Tanınmış muğam ifaçısı, lV Muğam Müsabiqəsinin laureatı Ayşən Mehdiyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Ayşən xanım, konsert verməyi planlaşdırırsınız. Mümkünsə konsertin harada keçiriləcəyi və nə kimi yeniliklər olacağı barədə məlumat verin.
- Konsertə hazırlaşıram, amma məkanın adını hələ ki açıqlamaq istəmirəm. Bu, komanda işidir. Konsertdən pul qazanmağa iddialıyıq. Sənətçi üçün gəlir yeri yalnız toy mərasimindən olmamalıdır. Savadlı, ali təhsilli xanəndədən və ya ifaçıdan danışırqsa, yalnız toydan pul qazanmaq mümkün deyil. İnşallah, konsertimiz uğurlu alınacağına inanırıq.
Planlar tam dəqiqləşdikdən sonra ətraflı məlumat verəcəyik. Biletləri iticket.az saytından əldə ediləcək. Xaricdən gələn müğənnilərin bilet satışında satış faizi yüksəkdir. Biz niyə bunu etməyək?! Bizim müğənnilərimiz çoxmu zəif və ya savadsızdır?!
İnsanlarda maraq yaratmaq lazımdır... Heç kim deməsin ki, onsuz da konsertə gələn yoxdur. İnsan istəyəndə itiket.az saytından bilet əldə edə bilər. Bəzi insanlar mənə deyirlər ki, niyə efirdə görünmürsən? Televiziyaya az-az çıxmağa başlayıram. Efirdə görünməyə-görünməyə də çox işləmək mümkündür.
- Televiziyalara çıxmamağınızın səbəbi nədir?
- Mənim efirə çıxmağım üçün sənətimi nümayiş etdirməyim lazımdır. Bəzi verilişlərin isə formatı fərqlidir. Yarışma xarakterli verilişlərdə ordan-ora, buradan-bura qaçırlar. Mən ifaçıyamsa, tamaşaçıyab ifam lazımdır. Yaxud verilişə gedirsən, çox mənasız suallar ünvanlayırlar. Ailədən, şəxsi həyatdan, evdən, avtomobildən sual verirlər. Bu lazımdır?!
Mənim evim, avtomobilim, ailəm heç kimə lazım deyil. Bu hal sosial şəbəkə istifadəçilərində qıcıq yaradır. Təhqir dolu şərhlər yazırlar. Bu günə qədər insanlar hansısa şəkilimin altından təhqir yazmayıblar. Bu, mənə lazım deyil. İfam lazımdırsa, çıxıb sənətimi göstərməliyəm.
Buna misal olaraq AzTV-ni göstərə bilərəm. Sənət adamları efirdə ancaq ifası ilə diqqət cəlb etməlidirlər. Qalmaqal heç kimə lazım deyil. Bu gün sənətçi üçün çox yaxşı şərait var. Yutub kanalında da sənətini nümayiş etdirə bilirsən.
Yaxın günlərdə sözü və musiqisi Mustafa Yıldızdoğana aid "Nə mutlu türkəm deyənə" mahnısını ifa etdim. Mahnı yutubda altı milyon izləyici tərəfindən izləndi. Mahnı Türkiyədə də çox sevildi və televiziyada yayımlamdı.
- Ayşən xanım, yenə də AzTV-nin solistisiniz?
- Bəli, Azarbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solistiyəm.
- Tağı Əhmədovun “Eşqimiz” adlı mahnısını oxudunuz. Niyə Tağı Əhmədovla işbirliyinizin davamı gəlmədi?
- Mahnının bəstəsi mərhum bəstəkar Tahir Əkbərə məxsus idi. Ondan sonra bu sözlərə uyğun mahnı, eləcə də müraciət edəcəyimiz bəstəkar olmadı. Söhbət sözlərdən yox, musiqidən gedir. Ona görə də işbirliyimiz dayandı. Tağı Əhmədovla münasibətimiz əvvəlki kimidir. O, çox yaxşı insandır, bizim ağsaqqalımızdır. Yəqin əməkdaşlığımız olacaq.
- Necə düşünürsünüz, sizi daha çox "Xalq ulduzu", yoxsa IV Muğam Müsabiqəsi tanıtdı?
- Mənə elə gəlir, lV Muğam Müsabiqəsi daha çox tanıtdı. Məni Güney Azərbaycanda da, Türkiyədə də tanıdılar. "Xalq ulduzu" professional səhnə fəaliyyətimdə ilk yarışma idi.
- "Xalq ulduzu" yarışmasından çıxmış Gülay Zeynallı, Eldəniz Məmmədov daha çox aktivdirlər. Siz isə az-az görünürsüz. Bu, ailənizə daha çox vaxt ayırmağınızla bağlıdırmı?
- Dediyim kimi, elə verilişlər var ki, özüm çıxmıram. İnsanları çox yormaq istəmirəm.
Elə verilişlər də var ki, suallardan sıxılıram. Özəl həyatımı bilənlər bilir. Sadəcə efirə çıxmaq xətrinə görünməyi sevmirəm. Niyə gedim boşuna oturum və insanlar fotomun altına təhqir yazsınlar?
Söhbət sənətə gəldikdə, onsuz da mənim fəaliyyətim kimə lazımdırsa, tapacaq. Yutubda və sosial şəbəkədə onsuz da izləyəcəklər. Söhbət sırf sənətdən gedirsə, dayanmamışıq, işləyirik. Bu gün yutub kanalında da konsert vermək mümkündür və kifayət qədər də izləyici olur.
Hər zaman ATV-də yayımlanan "Nanəli" verilişinə çıxıram. Çünki verilişdə artıq söhbət yoxdur. Sadəcə sənət nümayiş etdirilir və belə də olmalıdır.
- Opera və Balet Teatrı ilə yenə əməkdaşlıq edirsiniz?
- Opera və Balet Teatrı ilə əməkdaşlığımız dayanıb. Teatrda bizə aid olmayan bəzi problemlər yarandı, əməkdaşlığımız ondan sonra hələ başlamayıb.
- Sizin üçün "Leyli və Məcnun"da Leyli obrazının ifaçılarından kim əvəzedilməzdir?
- Demək olar ki, bütün Leyliləri bəyənirəm. Onları necə bəyənməmək olar? Aygün Bayramova, Nəzakət Teymurova, Gülyanaq və Gülyaz Məmmədova bacıları... Müqayisə etsək hər birinin öz yeri var. Əslində onları müqayisə etməyə yaşım da çatmır. Hamısının ifasına qulaq asıram və fikrimcə, hər birinin oxumağında özünəməxsusluq və fərqli gözəllik var.
- Sizcə, sənətdə yaşlı və orta nəsildən gənclərə dəstək varmı?
- Bəli, dəstək var. Nəzakət Teymurova, Gülyaz Məmmədova, Mənsum İbrahimov öz tələbələrini efirə çıxarır. Bizim sənətdə dəstək çoxdur. Gülyaz Məmmədova ilə hətta həyatda da məsləhətləşirəm.
Məsələn, deyirəm ki, filan hadisə olub, ona necə reaksiya verməliyəm? O insan elə gözəl cavablandırır ki, mən də o göstərən istiqamətdə hərəkət edirəm.
- Bilirik ki, evlisiniz. Neçə övladınız var?
- İki oğlum var, böyük oğlum ikinci sinifdə oxuyur. O birisi balacadır. Onlarla, evlə, işlə məşğulam.
- Sonda sözünüz...
- Pandemiyadan öncə Heydər Əliyev Sarayında "Dalğa" qrupu ilə konsertimiz olmuşdu. Düzdür, Azərbaycanda konsertdən pul qazanmaq çətindir. Amma inanın ki, salonda boş yer yox idi. İnsanlar yer olmadığı halda belə yenə bilet istəyirdilər. Heç kim deməsin ki, bu, mümkün deyil. Sadəcə sistemi qurmaq lazımdır. Mümkün olmayan şey yoxdur. Azərbaycanda konsert verərək pul qazanmaq mümkündür...