15 Sentyabr 2022 17:17
1 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Duyğu Dəvəli Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Hümbətovla bağlı xatirəsini paylaşıb.

Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə yazıb:

"Ravilin şəklini görəndə qəribə şəkildə sıxıldım, dedim, mən bu oğlanı hardansa tanıyıram. Göz yaddaşım aldatmaz məni. Öncə dedim yəqin Yasamalda üz-üzə gəlmişik. Amma beynim üzbəüz söhbət etdiyim kadrları, təmiz gözləri canlandırırdı gözüm önündə.

Bir az qabaq beynimdə birdən işıq yandı. Qaçıb telefonu aldım əlimə, adını axtarışa verdim və bir post çıxdı qarşıma!

2016-cı ilin payızında ADDIM təşkilatının təşəbbüsü ilə çəkiləcək olan filmin kastinqlərində rastlaşmışdıq Ravillə. Dostumuzun dostu idi, tərəf müqabilimi oynamaq üçün kastdan keçməyə gəlmişdi. Yaraşıqlı, cüssəli, amma üz-gözündən saflıq yağan bir utancaq oğlan idi. Dialoqlarımızı oxuduq, elə utanırdı, sanırdım qarşımda 5 yaşlı balaca uşaq var.

"Tələsirəm" sözünü də qəribə ləhcəylə tələffüz edirdi, gülüşümü maksimum gizləməyə çalışırdım ki, daha da utanıb, özünü itirməsin. Otaqdakı hamı gülümsəyirdi onun təlaşlı saf halına. "Tələsiyirəm" sözü uzun müddət dilimizdə qaldı, hər deyəndə gülürdük, indi də səni bu xatirəyə görə həm də təbəssümlə xatırladım, əziz, tərtəmiz Ravil, bağışla.

Hərbçi olduğunu şəhid olduqdan sonra bildim, qəlbi gözəl, həyat dolu oğlan. Haqqında çox gözəl sözlər yazır səni tanıyanlar, əminəm dedikləri qədər varsan. O zaman üz-üzə oturanda nə ağlıma gələrdi bir qəhrəmanla üzbəüz oturmuşam və altı il sonra Yasamalın küçələrində sənin şəninə deyilən şüarları eşidəcəyəm…

Çox heyif! Ruhun hüzur tapsın!"


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər