Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Vətən müharibəmizdə cəbhə bölgəsinə yollanan Türkiyənin CNN-Türk telekanalının hərbi müxbiri Fulya Öztürk haqqında sənədli film çəkəcəksiniz. Bu haqda məlumat verməyinizi istərdik, ideya necə yarandı?
- 44 günlük savaşda Azərbaycanın informasiya mübarizəsinə Türkiyə televiziyalarından, xüsusilə CNN-Türk kanalından çox böyük dəstək gəldi. Azərbaycan jurnalistlərinin və başqa televiziya işçilərinin fəaliyyətinə kölgə salmaq fikrində deyiləm. Sadəcə olaraq qardaş Türkiyənin CNN-Türk kanalının hərbi müxbiri Fulya Öztürkün qadın olması məsələyə lirika, dramatika, poetiklik gətirdi. O, sözün əsl mənasında hadisələrin tam mərkəzində idi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmasında çox böyük rol oynadı. Bununla Fulya xanımla tanışlığımız yarandı.
Düzünü deyim, əvvəlcə bir müxbirin 44 günlük savaşda həyatı haqda bədii film ssenarisi yazmaq istəyirdik. Təxminən iki ay əvvəl Mədəniyyət Nazirliyi vətən savaşımıza aid "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini elan etdi. Biz də müsabiqəyə qatıldıq və qalib gəldik.
Fulya Öztürk və onun operatorunda efirə getməyən, kino dili ilə desək çox maraqlı xammaterialları var. Bəlkə də o materiallar xəbər olaraq önəmli deyil, amma film, hadisə olaraq çox önəmlidir. Onları xahiş edib, əldə etdim. Sonra qərar verdim ki, Fulya Öztürk haqqında sənədli film çəkim. "Böyük Qayıdış" müsabiqəsində biz qalib gəldik. Təxminən bir aya filmin çəkilişlərinə başlayacağıq.
Filmdə yol hekayəsi olacaq. Fulya Öztürkü yenidən Gəncəyə, Bərdəyə, Tərtərə dəvət edəcəyik. Raket zərbəsi endirilən an lentə alınmış çəkilişlər hamısı yerində qalır. Acı da olsa onları yenidən tamaşaçılara göstərmək istəyirik.
Fulya Öztürkün Qarabağda fəaliyyəti ilə bağlı film çəkməklə yaşananları sadəcə Azərbaycan cəmiyyətinə çatdırmaq deyil, həm də Türkiyə ictimaiyyətinə təqdim etmək istəyirik. Ankara və İstanbulda filmin qala gecəsini təşkil etmək istəyirik. Bu yol hekayəsi ilə Fulya Öztürk yeddi aydan sonra həmin yerlərə gedəcək, oradakı insanlarla görüşəcək, final isə Şuşa şəhərində olacaq.
- Niyə Şuşa şəhəri? Səhv etmiriksə, Fulya xanım Şuşaya gedə bilməmişdi...
- Bizim qələbə bayrağımız İkinci Dünya müharibəsində Reyxstaqa bayraq sancıldığı kimi Şuşa qalasına sancıldı. Bunun da bədii-dramatik poetikası var. Bəli, koronavirusa yoluxduğuna görə Fulya Öztürk Şuşa şəhərinə gedə bilməmişdi. Biz istəyirik ki, onun arzusunu həyat keçirək və finalda Fulya xanım Şuşa qalasından bir reportaj hazırlasın.
- Layihənin icrası haqqında məlumatı bölüşə bilərsiniz?
- Layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından müsabiqəyə təqdim olundu. Filmin prodüseri Fariz Əhmədovdur. Bu layihəni Türkiyədə tanınmış şirkət olan “DADA Film Prodakşn” ilə birgə istehsal edəcəyik. Adətən, sənədli filmlərə xarici şirkətlər çox da maraq göstərmirlər. Çünki sənədli filmlərdən pul qazanmaq olmur. Amma "DADA Film Prodakşn"ın rəhbəri Özcan Dada Azərbaycansevər adamdır. O, filmə dəstək oldu, hətta texniki tərəfdən Azərbaycanda və Türkiyədə olan bütün çəkilişləri üzərinə götürdü. Bu da təbii ki, şirkətin rəhbərliyinin Azərbaycan sevdalısı olmağından irəli gəldi.
Biz Özcan Dada ilə birlikdə üç ay əvvəl CNN-Türk-ə getdik, Fulya Öztürklə sonuncu görüşlərimizi keçirdik. Fulya Öztürk həyəcanlanırdı ki, niyə mənim haqqında film çəkmək istəyirsiniz? Utanırdı ki, mən nə etdim?! Amma sözün yalnız jurnalistika sahəsində yox, 44 günlük müharibədə iynənin ucu qədər hər hansı köməklik göstərən, millətindən, dinindən asılı olmayaraq bütün insanlara mənəvi borcumuz var. Xüsusilə də, Fulya Öztürk qadın kimi marağımızda oldu ki, bu insana sevinc borcumuzu yerinə yetirək.
Fulya xanım da film təklifimizi xoş qarşıladı, indi hər gün əlaqə saxlayırıq. Təxminən 15 gün sonra Azərbayacana təşrif buyuracaq. İyunun 20-də Gəncə, Tərtər və Bərdə şəhərində çəkilişlərə başlayırıq. Bakıda da çəkilişlər ola bilər. Filmə Fulya Öztürkün operatorunu da dəvət etmişik.
Çünki onu dəvət etməsəydik, haqsızlıq olardı. Operatorun lentə aldığı hadisələrin xüsusi rolu var. Filmdə müəyyən hissələrdə operatoru da göstərəcəyik.
- Vətən müharibəmizdə efirə getməyən kadrları da əldə etdiyinizi açıqladınız...
- Fulya Öztürk və onun operatoru hadisə yerindən efirə getməyən çox yaxşı materiallar çəkiblər. Təbii ki, filmdə hansı formada göstərəcəyimiz montajdan asılı olacaq. Ekran işinin montajı da Türkiyədə baş tutacaq. Düşünürəm ki, efirə getməyən materiallar Azərbaycan tamaşaçısı üçün daha maraqlı olacaq. Çünki artıq xəbər materialı deyil, sənədli materialdır.
- Fulya Öztürklə müharibədən əvvəl tanışlığınız vardımı?
- Xeyr. Fulya xanımı Suriya və digər müharibələrdə iştirak edəndə izləyirdim, amma xüsusi tanışlığımız yox idi. O, indiyə kimi Türkiyənin çox ünlü media mükafatlarına layiq görülüb. Düşünürəm ki, bundan sonra da dostluğumuz davam edəcək.
Bədii filmin ssenarisi üzərində işləyəcəyəm. Orada çox maraqlı hadisələr var. Çalışacağıq ki, filmi gələn il müsabiqəyə təqdim edək.
- Filmdə Fulya Öztürk və operatorundan başqa qəhrəmanlar olacaqmı?
- Xeyr, hadisələrin bərpası olaraq CNN-Türk kanalında çəkilişlər aparacağıq, yəni çəkilişlərin startı... Necə oldu ki, Fulya Öztürk Azərbaycana gəlməli oldu?! O süjeti bərpa edəcəyik, Fülya Öztürk bu haqda bizə danışıb, necə toplantı olub, onun getməsinə necə qərar verilib və s. Həmin toplantını hadisənin bərpası olaraq yenidən çəkəcəyik. Kim desə ki, müharibəyə getməkdən qorxmuram, yalan deyir. Fiziki, mənəvi cəhətdən nə qədər güclü olsan da, müharibə çox qorxulu hadisədir.
Amma burada bir vətən sevgisi var. Azərbaycan xalqı 44 günlük savaşda heç nəyi əsirgəmədi. Bəlkə də başqa xalqlar bunu etməzdi. Övladını, həyat yoldaşını göndərə bilməyən suyunu, siqaretini, pulunu göndərdi. Bu məsələlərdə Azərbayvan xalqının mənəviyyatı xüsusi rol oynadı.Ümumən müharibədə savaşan qalmayınca müharibə bitər. Bu mənada bu müharibədə bütün xalq savaşdı. İstər ön cəbhədə, istər arxa cəbhədə. Müharibədə uğur qazanmaq üçün mənəvi gücün rolu dörddə üçə bərabərdir, maddi gücün rolu isə dörddə birdi.
Biz mənəviyyat haqqında film çəkəcəyik. Fulya xanımı da nəyə görə çəkmək istəyirəm? Deyə bilərsiniz ki, bu, onun peşəsidir, amma necə olur-olsun müharibə içində qəhrəmanlıqdır. Bir qadın olaraq kamerası ilə bomba düşən yerə getdi.... Nə bilirsən, bir dəqiqədən sonra başına mərmi yağmayacaq?! Amma müharibənin içində oldular, həm özü, həm də operatoru sözün əsl mənasında qəhrəmandır. Sözüm tək Fulya Öztürkə deyil, müharibənin içində olan bütün jurnalist və operatorlara aiddir.
- Film haqqında məlumat yayılandan sonra ictimai reaksiya necə oldu?
- Təbii ki, birmənalı qarşılamadı, hamı soruşurdu niyə Fulya Öztürk?! Mənim subyektiv fikrimdir, qınaq obyekti olmağa da hazıram, Azərbaycanda nəinki 44 günlük savaşda, 30 illik müharibə şəraitində yaşayan ölkədə bir beynəlxalq səviyyədə hərbi jurnalist yetişdirə bilmədik. Suriya, Çeçenistan, Balkan və sair müharibələri olub. Ona görə Türkiyə kanalları bunu bacardı və bacardığına görə də bu haqqı qazandı.
Müsahibənin ardı var...
Foto: Pərviz Həşimi