Ötən gün 18 sentyabr – Milli Musiqi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ordumuza dəstək nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, teatrın kollektivi vətən uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra səhnədə teatrın simfonik orkestrinin müşayiəti ilə bütün kollektivin ifasında Dövlət himni səsləndirilib.
Teatrın direktoru Əliqismət Lalayev son hadisələrlə əlaqədar yeni mövsümün açılışı ilə bağlı planlarda dəyişiklik olduğunu diqqətə çatdırıb:
"Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə hər il 18 senytabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Biz bu gün XIV Üzeyir Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada olmalı idik, teatrımızın 113-cü mövsümünün açılış mərasimi Şuşada keçirilməli idi. Lakin erməni təxribatı nəticəsində şəhid olan oğullarımıza ehtiram əlaməti olaraq yeni mövsümün açılışı ilə bağlı planlarlarımızda dəyişiklik etdik.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bu gün – Milli Musiqi Günündə ölkənin bütün mədəniyyət ocaqlarında Azərbaycanımızın ali musiqisinin – Dövlət himninin eyni anda səslənməsi çox gözəl və unudulmaz hadisə oldu. Bu, müqəddəs vətənimizə, dövlətimizə sədaqət, şəhidlərimizin ruhuna sonsuz hörmət, şanlı ordumuza sevgi və böyük Üzeyir bəyin xatirəsinə verilən dəyərdir".
Musiqili Teatrın hər zaman ordumuzun yanında olduğunu bildirən direktor əsgərlərimizlə fəxr etdiyini deyib.
"Əbəs yerə teatrımız "Döyüşən teatr" adlandırılmayıb. Biz hər addımda dövlətimizin, onun Ali Baş Komandanının və müzəffər ordumuzun yanındayıq"- Lalayev qeyd edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 113-cü mövsümü "Bir nəfəs qədər" tamaşası ilə açacaq.