Kinorejissor Rüfət Əsədovun filmləri İsraildə nümayiş olunub.
Bu barədə Teleqraf.com-a danışan kinorejissor film nümayişlərinin Amerikadan başladığını deyib:
“Mən yəhudi mədəniyyəti ilə çoxdan məşğul oluram. Buna həsr olunan sənədli filmlərim var. İsrailə səfər əslində hələ 2020-ci ildə baş tutmalı idi. Rusiya Yəhudi Konqresi və Dağ Yəhudilərinin Fondu (STMEGİ) mənə “Yəhudi mədəniyyətinin inkişafına” görə mükafat təqdim elədi. Və mənə Amerikada və İsraildə yaradıcılıq gecəsinin keçirilməsi təklif olundu. Əlbəttə, öz razılığımı verdim.
Plaşlaşdırdım ki, əvvəl Amerikaya - Nyu-Yorka, sonra isə İsrailə gedərəm. Elə də oldu. Getdim Nyu- Yorka və “Yəhudi Tarixi Mərkəzində” (Center for Jewish history) görüş baş tutdu. Eyni zamanda Nyu-York Sefard Yəhudiləri Film Festivalında (NYSFF) iştirak elədim. Səfər çox yaxşı keçdi.
Mən Bakıya qayıdan kimi hər şey alt-üst oldu və məlum pandemiya başladı. Vəssəlam! Sərhədlər bağlandı, bütün proyektlər donduruldu.
Nəhayət,2022-ci ilin əvvəlində İsrailə yenidən dəvət olundum.
Azərbaycan-İsrail Assosiasiyasının (Azİz) təşəbbüsü ilə İsrailin bir neçə şəhərində (Yerusəlim, Kiryat-Byalik, Kiryat-Bam, Bat-Yam) görüşlər keçirildi və iki sənədli filmim - “Əgər səni unutsam,Yerusəlim” və “Kənddə sonuncu yəhudi” təqdim olundu".
Rejissor bildirib ki, səfər müddətində yazıçılar, prodüserlər, tarixçilər, siyasətçilərlə görüşlər baş tutub: "Hətta müasir İsrailin ən güclü siyasətçilərindən biri olan, vaxtilə İsrail Parlementində - “Azərbaycan-İsrail” dostluq komissiyasının rəhbəri olmuş, Azərbaycanın yaxın dostu, indi isə İsrail Dövlətin maliyyə naziri-cənab Aviqdor Libermanla maraqlı söhbətimiz oldu.
Bir neçə proyektlər barədə danışdıq. İsrail yazıçısı Maksim Korsakovla görüşdük. Hazırda onun “Yerusəlimin zəfəri.Sivilizasiyanın xilası” adlı əsərinin ssenarisi üzərində işləyirik. Əsərdə Bakı ilə bağlı səhnələr də yer alır.
Səfərin təşkil olunmasında mənə dəstək olan Azərbaycan-İsrail Assosasiyasına, şəxsən Lev Spivak, Yeganə Salman və digərlərinə minnətdaram”.
Rüfət Əsədov Leninqrad Rəssamlıq Akademiyasında, “Lenfilm”in nəzdindəki Kino Məktəbində təhsil alıb. Amerikalı prodüser Oleq Harrincarın rəhbərlik etdiyi “Sənədli filmlərin istehsalı” kurslarınının dinləyicisi olub. ABŞ-ın “Promatheus Production” kinostudiyasında staj keçib. Rejissorun debut filmi olan “Vahimə” Fransada, o cümlədən ölkəmizdə “Humay”, “Qızıl çıraq” mükafatlarına layiq görülüb. 2004-ci ildə quruluş verdiyi “Arxada qalmış gələcək” bədii filmi isə müxtəlif festivallarda tamaşaçı rəğbətini qazanıb. Rejissor dağ yəhudiləri haqqında sənədli filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.