Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni dərs ilində təşkil edilən “Ustad dərsləri” layihəsi davam edir.
Universitetin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində Gürcüstan Dövlət İlia Universitetinin İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru, professor Levan Xetaquri Bakıya gəlib, teatrşünas, rejissor, aktyorluq fakültəsində təhsil alan tələbələr üçün “Müasir teatr və özünü ifadə üçün yeni dil” mövzusunda ustad dərsi verib. Professor çıxışında mərhələli şəkildə teatrın yaranması, tarixi, XX əsrdə teatr, yeni aktyorların hazırlanması, teatrın müxtəlif cərəyanlarda keçdiyi inkişaf yolu, onun müxtəlif formalarından, müasir rejissorların yetişməsi haqda geniş söz açaraq, dərsini slayd şəkilində nümayiş etdirib.
Xatırladaq ki, “Ustad dərs”ləri layihəsində ilk məşğələ sentyabr ayında, İngiltərədə yaşayan həmvətənimiz, caz ifaçısı Səbinə Hacıyevanın olub. Növbəti “Ustad dərs”ləri noyabr ayının 6-da ABŞ-ın Beynəlxalq Teatr İnstitutunun Treninq və Təhsil Komitəsinin Vitse-prezidenti Piter Qoldfard, İspaniyanın Barselona Teatr İnstitutunun professoru Boris Daussa-Pastor, noyabr ayının 7-də isə Böyük Britaniyanın tanınmış teatr rejissoru, yazıçı, bəstəkar Patrik Kunen tərəfindən keçiriləcək.
Nərmin