İkinci Qarabağ savaşında yaşananları unutmaq çox çətindir, bununla bağlı layihələr hazırlanır. Məndən öncə həmkarlarım da müxtəlif filmlər çəkiblər terrorla, müharibə ilə bağlı və bu filmlərin davamı olacaq. Mən hazırda sənədli film üzərində çalışıram, mövzusu isə Gəncə və Bərdədə baş verən terrorla əlaqəlidir. Çəkilişlər artıq bitib, ayın sonunda yayımlanacaq”.