31 May 2022 14:25
13 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, öncə kinodramaturq Rüstəm İbrahimbəyovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov tədbiri giriş sözü ilə açaraq görülən işlər barədə ümumi məlumat verib.

Daha sonra Xalq yazıçısı Anar Rzayev mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib. Konfrans iştirakçıları açıq səsvermə yolu ilə Rasim Balayevi yekdilliklə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçiblər.

İttifaqın Rəyasət heyətinə Oleq Səfərəliyev, Həmidə Ömərova, Cəmil Fərəcov seçilib. Konfransda İttifaqın İdarə heyətinin tərkibi səsə qoyulub.

"Hazırda idarə heyətində Anar Rzayev, Rasim Balayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Ziya Şıxlinski, Əsəd Əsədov, Nizami Abbas, Tahir Tahiroviç, Firəngiz Qurbanova, Həmidə Ömərova, Şükufə Yusifova, Lalə Əfəndiyeva, Mirbala Səlimli, Cavid İmamverdiyev, Məbud Məhərrəmov təmsil olunur. Bu, Rüstəm İbrahimbərovla işləyən idarə heyətidir", deyən Əli İsa Cabbarov katibliyin təklifini konfrans iştirakçılarının diqqətinə çatdırıb:

"İttifaqı gücləndirmək üçün katiblik təklif edir ki, professor Qulu Məhərrəmli, sənətşünas Nadir Bədəlov, rejissor Rövşən İsax və prodüser, aktrisa Fatimə İbrahimbəyova əlavə olaraq idarə heyətinə üzv seçilsin".

İttifaqın İdarə heyətinin yeni üzvləri də açıq səsvermə yolu ilə seçilib.

Qeyd edək ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, Birisigün gecəyarısı”, “Qanlı zəmi”, “İstintaq”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə”, “Həm ziyarət, həm ticarət”, “Qala”, “Cavid ömrü” və s.) əsas rollarda çəkilib. Eyni vaxtda “Özbəkfilm” “Mosfilm” və başqa studiyalarda da filmlərə çəkilib.

1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi olub.


Müəllif: Nərmin Muradova, Foto: Rüfət Mikayılov

Oxşar xəbərlər