14 İyun 2022 17:31
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 16 -da Dövlət Film Fondunda Azərbaycanın görkəmli aktrisası, Xalq artisti Amaliya Pənahovanın doğum gününə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Bu barədə Teleqraf.com-a Dövlət Film Fondundan məlumat verilib.

Qeyd edək ki, Amaliya Pənahova 15 iyun 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilib.

1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının 6 ı populyar aktyoru sırasına adı düşüb.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib. İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" tamaşaları hazırda televiziyanın Qızıl fondunda saxlanılır.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradan aktrisa bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.

Amaliya Pənahova prezident təqaüdçüsü olub. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda vəfat edib.


Müəllif: Nərmin Muradova