Mirzə Ələkbər Sabirin Şamaxıda yerləşən ev muzeyində təmir işləri davam edir. Muzeyin tarixi hissəsinin dam örtüyündə çökmə ehtimalı olduğu üçün beton təbəqə sökülüb və dəmir dam örtüyü ilə əvəz edilir.
Bu barədə Teleqraf.com-a ev muzeyinin direktoru Rəqsanə Xəlilova məlumat verib.
O bildirib ki, muzeyin ekspozisiyanın qurulması ilin sonuna kimi yekunlaşacaq: “Tərtibat işi “Rəqəmli dövr” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi Toğrul Əfəndiyev tərəfindən aparılır, bir balaca ləngimə olub, amma ümid edirəm ki, iş bu ilin sonuna iş təhvil veriləcək.
Sabir yurdundan olduğuma görə sevincliyəm. Muzeyin qapılarını tamaşaçıların üzünə açacağı günü mən də səbirsizliklə gözləyirəm. İnsanlar istər fərdi, istərsə də qrup şəklində muzeyə gələndə özümü xoşbəxt hiss edirəm. Muzeyimizin tamaşaçıları hər zaman bol olub"
Məlumat üçün bildirək ki, Mirzə Ələkbər Sabirin ev muzeyi şairin 100 illiyi münasibətilə 1962-ci ildə yaradılıb. 2017-ci ildə nəvələrinin qərarı ilə sökülüb və ailənin vəsaiti hesabına yenidən inşa olunub.
Bu barədə saytımıza açıqlamasında Sabirin nəvəsi Sevda Tahirli bunları deyib:
“Ev muzeyinin tikintisi çoxdan başa çatıb. Təmirə başlayandan bir il sonra tikintini başa çatdırdıq və Mədəniyyət Nazirliyinə təhvil verdik. Hazırda nazirliyin öhdəsində olan məsələlər qalıb ki, onlar yekunlaşandan sonra muzeyin qapıları hər kəsin üzünə açılacaq”.