12 Avqust 2022 17:10
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyev Xalq artisti Azər Paşa Nemətovu Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edib.

Xalq artisti təəssüratlarını Teleqraf.com-la bölüşüb:

“Cənab Prezident tərəfindən “Şərəf” ordeni ilə təltif olunmağım məni çox sevindirir. Bu cür qiymətə görə ona çox təşəkkür edirəm”.

Məlumat üçün bildirək ki, sabah Azər Paşa Nemətovun 75 yaşı tamam olur. O, 1947-ci ilin avqustun 13-də Bakıda Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb.

Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.

Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.

1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında, 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983-1990) işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı il yanvarın 1-dən teatrın bədii rəhbər-direktoru təyin edilib.


Müəllif: Nərmin

Oxşar xəbərlər