Şuşada "Xarıbülbül" musiqi festivalında iştirak etmiş xalq artisti, bəstəkar Aygün Səmədzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Aygün xanım, Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalı ilə bağlı təəssüratlarınız necədir?
- Şuşaya gedən insanın təəssüratı necə ola bilər?! Çox gözəl! Hər bir azərbaycanlı kimi qürur duydum. Fəxr edirəm ki, mən də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn "Xarıbülbül" musiqi festivalının qonaqları sırasında idim.
Şuşa əzəmətli və nağıl kimi idi. Yuxuda belə görə bilməyəcəklərimizi yaşadıq. Dekabrda Qubadlıda olmuşdum "Həsrətə son" layihəsi ilə. Bu mənim Qarabağın zəfər yollarındakı ikinci gedişim idi. Şuşaya ilk dəfə getdim, bütün hisslərim qarışmışdı.
Cıdır düzünə qalxırsan, Üzeyir bəyin "Koroğlu" uvertürası, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi"ni eşidirsən, 44 günlük müharibədə igidlərimizin Şuşanı necə geri qaytardığını göz önünə gətirirsən, şəhidlərimizi anırsan, həm kövrəlirsən, həm də sevinib həyəcanlanırsan. Hələ də o hisslərdən ayrıla bilməmişəm.
Allah cənab prezidentimiz İlham Əliyevi, müzəffər ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin! Həmişə gözəl bir hadisəylə bağlı "O gün olsun ki, Şuşada qeyd edək" ifadəsini işlədirdik. Nəhayət, bu bizə qismət oldu.
- Qarabağla bağlı layihəniz olacaqmı?
- Qarabağla bağlı layihəm həyata keçməkdədir, nəticəsini tezliklə görəcəksiniz... Qarabağda olmadan və Qarabağda olduqdan sonra layihə işləmək tamam fərqlidir. Şuşa hələ də gözümün önündədir, sevincli və kədərli Şuşa! Şəhəri gəzdik, döyüşdən çıxan qəhrəman Şuşanı ziyarət etdik. Azərbaycana sadiq Şuşanı gördük!
Tarixi abidələrimiz sanki özləri-özlərini qoruyub. Sanki şəhərin hər daşı azərbaycanlıları gözləyirdi, "Biz dayandıq, dözdük, uçulub sökülmədik" deyirdi. Sanki daşlar və ağaclar da danışırdı, biz azərbaycanlılara "xoş gəlmisən" deyirdi. İnşallah, hər il Şuşada gözəl bayramlar keçirəcəyik.
Şəhidlərimizin ruhu şad olsun, Qarabağ dirçəlsin və hər qarışında azərbaycanlılar yaşasın.
- Şuşaya yenidən getməyi düşünürsünüzmü?
- Bəli. Sanki orada nəyisə qoyub gəldik. Yəqin ürəyimizin bir parçası, ruhumuzun bir hissəsi Şuşada yaşayır. Yenidən orada olmaq istəyirəm. Mən belə fikirləşirəmsə, görün, əslən qarabağlılar hansı hissləri keçirirlər!?
Festivalda sənət adamları hər kəs bir-birinə "xoş gəlmisən" deyirdi. Demək, hamı Şuşanı özününkü hesab edir. Körpədən qocaya hər kəs Şuşanın həsrətini çəkib...
- Şuşada hansı əsərlərinizin səslənməsini istəyərsiniz?
- Mənim arzularım çoxdur və yəqin ki, hər bir Azərbaycan bəstəkarı orada əsərlərinin səslənməsini istəyər. Musiqisevərlər bilir ki, xüsusən son üç ilində Vətən, Azərbaycan, Qarabağ, şəhidlər, bayraq mövzuları yaradıcılığımın ana xəttini təşkil edib. Hamı mənə deyir ki, "sanki sən musiqinlə müharibəyə hazırlaşmısan". Əsərlərimdə zəfəri görmüşəm.
Ona görə vətən haqqında olan bütün əsərlərimin Cıdır düzündə səslənməsini istəyərəm. Xüsusi ilə, Əhməd Cavadın sözlərinə yazdığım "Şəhidlərə" əsərini...
Qalx, qalx! Sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Sanki bu ifadə oraya aiddir, şeir yüz il əvvəl yazılsa da. Şeir türk dünyasının bütün şəhidlərinə həsr edilib.
"Şəhidlərə" əsərini keçən il mayın 28-də ərsəyə gətirdik, onun tam həll olacağı yeri Şuşadır. Bu əsəri orada eşitmək istəyərəm. Elə bilərəm ki, bu da mənim şəhid ruhlarına ehtiramımdır.