8 Oktyabr 2022 09:06
3 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli sirk ustası Allahverdi İsrafilov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Allahverdi bəy, Bakı Sirkinin yetirməsisiniz?

- Mən sirk aləmində məşhur olan İsrafilovlar sülaləsinin nümayəndəsiyəm. Atam, əmim karyerasını Bakı Dövlət Sirkindən başlayıb. Atam heyvanlarla işləyib, əmim hava gimnastı olub. Mənim də yolum bu sirkdən başlayıb.

- İlk dəfə nə vaxt səhnəyə çıxmısınız?

- Səhnəyə 1992-ci ildə 14 yaşımda çıxdım. İlk çıxışım Sabir Səmədovun rəhbərliyi ilə “Azərbaycanın cigitləri” atçılıq akrobatika ansamblında atçılıqla başlayıb. Sirkdə dörd janr üzrə çalışmışam: cigitlər, lövhə üzərində, akrobat və hava gimnastı. Altı ildən sonra kəmərlərdə “Od adamı” adlı solo hava nömrəm yarandı. Amma karyeramı Rusiyada davam etdirdim.

- Rusiyaya gedişiniz necə başa verdi? Sizin nömrənizi bəyənib dəvət etmişdilər? Yoxsa təhsil dalınca getmişdiniz?

- Bakı Dövlət Sirkindəki işimə görə məni bəyənib Rusiyaya dəvət etdilər. Rusiyanın müxtəlif sirklərində çalışdım. İşlərimi təkmilləşdirdim, peşəkarlaşdım. 2004-cü ildə isə həyat yoldaşımla (Qolovaçeva Qalina Yuriyevna-red.) hava nömrəsini yenilədik və birlikdə çıxış etməyə başladıq. “Hava adagiosu” adlanan bu nömrə bir çox mükafatlara layiq görüldü.

Avropa ölkələrində, Yaponiyada, hətta Avstraliyada qastrol səfərlərində olmuşuq.

“Monako şahzadəsi dedi ki, birinci xanımınız çox gözəldir”

- Siz Monte-Karloda keçirilən Dünya Beynəlxalq Sirk Festivalında Sirk Oskarına layiq görülən azərbaycanlısınız. Orda da bu nömrəylə çıxış etmişdiniz?

- Bəli, ümumiyyətlə sirk artistləri karyeları boyunca bir-iki nömrə təqdim edirlər. Teatrda aktyor müxtəlif obrazlarda çıxış edə bilər, amma sirk artistində belə deyil.

Moskva Sirkində “Qızıl Buff” festivalında çıxış edərkən Monako şahzadəsi Stefaniyə festivaldakı nömrələr barədə məlumat verilmişdi. Videonu görəndən sonra başda şahzadə olmaqla bir qrup heyət Rusiyaya gəldi. Onlar bizi Monte-Karloda keçirilən festivala dəvət etdilər.

Monte -Karlo festivalı sirk festivalları arasında ən nüfuzlusu sayılır. Hər il Monakoda keçirilir və müsabiqə formasındadır. Festival Monako şahzadəsi Stefani və onun qardaşı, Monako şahzadəsi II Albertin himayəsi altında keçirilir və uzun illərdir kuratorluğu da onlar edirlər. Arzum hər zaman o mükafatı qazanmaq idi və nəhayət, 2012-ci ildə Sirk Oskarını qazandım.

- Monako şahzadəsi ilə görüşünüzü necə xatırlayırsınız?

- “Qızıl buff” festivalında şahzadə Stefani elə bilirdi ki, mən Rusiyanı təmsil edirəm. Nömrəmizə tamaşa edəndən sonra məni otağa çağırdılar. Orada şahzadəylə görüşdüm və dedim ki, Rusiyada işləyirəm, amma əslən Azərbaycandanam. Şahzadə Stefani dedi ki, Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Sizin çox gözəl şəhəriniz var.

"Roma Papasının verdiyi pulu..."

- Siz festivalda Rusiyanı, yoxsa Azərbaycanı təmsil edirdiniz?

- Azərbaycanı təmsil edirdik. Hətta orada Azərbaycan bayrağını da görə bilərsiniz. Bizim nömrə “Sən gəlməz oldun” kompozisiyasının sədaları altında hazırlanmışdı. Şahzadə Stefani musiqidən çox təsirlənmişdi, hətta çıxışımız zamanı mahnını zümzümə edirdi.

Həmin festivalda Roma Papası XVI Benediktlə də görüşmüşəm. Festival çərçivəsində “Ümumdünya katoliklər günü”ylə əlaqədar Roma Papasının da iştirakıyla tədbir keçirilirdi. Orada maraqlı bir hadisə baş verdi. Tədbirdə çıxış edəndən sonra bizə pul təqdim etdilər. Amma mən o pulu geri qaytardım. Çünki xeyriyyə məqsədiylə təşkil olunmuş tədbir idi və tamaşaçılar da papalar idi.

Təsəvvür edin, 7 min insan hamısı da eyni geyimdə... Bu baxımdan mən o tədbirdə kommersiya məqsədilə çıxış etmirdim. Ona görə pulu geri qaytardım və onlar çox təəccübləndilər. Hətta bizi görmək, tanış olmaq istədilər.

Papa özü şəxsəm mənimlə görüşdü və dedi ki, onu əsas heyrətləndirən mənim pulu geri qaytarmağım olub. Soruşdu ki, hansı dindənsən, dedim ,müsəlmanam və bizim adətimizə görə Allahla, məscidlə əlaqəli hər hansı iş, tədbir pulla ölçülmür.

- Allahverdi bəy, festivalda Azərbaycanı təmsil etdiyinizə görə sizə etiraz edən oldumu?

- Bir az başımı ağrıtdılar. Ruslar dedilər ki, axı, siz bizim sirkin işçisinisiz. Dedim, işçi olanda nə olar? Dünyada müxtəlif liqalarda çalışan boksçular var ki, hamısı öz millətini, dövlətini təmsil edir.

Rusiyada çempion çoxdur, amma Azərbaycanda yoxdur. Bütün festivallarda Rusiya sirkindən çıxıb Azərbaycanı təmsil edirdik. Çünki biz əvvəldən Bakı Dövlət Sirkinin artisti olmuşuq.

Yaponiyada, İtaliyada, Fransada festivallarda uğurla iştirak etmişik, Moskvada dəfələrlə qalib olmuşuq. Əvvəllər üçüncü və ikinci yerləri qazanırdıqsa, təcrübəmiz artdıqca birinci yerlərə yüksəldik.

"Qızımın hər an təhlükələrlə yaşamasını istəmədim"

- Sizin davamçınız varmı?

- Bir qız övladım var, rəssamdır.

- Deməli, sənət davamçınız yoxdur...

- Bizim sənətdə hər an çətinliklərlə, təhlükələrlə üz-üzə yaşayırsan. Qızımın da bunları yaşamasını istəmədim.

- Amma o təhlükələri həyat yoldaşınızla birgə keçmisiniz. Başınıza gələn maraqlı əhvalat varmı?

- Bilirsiniz, hava gimnastikası ilə məşğul olan çox sayda sirk artisti var. Onları bir-birindən fərqləndirən nömrə daxilində etdikləri tryuklardır.

Nömrənin sonunda etdiyim tryuku indiyə qədər heç kim təkrarlamayıb. Təsəvvür edin, çıxışım zamanı kəmərlərin uzunluğu beşcə santimetr uzun olsaydı mən ölə bilərdim. Dəfələrlə yığılmışam, zədələr almışam, amma nə yaxşı ki, Allah hər zaman yanımda olub və məni qoruyub.

Dediyim o tryuku məşq etmək mümkün deyil. Bu cür təhlükəli bir anı ancaq fanat olasan ki, insanları heyrətləndirmək adına edəsən. Tryuku izah etmək bir az çətindir.

Bu şəkilə baxın, görürsünüz mən yoldaşımın əlindən tutmuşam. Təhlükəli anlarımızdan biri də odur ki, mən onun əlindən yox, bir barmağından tutub, tryuku sona qədər həyata keçirirəm. Bu həddən artıq riskdir.

"Sirk Oskarını əldə edəndən sonra missiyam bitdi"

- Sirk artisti kimi karyeranızı nə vaxt bitirmisiniz?

- 2014-cü ildə Çində keçirilən festivalda ikinci yerə layiq görüləndən sonra karyeramı bitirdim. Çünki yaş öz işini görür. 40 yaşında gimnast üçün havada tryuklar etmək çox çətinləşir. Yaxud etsən də əvvəlki səviyyədə olmayacaq və illərdə qazandığın adını, markanı saxlaya bilməyəcəksən.

Bu işə başlayanda əsas arzumuz sənətdə ən pik səviyyəyə qalxmaq idi. Bunun üçün gərək sənətin fanatı olasan. Sirk Oskarını əldə edəndən sonra sanki missiyamı həyata keçirmiş oldum.

2014-cü ildən də “Sirk Triumf” şirkətinin həm bədii rəhbəri, həm də baş direktoruyam. Rəhbərliyim altında həm Rusiya, həm də xarici artistlərin iştirak etdiyi 39 sirk proqramı hazırlanıb və indiyə kimi dünyanın bir çox ölkələrinə qastrol səfərlərimiz olur.

Hazırda Bakı Dövlət Sirkində yeni proqram təqdim edəcəyik. Çox maraqlı nömrələr olacaq və hətta onu da deyim ki, bizim sirkdə ilk dəfə Kuba ulduzu Elqis canlı musiqilər ifa edəcək.

Azərbaycan sirkinin böyük tarixi var. Və gələcəkdə daha gözəl tarixlərin yazılması üçün bütün gücümüzü sərf edəcəyik.

- Düşünmək olar ki, bu, Bakıya uzunmüddətli səfərinizdir.

-Bəli, vaxtaşırı proqramlar dəyişəcək. Çalışacam həmişə burada olum, işlər nəzarətim altında həyata keçsin. Öz dünya təcrübəmdən istifadə edərək Azərbaycanda sirk sahəsində çox maraqlı işlər görmək istəyirəm.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər