Noyabrın 14-də Tovuz şəhərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən ikinci Beynəlxalq Aşıq Festivalının iştirakçılarının konserti olub.
Heydər Əliyev Fondundan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış ediblər. Çıxışlarda bu gün Azərbaycanda aşıq sənətinin inkişafının ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.
Konsert proqramı Tovuz Musiqi Məktəbinin “Misri” gənc aşıqlar qrupunun çıxışı ilə başlayıb. Daha sonra Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Dağıstan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan aşıqları çıxış ediblər.