Türkiyədə davam edən meşə yanğınları ilə bağlı qardaş ölkəyə dəstək ifadə edən Xalq artisti Alim Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Xalq artisti ilə qısa müsahibəni təqdim edirik.
- Türkiyənin 21 vilayətində yanğın hadisəsi baş verib. Bir neçə vilayətdə yanğın hələ də davam edir. Qardaş ölkəyə dəstəyinizi eşitmək istərdik...
- Türk qardaşlarımız dilimizdə yox, qəlbimizdədirlər. Türkiyə bütün müsəlman ölkələrinin bel sütunudur. Qardaşlarımızın tezliklə bu bəladan qurtarması üçün dua edirik. Allah Azərbaycanı və Türkiyəni qorusun! Qardaşlıqdan əskik olmasınlar.
Bu bəlanı törədənlərin, düşmənlərin Allah cəzasını versin. Azərbaycan xalqı daim Türkiyənin yanındadır və çiyin-çiyinə durub odu söndürürlər. Dua edək ki, yanğın sağ-salamat bitsin.
- Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar Türkiyəyə göndərildi. Sizcə, dəstəyimizi başqa hansı formada ifadə etməliyik?
- Yuxarıdada da qeyd etdiyim kimi Azərbaycan daim qardaş ölkənin yanındadır. Dövlətimizin Türkiyəyə böyük sevgisi və dəstəyi var. Bacardığı işləri görürlər, bizə də dua etmək düşür.
- FHN-nin əməkdaşı Kamil Dünyamalıyevin Türkiyə dövlət bayrağına qarşı göstərdirdiyi hörmət ölkə mediasında da böyük təqdirlə qarşılandı. Bu haqda nə deyə bilərsiniz?
- Kamil Dünyamalıyev çox sağ olsun. Onun qəhrəmanlığını mediadan izlədim. Onun ürəyi, məhəbbəti, sözləri xalqımızın bir olduğunu göstərdi. Hətta mətbuata açıqlamasında dedi ki, biz qardaşıq və ölənə qədər bir-birimizə dayağıq.