Gənc Tamaşaçılar Teatrının aktyoru Mirzə Ağa Mirzəyev Teleqraf.com-un suallarını cavablandırıb.
- Ötən həftə “Romeo və Cülyetta” tamaşası yeni bərpa ilə təqdim olundu. Siz bu tamaşanın əvvəlki versiyasında Romeo rolunun iki ifaçısından biri idiniz. Bu dəfə isə tamaşaçılar səhnədə yeni Romeo gördülər. Daha Romeonu oynamayacaqsınız?
- “Romeo və Cülyetta” tamaşasının bərpa rejissoru Nofəl Vəliyevdir. Tamaşa yenidən bərpa olunanda əvvəlki aktyor heyətinin bir qismi öz rollarından imtina etdilər. Kimi yaşına görə, kimi özünü daha başqa rollarda görmək istədiyinə, kimi başqa səbəblərdən dolayı sözügedən tamaşadan uzaqlaşdılar.
Çox insanda mənim də tamaşadan uzaqlaşdığımla bağlı fikirlər formalaşıb. Amma demək istəyirəm ki, mən tamaşa və rolumdan imtina etməmişəm. Buna səbəbim də yoxdur. Həm fiziki, həm psixoloji olaraq Romeonu oynamağa həmişə hazıram.
- Bu fikirlərin yaranmasının səbəbi nə idi?
- Öncə onu qeyd edim ki, teatrımıza gələn yeni gənclər bərpa olunan tamaşalara cəlb olunurlar. Bu, çox gözəl təşəbbüsdür.
“Romeo və Cülyetta”ya 10-a yaxın gənc cəlb olunub. Gənclər üçün hazırlıq əsərin oxunuşundan başladı. Həmin ərəfədə bərpa rejissoru Nofəl müəllimlə söhbətimiz oldu, o gəncləri ön plana çıxarmaq, onlarla məşqə daha çox zaman ayırmaq istədiyini bildirdi. Dedi, sən illərdir ki, Romeonu oynayırsan, artıq hər şeyi gözəl bilirsən, yalnız son proqonlara qatılarsan. Nofəl müəllimlə razılaşdım.
Qısa vaxtda həm gənclərlə işləyib, həm də tamaşanı təhvil vermək həqiqətən böyük işdir. Xatırlayıram, o vaxt tamaşa il yarıma qurulmuşdu.
Məhz tamaşanın məşqlərində iştirak etmədiyimə görə belə bir fikir formalaşdı. Amma sizin vasitənizlə açıqlamaq istəyirəm ki, sentyabrda mən öz Romeomla yenidən səhnədə olacam. Mən nə rolumdan imtina etmişəm, nə kimsə məni çıxarıb. Sadəcə bir az səbr etmək lazımdır.
- Əvvəlki versiyada siz Elnur Kərimovun dublyoru olmusunuz...
- Bəli. Elnur Kərimov yeni versiyada çıxış etmir, rolundan imtina etdi. Romeonu bundan sonra üç aktyor ifa edəcək.
- Səhv etmirəmsə, sizin teatra gəlişinizə səbəb də məhz bu tamaşa olub. Və o zaman tamaşanı Cənnət Səlimova hazırlamışdı.
- Mən Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğunu bitirmişəm. Cənnət Səlimova müəlliməm olub. Kursumuzdakı 10 nəfərin içərisindən Cənnət xanım Romeo rolu üçün məhz məni seçdi. “Romeo və Cülyetta” və “Mənim ağ göyərçinim” tamaşalarındakı rolumla Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qatıldım.
"Afaq Bəşirqızının çıxışından sonra..."
- Cənnət xanımın tələbəsi olduğunuza görə şanslısınız. Onunla işləmək necə hiss idi?
- Cənnət xanımın maraqlı iş metodları var. Obrazı daha yaxşı mənimsəmək üçün bizə hər cür şəraiti yaradırdı. Məsələn, “Mənim ağ göyərçinim" tamaşasında dənizkənarı səhnə var idi. O səhnə üçün bizi dəniz kənarına aparıb, məşq etdirmişdi. O anı yaşamaqdan ötrü aktyor üçün hər cür şəraiti yaradırdı. Hətta bəzən aktyora azadlıq da verirdi. Deyirdi, gəncsiniz özünüzün də əlavələriniz ola bilər. Aktyor artıq yavaş- yavaş oynayacağı obrazı tapırdı.
Rejissor tərəfindən aktyora bu cür azadlığın verilməsi böyük xoşbəxtlikdir.
Bu yaxınlarda dünyasını dəyişən rejissor Vaqif Əsədovla da işləməkdən zövq alırdım. Onun quruluşunda hazırlanan “Oqtay Eloğlu” tamaşasında Səməd, “Yarımçıq qalmış” tamaşasında şəhidlərdən biri Sergey obrazını canlandırıram. O, tapşırıqlar verirdi, rol barədə düşündürürdü. İnsan rolu haqqında düşünürsə, axtarırsa, bu çox gözəl hisdir.
- Elə bir rol olubmu ki, onu əldə etmək üçün çalışasınız, özünüzü rejissora sübut etdirmək istəyəsiniz?
- Nicat Kazımov “Leyli və Məcnun”u hazırlayanda düşünürdüm ki, mən Məcnunu oynaya bilərəm. Bununla bağlı ərizə də yazmışdım. Qəbul olundu, məşqlərə də qatıldım. Amma sonra həyatımda başqa hadisələr baş verdi. Toyum ərəfəsinə düşdüyünə görə gözlənilməz işlər ortaya çıxdı. Tamaşa da təhvil verilməli idi. Ona görə son məşqlərdə, proqonlarda ola bilmədim. Sonra özüm də istəmədim.
- Aktyor maaşı ilə ailə dolandırmaq mümkündür?
- Bu gerçəkdir ki, aktyorların əmək haqqı aşağıdır. Amma şükürlər olsun ki, son zamanlar bəzi addımlar atılır.
- Nəyi nəzərdə tutursunuz?
- Əmək haqları qalxır, mükafatlar verilir.
- Maaşlarınızdakı artım nə vaxt hiss olunmağa başladı?
- Əsas artım sevimli aktrisamız Afaq Bəşirqızının çıxışından sonra baş verdi. Əmək haqlarımız iki dəfə artdı.
- Deməli, kimsə bunu dilə gətirməli idi?..
- Bəli, çox sağ olsun ki, o, bu məsələnin ciddiliyini dilə gətirdi.
Amma əvvəllər vəziyyət daha da pis idi. Biz məcbur idik ki, kənar işdə çalışıb özümüzü dolandıraq. O zaman mən bir türk şirkətində menecer işləyirdim. Oteldə keçirilən tədbirlərin təşkilatçılığını həyata keçirirdim. İlk illər çətin idi, amma sonra işə adaptasiya oldum. Həmin şirkətlərə də mənimlə işləmək sərf edirdi.
"Tamaşaçı etiraz etdi"
- Dram rejissoruluğunu bitirdiyinizi dediniz. Tamaşalara quruluş verirsinizmi?
- Bəli, hazırda fəaliyyətimi həm aktyor, həm rejissor, həm də prodüser kimi davam etdirirəm. Səhnə Teatrında “Külə dönmüş arzular” tamaşasını hazırlamışam. Quruluş verdiyim “Bahadır və Sona”, "Yağışdan çıxıb yağmura düşdük" tamaşalarını isə festivala təqdim etmişəm. "Yağışdan çıxıb yağmura düşdük" tamaşam festivalda ikinci yerə layiq görülüb.
Eyni zamanda Səhnə TV-də baş prodüser kimi çalışıram. Həmçinin “Gecə qonağı” adlı verilişim də yayımlanır. Bu proqram fəaliyyətə başlayandan sonra bir çox insanları tanımağa başladım. Bəzi insanlar dəstək oldu, dəstəyini gözlədiyimiz bəzi insanlardan bunu görmədim. Bilirsiniz ki, ilk verilişə başlayanda çətinliklər olur. İnsanlar sənət adamına güvənmirlər. Düşünürdüm ki, verilişin ilk buraxılışlarına ən yaxın insanları dəvət edim. İçərisində elə insanlar oldu ki, dəvətimi qəbul edib gələcəklərinə əmin idim, amma hər dəfə bir bəhanə ilə gəlmədilər. Deməli, o insanlar sadəcə dost kimi görünürmüş...
- Dövlət teatrında çalışırsınız, özəl teatrda tamaşa hazırlayırsınız. Teatra tamaşaçı gəlir?
- Hər tamaşanın öz tamaşaçısı var. Məcburi gətirilən tamaşaçını aktyor hiss edir. Amma tamaşaçı özü teatra gələndə nəyə baxacağını əvvəldən bilir. Komediyaya baxmaq istəyən tamaşaçı teatra da o ruhla gələcək.
- Şahidi olduğum hadisəni danışım. Tamaşaçılar zalda o qədər səs- küy saldılar ki, səhnədə baş qəhrəmanı- Kefli İsgəndəri oynayan aktyor roldan çıxdı və tamaşaçıya sərt şəkildə iradını bildirdi. Belə hadisə ilə qarşılaşsaydınız, nə edərdiniz?
- “Mən səni sevirəm- MSS” tamaşasında qərbi azərbaycanlı Orxan obrazını canlandırırdım. Tamaşa zamanı tərəf müqabilim Günel Məmmədova mənə yönəlik “Hardan biləsən ki, yerazsan da...”, deyə bir cümlə deyir. Bu zaman zalda bir tamaşaçı ayağa qalxdı və “Yeraz”lara nə olub ki?” deyə sərt şəkildə etiraz etdi. Mən də vəziyyəti düzətmək adına tamaşaçıya “Siz tamamilə haqlısınız, heç narahat olmayın, mən indi ona başa salacam” deyib, üzümü Günelə çevirdim “Doğrudan da “yeraz”lara nə olub?” deyə sual verdim. Qəzəbli əhval-ruhiyyə komediya ilə əvəz olundu.
Əgər tamaşaçını susdurmağa çalışsaydım, vəziyyət daha da pis olardı. Aktyor tamaşaçını duymağa çalışmalıdır.
- Bu gün teatra tamaşaçını necə gətirək?
- Düşünürəm ki, bu gün tamaşaçıya müasir tamaşalar lazımdır. Bəli, klassik əsərlərə müraciət olunmalıdır, amma bir yerə qədər. Cem Yılmaz bu gün Bakıya gəlsə, bilet 500 manat olsa da tamaşaçı gedib ona baxacaq.
- Sizcə niyə gedər?
- Çünki insanlar bu günün tələblərini, təlabatlarını orada görürlər. Konsepsiya belədir. Deyirlər bəzi filmlər baxılır, sevilir, bəziləri reytinq gətirmir. İnanın, baxılan filmlərin hamısında təbiilik görəcəksiniz. Söyüş olan yerdə söyür, döymək lazımdırsa döyür. Son zamanlar ən çox baxılan filmlərdən biri "Soyuq günəş"dir. Filmdə Azərbaycan ruhu var, baxanda bilirsən ki, özümüzündür.
"Əvvəllər mükafatlar veriləndə siyahıya belə baxmaq istəmirdik"
- Filmdən söz düşmüşkən, kastinqlərə qatılsınız?
- Doğrusu, bir zamanlar kastinqlərə inamımı itirmişdim. Amma sonra bir hadisə baş verdi və ondan sonra bir az inam yarandı.
Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli həyatından bəhs edən “Son iclas” filminin kastinqləri keçirilirdi. Dostlarım həmin kastinqdə iştirak üçün gedəndə mən də onlarla bərabər getdim. Amma məqsədim kastinqlərə qatılmaq deyildi, sadəcə onlara yol yoldaşlığı edirdim. Dostlarımı kastinqə yola saldım, məni də gözləmək üçün mətbəxə dəvət etdilər. Elə bu vaxt filmin rejissoru Fuad Əlişov içəri girdi, özünə kofe süzüb çıxdı. İkinci dəfə içəri girəndə “Siz aktyorsunuz” deyə soruşdu. Dedim bəli, aktyoram amma kastinq üçün gəlmədiyimi də bildirdim. Dedi siz bizim filmdəki Fətəli xan Xoyski obraza çox bənzəyirsiniz, sizi kastinqdən keçirə bilərək. Çox inamsız və ürəksiz kastinqə girdim, amma seçildim. O hadisədən sonra məndə bir az inam yarandı.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Teatr işçilərinə mükafatların verilməsi çox gözəl təşəbbüsdür. Amma əvvəllər etiraf edək ki, mükafatlar veriləndə siyahıya belə baxmaq istəmirdik, çünki artıq öyrəşdiyimiz insanların adları ilə rastlaşırdıq. Son iki-üç ildə yaxşı mənada dəyişikliklər gözə çarpır. İndi siyahılarda yeni adları görmək mümkündür. Gənclərdə artıq inam yaranıb. Bu çox yaxşı haldır.
Arzu edirəm ki, bu mükafatlar teatrda zəhməti olan insanların hamısına qismət olsun.
Eyni zamanda arzu edirəm ki, teatrda çalışan yaşı 50- 60 –ı keçən insanlara fəxri adlar verilsin. Kalmikiya Respublikasında 10 il teatrda çalışmış insanların hamısı əməkdar artist adını alırlar. O baxımdan 40 il teatrda çalışan insanların ad almaması yaxşı hal deyil. Nə olsun ki, baş rolu az olub, daha çox ikinci, üçüncü yaxud kütləvi səhnələrdə oynayıb, amma o insan illərini teatra verib, zəhmət çəkib. O insanlara qiymət verilməlidir.