1934-cü il aprel ayının 21-də Türkiyənin Elaziz (indiki Elazığ) şəhərində ağır bir qətl hadisəsi törədilir. Hadisəni Türkiyənin “Akşam” qəzeti “Elazizdə çox fəci bir cinayət törədildi” başlığı və qatillə məqtulun birgə şəkli ilə oxuculara təqdim edir. Qəzetin təqdim etdiyi alt başlıqda isə belə yazılır: “Azərbaycanlı Qasım alacağı qız ilə nişanlanan İsfəndiyar əfəndini öldürdü”.
Qəzetdə verilən şəkil, hadisənin törədildiyi şəhər Qasım adlı azərbaycanlının kim olduğunu asanlıqla aşkara çıxarır. Bu, məşhur qaçaq samuxlu Məhəmmədqasımdır.
Qaçaq Məhəmmədqasım 1898-ci ildə Samuxda doğulub. Mərhum tədqiqatçı Xanlar Bayramovun yazdığına görə, Birinci Dünya müharibəsinin iştirakçısı olub, “Dikaya diviziya”nın tərkibində vuruşub. Bolşevik işğalı ilə barışmayan Məhəmmədqasım 1920-ci ilin may ayında baş verən Gəncə dirənişində iştirak edib, daha sonra dağlara çəkilərək ruslara qarşı mübarizəsini davam etdirib. 1930-cu ildə Şəki üsyanına qoşulub. 1932-ci ildə Sabirabad və İmişli ərazisindəki ağır döyüşlərdən sonra 180 nəfər qaçaqla birgə İrana gedib. 1933-cü ildə isə Türkiyənin Elaziz şəhərinə mühacirət edib. Qaçaq Məhəmmədqasım 1964-cü ildə Kamil Rəfibəylinin köməyi ilə Gəncə dirənişi ilə bağlı “Allah qoruyunca” adlı xatirələrini qələmə alıb.
Qaçaq Məhəmmədqasım xatirələrində Gəncə üsyanından bu şəkildə bəhs edib: “1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan da Gəncədə alovlandı. Şəhərdə yerləşən bolşevik qərargahı ələ keçirildi. Yalnız ermənilərin himayəsilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mənə Samuxdan yeni qüvvələr gətirmək tapşırığı verildi. Ona görə də Samuxa yollandım və yolda 500-ə yaxın bolşevik əsgərinin bizə tərəf getdiyini müşahidə edib onlardan tez özümü Samuxa çatdırdım. Qısa vaxtda 250 nəfər könüllü toplaya bildim. Geri dönərkən bolşevik qoşunları ilə Qarasaqqal ətrafında üzləşdik. Həmin yerləri yaxşı tanıdığımızdan, onları Sarı Ələkbar, Tatoğlu Həsən idarə edirdilər. Mənə Dördyol deyilən ərazini qorumaq tapşırıldı. Burada at və insan meyitlərindən tərpənmək mümkün deyildi. Top mərmiləri, pulemyot güllələri təpəmizə dolu tək yağırdı. Ermənilər tərəfə çəkilən bolşeviklərin sayı anbaan artırdı. Bizə isə yardım gəlmirdi. Nəhayət, bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər. Onlar üç gün, üç gecə heç kimə fərq qoymadan uşaqları, qadınları, qocaları da vəhşicəsinə məhv etdilər...”.
Elazizə köç
Elaziz şəhəri Azərbaycan mühacirət tarixində daha çox Almas İldırımın adı ilə bağlıdır. 1934-cü ildə İrandan Türkiyənin Van şəhərinə keçən Almas İldırım orada Əhəd Əlizadə (Ural) adlı mühacirin evində 10-15 gün qaldıqdan sonra Elazizə yollanıb və bu şəhərdə qeydiyyata düşüb. 1935-1946-cı illərdə İldırım Elazizin mərkəzində və mərkəz nahiyələrində çalışıb. Onun 1947-ci ildə Elazığda “Turan Basımevi”ndən “Azerbaycan manileri” adlı topladığı bayatılardan ibarət kitabı da çap edilib. Övladlarından Mehmed Bakühan da 1950-ci ildə bu şəhərdə doğulub.
Qaçaq Məhəmmədqasımın da Elaziz şəhərinə gəlməsi, görünür, burada azərbaycanlıların məskunlaşması ilə bağlı olub. Mühacirətə gəldikdən sonra ilk işlərindən biri də yenidən ailə həyatı qurmaq istəməsi olub. Məhz bu arzusu onun faciəsinə səbəb olub. Türkiyə mətbuatında və arxivində yer aldığı üçün Qaçaq Məhəmmədqasımın həyatı ilə bağlı bu hadisə heç də onun Gəncə üsyanındakı və digər yerlərdəki fəaliyyətinə kölgə salmır. Əksinə, bu bilgilər qaçağın mühacirət həyatı, eləcə də bioqrafiyası ilə bağlı bilgilərin dəqiqləşməsi baxımından maraqlıdır.
Cinayət necə baş verdi?
Hadisə Elazizin Nailbəy məhəlləsində axşam saat 19-da baş verib. Qəzetin yazdığına görə, Azərbaycan türklərindən olan Pirməhəmməd oğlu Qasım azərbaycanlı Əli bəy adında bir şəxsin qızı ilə evlənmək istəyib. Lakin Qasımın Azərbaycanda iki ailəsinin olduğu bilindiyi üçün ailəsi qızı ona ərə vermək istəməyib. Daha sonra qız Qasımın dostu İsfəndiyar ilə nişanlanıb. Qəzet Qasımı cəsur olmaqla yanaşı mənfi şəkildə təqdim etsə də, İsfəndiyarı ağıllı, namuslu bir şəxs olaraq göstərib, dəmiryolu inşaatında çalışdığını qeyd edib.
“Akşam”ın yazdığına görə, hadisədən qəzəblənən Qasım qızın atası Əli kişini bir neçə dəfə təhdid edib, İsfəndiyara kin bəsləyib. Bu kinin təsirinə qapılan Qasım 1934-cü il aprel ayının 21-də, şənbə günü İsfəndiyarın evinə gedərək böyük bir bıçağı sol böyrünə sancıb. Daha sonra bir neçə nahiyəsindən də bıçaqladıqdan sonra Qasım hadisə yerini tərk edib. Olaydan xəbər tutan polis İsfəndiyarı xəstəxanaya çatdırsa da, xilas etmək mümkün olmayıb. Axtarışda olan Qasım bir neçə gün sonra Elazizin Xankəndi nahiyəsində polis məmuru Behzat əfəndinin əməliyyatı nəticəsində həbs edilərək məhkəməyə göndərilib.
Hadiəsəyə Türkiyənin “Vakit” qəzeti də yer verib. “Bir azərbaycanlı bir həmşərisini vurdu” başlıqlı xəbərdə qəzet Qasımla İsfəndiyarın bir evdə yaşadığını qeyd edib. Qəzetə görə, Əli bəy qızını Qasıma söz versə də, Qasımın məmləkətində iki xanımının olduğu aşkara çıxdığı üçün sözündən vaz keçib. Bundan qəzəblənən Qasım nişanlısının əşyalarını otağına yerləşdirən İsfəndiyara hücum edərək ona bir neçə dəfə bıçaq zərbəsi vuraraq öldürüb. “Vakit” Qasımın Xankəndində (“Akşam” Hankendi, “Vakit” Han köyü yazıb) baqqal Əhmədin evində həbs olunduğunu yazıb.
Türkiyə arxivlərindəki bir sənəddə Qasımın 1937-ci ildə əlavə olaraq həqarət suçundan da mühakimə olunduğu bildirilib.
Təəssüf ki, Qasıma nə qədər cəza verildiyinə dair bilgi əldə edə bilmədik.
Məşhur qaçaq 1967-ci ildə Elazığda vəfat edib.
Qaynaq:
“Akşam” qəzeti, sayı 5584, 28 aprel 1934
“Vakit” qəzeti, sayı 5854, 27 aprel 1934
Xanlar Bayramov. “Gəncə üsyanı 1920”, Bakı, 2010