Əməkdar artist Təyyar Bayramov oğlu Kənan Bayramovun Şuşada keçirilən "Xarıbülbül" festivalındakı çıxışı ilə bağlı Teleqraf.com-un suallarını cavablamdırıb.
- Təyyar müəllim, Şuşa təəssüratlarınız necədir?
- Təəssüratlarım çox gözəldir. Həmişə bayramlarda deyirdik ki, Allah qismət etsin növbəti ili Şuşada qeyd edək. Bu il bizə bu qismət oldu. Dünyanın hər bir ölkəsinə getmək mümkün idi, amma müqəddəs Qarabağdan başqa...Şükür Allaha 28 ildən sonra müqəddəs torpağımıza qədəm qoyduq. 32 ildən sonra "Xarııbülbül" musiqi festivalı baş tutdu. Çox möhtəşəm tədbir idi. Oğlum Kənan Bayramov "Bayatı Şiraz" mahnısını ifa etdi, hər birimiz bu ifanı sevinc göz yaşları ilə qarşıladıq.
Allah şəhidlərimizə rəhmət etsin, Ali Baş Komandamıza can sağlığı versin. Bu qələbəni cənab prezidentin sayəsində qazandıq.
- Oğlunuz Kənan Bayramlının festivalda çıxışı ilə bağlı nələr deyir?
- Oğlumun təəssüratları da çox yaxşıdır. O, ölkə başçımız İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qarşısında çıxış etdi. Hətta ifa zamanı prezidentimiz kövrəldi. Konsert çox möhtəşəm şəkildə təşkil olunmuşdu. Bir məqamı da deyim, oğlum ilk dəfə 4 yaşında "Şuşanın dağları" mahnısını ifa edib.
- Oğlunuzun fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyətiniz varmı?
- Oğlumun 15 yaşı olacaq, ifalarını azaltmağa çalışırıq. Bu yaşda səs çox yüklənəndə problem yaşaya bilər. Keçid mərhələsindən sonra ifa edəcək.
- Kənan Bayramlı ilə birlikdə gələcəkdə duet oxumağı düşünürsünüzmü?
- Oğlumla birlikdə "Mənin Azərbaycanım" adlı mahnı oxumuşuq. Yaxın zamanda isə Qarabağla bağlı duet ifa edəcəyik.
- Oğlunuzla bağlı gələcək planlarınız nələrdən ibarətdir?
- Keçid dövründən sonra Sami Yusuf ilə layihə etməyi düşünürük. Kənan Sami Yusufla sosial şəbəkədə danışır.