Əməkdar artist Bəhram Bağırzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Bəhram bəy, siz Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasını təklif etdiniz.Təklifiniz reallaşdı, təəssüratlarınızı eşitmək istərdik.
- Bəli, sevinirəm. Hər bir azərbaycanlı, vətənini, dövlətini, prezident İlham Əliyevi, Hacı ZeynalabdinTağıyevi sevən bir insan kimi sevinirəm. İki gündür ki, həyəcan keçirirəm. İmkan olan kimi cənab prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət etdim, təklifim yerə salınmadı. Milyonlarla insan bu günü gözləyirdilər. Ona görə də ilk növbədə cənab prezidentə və Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm. Bu, mənim həyatımda böyük rol oynadı. Bu, artıq tarixdir və tarixdə qaldı. Sevindirici haldır və hamımız sevinirik. Gələcəkdə çox işlər var. İnanıram ki, belə gözəl heykəllər nəinki Bakı şəhərində, Qarabağda da ucaldılacaq. Cənab prezident 2022-ci il "Şuşa İli" elan etdi. Yəqin ki, gələcəkdə orada heykəllər ucaldılacaq. Şuşada şəhərsalma işləri görülür və orada da memarlar, heykəltəraşlar tərəfindən bunlar hamısı nəzərə alınıb. Şükür Allaha müharibədə də qalib gəldik. Biz qalib xalqıq, mədəniyyət sahəsini də qaldırmalıyıq.
- Ötən gün metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucalan Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı baş tutdu. Açılışda Prezident İlham Əliyev də iştirak etdi.
- Çox sevinirdim. İki gündür ki, evdəyəm, səhhətimdə problem var, açılışa mən də dəvət olunmuşdum, əfsus olsun ki, iştirak edə bilmədim.
- Hacı Zeynalabdin Tağıyevin heykəli zədələndi, bu haqda nə deyə bilərsiniz?
- Şükür Allaha ki, polis işçilərimiz operativ iş gördülər, təsbeh tapıldı. Xalq rəssamı Xanlar Əhmədov vaxtında məsələni həll etdi. Bu kimi hadisə baş verə bilər. Cavan uşaqlardırlar və bəlkə də qəsdən etməyiblər. Müsəlman prizmasından yanaşanda belə bir söz var, müsəlman bir-birinin eybini gizlətməlidir ki, Allah günahlarımızdan keçsin. Cavan uşaqlardırlar və tərbiyə etmək lazımdır ki, bir daha belə şey etməsinlər. Səbəbini soruşmaq lazımdır. Mənə elə gəlir ki, təxribat da deyil, cavanlıq ediblər. Şəkillərini də gördüm, elə adamlara oxşamırlar. Ən azından mədəniyyətsizlik ediblər. Ona görə də gəncləri tərbiyə etmək lazımdır. Allah millətimizi qorusun!