Ötən gün teatr aləmi bir xəbərlə sarsıldı. Xalq artisti, görkəmli rejissor, hazırladığı tamaşalarda özünəməxsus üslubu ilə seçilən Vaqif Əsədov bu dünyaya gözlərini əbədi yumdu.
Onu gənclərin dostu adlandırırdılar. Amma onu yalnız gənclər sevmirdi. Həmkarları, dostları, teatrsevərlər sevirdi onu.
Vaqif Əsədov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il mayın 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.
1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.
1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.
Bu il 75 illik yubileyini işlədiyi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində quruluş verdiyi tamaşa ilə qeyd etmişdi yaxın dostlarının əhatəsində...
Vəfatından 1 gün əvvəl Şəki Teatrının qonağı olmuşdu. Mayın 18-də Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Əbülfət Salahovun 60 illik yubileyi və səhnə fəaliyyətinin 45 illiyi münasibətilə keçirilən tədbirdə Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlanan tamaşaya baxmışdı.
2020-ci ildə Vaqif Əsədovun oğlu Oqtay Əsədov, 2021-ci ildə isə Ukraynada təhsil alan nəvəsi Emil Şirinov qəfil dünyasını dəyişib. Vaqif Əsədov da tələsirdi...
Təəssüf ki, Vaqif müəllimlə sağlığında görüşüb, həyat və yaradıcılıq fotolarını danışdıra bilmədim. Amma feysbuk profilində paylaşdığı şəkillərə yazdığı qeydlər heç vaxt diqqətimdən qaçmadı. Vaqif Əsədovun “Danışan fotolar”nı sizin ixtiyarınıza verirəm.
"Ded, eto na samom dele ti?"
"Nəvələrim"
"Qışın soyuğu qorxutmur bizi" (Soldan sağa- aktyor Qurban İsmayılov, rejissor Vaqif Əsədov, rejissor Cavid Təvəkkül)
"Tamaşadan sonra..."
Tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin simasında bütün şəhidlərin xatirəsinə həsr olunub.
"O illərdən süzülüb gələn dostluq..."
"Ötənlərdən-keçənlərdən...Doğum günün mübarək!"
Aktrisa Zemfira Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. 1972-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının truppasına daxil olub. Naxçıvan teatrında qazandığı nailiyyətlərinə görə 1974-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" və 1982-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilib. "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan “Böyük dayaq”, “Doğma sahillər”, “Yad qızı”, “Qəzəlxan” kimi filmlərdən və “İtkin gəlin” serialında çəkilib.
1988-ci ildən Akademik Milli Dram Teatrında işləyən Zemfira Əliyeva 1995-ci ildə Bakıda vəfat edib.
"1999-cu ilin fevral ayının 3-ü səhər saat 6-ya qalırdı, sabahın açılmasına az qalsa da hələ də hava qaranlıq idi. Biz nigaran və narahatlıq içində elə hey o tərəfə, bu tərəfə var-gəl edirdik. Oqtay hamıdan daha çox narahat idi.
Gözləməkdən daha çətin, ağır, üzüntülü heç nə yoxmuş bu dünyada sən demə.
Qəfildən səs-küy qalxdı, "Gözünüz aydın", "Təbriklər"!..
Eyni anda Oqtay da, mən də elə yolun ortasındaca çökdük, düzünü desəm daha taqətimiz qalmamışdı...
Sevincdən gözlərimdən yaş axırdı, zarafat deyil baba olmuşdum, ilk nəvəm - Sən bu dünyaya qədəm qoymuşdun.
İndi sənin 22 yaşın tamam olur, böyük oğlan olmusan, artıq ailədə ata əvəzi ağsaqqalsan.
Yeni yaşın mübarək adaş, vaxtsız da olsa üzərinə düşən vəzifəni ləyaqətlə, şərəflə, namusla yerinə yetirəcəyinə qətiyyən şübhə eləmirəm.
Sənə uzun ömür, sağlam, uğurlu, şərəfli bir həyat arzulayıram. Qoy bütün ömrün sevincə, sevgiyə, səadətə bürünsün".
"Bu gün bir il tamam oldu, bu bir ildə biz böyüdük yaşa dolduq, qocaldıq, sənsizliyə alışa bilmədik, səni unuda bilmədik bu heç mümkün də deyildi... Bu gün səni anmağa, xatırlamağa xeyli adam gəlmişdi və hamının üzündə kədər, hüzn var idi, göz yaşları itkinin ağrısını azalda bilmir bala, onu yox edə bilmir...
Balaların böyüyür, sənin onlar haqqındakı arzuların həyata keçəcək Allah qoysa. Bütün ailən bu bir il ərzində səni bir gün də tək qoymadılar, səninlə nəfəs aldılar. Mən bununla qürur duyur, fəxr edirəm.
Biz səninlə tezlıklə görüşəcəyik və mən sənə sənsiz yaşamağın nə qədər çətin, nə qədər ağrılı olduğunu danışacam.
Rahat yat oğlum, məzarın nurlu, yerin behişt, ruhun şad olsun, Amin!"
"14 Mart
2021-ci ilin həmin günü...
Sənin son zəngin, daha doğrusu...
Ömrümün qara günlərindən biri... dayın Oqtayın "QARA BAYRAMI" günü...
Qəfil gələn zəng...
Bu gün sinif yoldaşların, tələbə dostların da gəlmişdilər...
Onlar Feysbukda sənin son mənzilinin (məzarının) şəkillərini qoyublar...Səni xatırladıqlarını, unutmadıqlarını, unuda bilmədiklərini demək istəyirdilər...
Səni unutmaq mümkün deyil, Emil!..
O gün sənin arzuların, ümidlərin, ömrün yarımçıq qaldı, biz isə sənsiz qaldıq!..
Anan üçün çox çətindir, dözülməzdir! Düzünü desəm nə edəcəyimi, ona necə təskinlik verəcəyimi bilmirəm. Bilirdin ki, səni nə qədər çox istəyir, səninlə nəfəs alır, indi, nə deyim yəqin özün başa düşürsən.
Yeni dünyan işıqlı, məkanın Cənnət olsun Emil. Biz səni heç vaxt unutmayacağıq, heç vaxt!
Sənin saf qəlbin, xeyirxah, istiqanlı xasiyyətin, səmimi, xoş təbəssümün həmişə bizimlə əbədi yaşayacaq!
Ruhun şad olsun, Emil!"
"İllərin möcüzəsi"
"Hələ körpəlikdən başqalarından seçilirdi, heç vaxt yaşıdları kimi nadinclik etməzdi, həmişə sakit və dinməz olardı. Biz onu çox istəyir, öz övladlarımızdan seçməzdik. İllər keçir uşaqlar böyüyür və bizim onlarla bağlı arzularımız da böyüyürdü. Zemfira xanım (həyat yoldaşım) öz oğluna gəlin seçirdi...
Və bir gün öz seçimini mənə də bildirdi, mən çox sevindim, arzularımız üst-üstə düşmüşdü. Amma, necə deyərlər əcəl aman vermədi...Nəhayət o gün gəlib çatdı övladım qədər istədiyim qız gəlinim oldu. Bu gün onun doğum günüdür mən ulu Tanrıdan ona sağlam və uzun ömür arzulayır, övladlarının toyun etməyi, xoş günlər yaşamağı diləyirəm. Mənim əziz balam Nurlana, doğum günün mübarək! Allah bütün arzularını həyata keçirsin".